XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Adil Vəliyev icra başçısı gələndə ümid elədik ki..." -ŞİKAYƏT

"Adil Vəliyev icra başçısı gələndə ümid elədik ki..." -ŞİKAYƏT

"Adil Vəliyev icra başçısı gələndə ümid elədik ki..." -ŞİKAYƏT
20-10-2017, 12:44

Bakının neft kəndi Balaxanının yolları qızıldan olmalıydı. Yerli sakinlər belə deyirlər. Onların sözlərinə görə, taleyin ironiyasıdır – asfalt zavod fəaliyyət göstərən kənddə yolları acınacaqlı gündədir.
2018-ci il yaxınlaşır və neft kəndinin camaatı hələ də Balaxanıda asfalt görməyiblər. Sakinlər danışırlar ki, bilmirsən bu vəziyyətə güləsən yoxsa ağlayasan: “Balaxanı nefti olan kənddir. Bizim yollarımızla ucqar dağ kəndinin yollarının fərqi olmalıydı ya yox? Amma Qubanın Xınalıq kəndinin yolu şüşə kimidir, Bakının ən yaxın kəndində isə hər yer çala-çuxurlardan ibarətdir.
Görəsən nefti dünyaya daşınan kəndin camaatını heç olmasa yaxşı yola haqqı çatmırmı? Azərbaycanda heç bir məmurun evinə gedən yol dəlmə-deşik, çala-çuxur, yamaq-yamaq deyil.
Balaxanıda isə yol qalmayıb. Qabaqdan da qış gəlir, hələ bu jurnaldır, kino irəlidədr. Hər il eyni zülmü çəkirik, hər il eyni məsələni mətbuat işıqlandırır, hər il də cavabdeh şəxslər biveclik edirlər”.
Balaxanılılar deyirlər ki, indiyə kimi neçə dəfə kəndin yollarının asfaltlanmasına maliyyə ayrılıb. Di gəl ki, o pullar da yoxa çıxıb, iş də görülməyib.
Kənd camaatı razıdır ki, ayrılan vəsait məmurlar arasında bölüşdürülüb mənimsənilsin, ancaq heç olmasa bir az da o puldan xərcləyib yolları hamar eləsinlər: “Uşaqlar məktəbə gedə bilmir, maşınlar qışda hər həftə usta yanına gedir, qoca, xəstə zülm çəkir. Dizə qədər palçıq olur, heç qaloş geymək də çarə deyil. XXI əsrdə Bakının nefti olan kənddə qaloş geyinirlərsə, görün nə gündəyik”.
Sakinlər deyirlər ki, Sabunçu Rayon İcra Hakimiyyətinə illərdir müraciət edilir: “Kəndin girəcəyini qaşıyıb yolu bir az asfaltladılar. Halbuki, girişdə yolu asfalt eləməyə ehtiyac yox idi. Kəndin içi isə dağılıb.
Bir baxan yoxdur. Balaxanıda üç asfalt zavod var. Nə icra nümayəndəliyi, nə bələdiyyə asfalt zavodların birindən asfalt gətirib tökmür yollarımıza.
İcra hakimiyyəti də maraqlanmır. Adil Vəliyev icra başçısı gələndə ümid elədik ki, yollarımızı düzəldəcək.
İlk vaxtlarda fəal idi, iş görürdü, dedik yəqin Balaxanı camaatının dərdinə şərik çıxar. İndi yorulmuşuq, heç müraciət də eləmirik, xeyri yoxdur”.
Balaxanıda 15 minə yaxın insan yaşayır. Paytaxtın ən qədim kəndlərindən biridir. Amma neftlə zəngin kənddə yollar Suriyanın İdlib, Hələb, Rakka şəhərlərinin İŞİD-in işğalından sonrakı yollarını xatırladır.
Kənd camaatı Sabunçu RİH-dən, “Azəravtoyol” ASC-dən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xahiş edirlər ki, lüks avtomobilləri ilə Balaxanıya gəlsinlər: “Gəlib görsünlər ki, onların laqeydliyi ucbatından biz hansı əzabı çəkirik. Maşından düşüb bir ayaqlarının altına baxsınlar.
Heç kəs uşağının, ailəsinin bu yoldan gəlib-getməsini istəməz. Vallah, biabırçılıqdır. Bizim yollarımız qızıldan olmalıydı, heç asfaltdan da deyil.
Dünyadakı enerji, neft şirkətləri, Azərbaycanla neft müqavilələri bağlayanlar bilsəydilər ki, neft çıxan kəndin yolları nə gündədir, ağlayardılar…”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.