XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Üzən Binəqədi”yə çarə axtarılır

“Üzən Binəqədi”yə çarə axtarılır

“Üzən Binəqədi”yə çarə axtarılır
10-10-2017, 12:33

“Azərsu”rəsmisi: “Üç gündür ki, ərazidə intensiv işlər aparırıq”
Bakıya ötən həftə yağan aramsız yağışlar nəticəsində Binəqədi rayonu yenidən su altında qaldı. Bir neçə ildir ki, Binəqədi sakinləri hər yağışdan sonra su içərisində qalmağa öyrəşiblər. Sosial şəbəkələrdə paylaşılan şəkillərdən belə aydın olur ki, bu yağışlardan sonra Binəqədinin bütün ərazilərində su gölməçələri yaranıb.
Hələ 2014-cü ildə Avropa Oyunlarına hazırlıq məqsədilə Bakının Binəqədi rayonunda həyata keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində xeyli işlər görülmüşdü. Rayon icra hakimiyyəti tərəfindən ərazi tullantılardan təmizlənir, yenidənqurma işləri aparılırdı. İşlərə könüllü gənclər də cəlb edilmişdi. Lakin yayda təmizlənən “Təmiz Binəqədi” çox keçmədən, payız yağışlarının altında qalıb yenidən gölməçəyə döndü.
Hazırda 2017-ci ildir və dəyişən heç nə yoxdur. Bəs, Binəqədinin hər yağışdan sonra su altında qalmasının səbəbi nədir?
İndiyə qədər bu istiqamətdə xeyli müzakirə gedib. Məsələn, bildirilirdi ki, Binəqədinin su altında qalmasının səbəbi Böyükşor gölünün bir hissəsinin qurudulmasıdır. Doğrudan da hazırda su altında qalan hissə bir zamanlar göl olub. Ümumiyyətlə, Binəqədi ilə bağlı internetdə axtarış verən zaman daha çox su basmaları ilə bağlı xəbərlər çıxır. Obrazlı desək, “üzən Binəqədi”, “Təmiz Binəqədi”ni üstələyib…
Binəqədidə yaşayan jurnalist Əvəz Zeynallı “Yeni Müsavat”a bildirib ki, subasmanın səbəbi rayon ərazisində kanalizasiya sisteminin olmamasıdır: “Həm qəsəbə sularını, həm də yağış sularını daşıyan kanalizasiya sistemi yoxdur. Bu günlərdə ərazinin su basmasının səbəbi odur ki, Sumqayıtdan, Xırdalandan gələn yağış sularını Binəqədiyə buraxıblar. Böyükşor gölünün qurudulması və digər bu kimi məsələlər sadəcə olaraq, ümumi faktorlardan biridir. Məsələ burasındadır ki, su Böyükşor gölünə qədər gedirdi. Yeni torpaqlar doldurulur, satılır bəs kanalizasiya sistemi niyə düşünülmür? Əhali ev tikəndə bir daş qoyan kimi gəlib, rüşvət istəyirlər. Rüşvəti alırsansa, kanalizasiya sistemini niyə qurmursan? Bələdiyyə, icra nümayəndələri ilə danışdım. Onlar dedilər ki, bundan sonra Xırdalandan gələn yağış suları Xocasənə gedəcək. Demələrinə görə, daha ərazini su basmayacaq. Prezident demişdi ki, Bakıda 500 min qeydiyyatsız ev var. İndi bu evlərin hamısında əhali yaşayır və gecə-gündüz su işlənir. Bütün bunlar hesablanmalıdır. Binəqədidə yağış suları üçün təzə kanalizasiya çəkiblər. Maraqlanıram, deyirlər ki, bu kanalizasiya yağış sularını aparmaq gücündə deyil. Bəs belədirsə, o zaman niyə çəkirlər? ”Azərsu” ASC açıqlama verdi ki, indiyə qədər bu işləri onlar görmürdülər. Ancaq bundan sonra işə qarşıblar. Göründüyü kimi şəhəri idarə edən qurumlar arasında koordinasiya yoxdur. Sadəcə olaraq, pul silməklə məşğuldurlar”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov “Yeni Müsavat”a söyləyib ki, Bakıda subasma halları çoxalıb: “Ancaq konkret olaraq Binəqədidəki vəziyyətin bizə heç bir aidiyyəti yoxdur. Biz sadəcə olaraq həmin ərazilərdə monitorinqlər aparırıq. Binəqədidə vəziyyətin bu həddə çatmasının səbəbi çoxdur. Ancaq qeyd etdiyim kimi bu, bizim işimiz deyil. ”Azərsu” ASC və digər qurumlar buna nəzarət etməlidirlər. Keçən il Məhəmmədi gölü bütün ətraf əraziləri basmışdı. Məsələni ictimailəşdirdik və Nazirlər Kabineti orada işə başladı. Hazırda isə göldə suyun səviyyəsi tamamilə aşağı salınıb. Binəqədidə də işlər görülməlidir”.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə qəzetimizə bildirdi ki, Binəqədidə artıq qızğın işlər görülməkdədir:
“Binəqədidə Biləcəri yolunun aşağı hissəsindən Böyükşor gölünə qədər vaxtilə açıq kanal olub. Həm qrunt, həm yağış həm də digər suların hamısı kanal vasitəsilə gölə axıdılıb. Ancaq sonradan həmin kanalın üzərində kifayət qədər böyük həcmdə tikililər aparılıb, xəttə müdaxilələr edilib. Elə yerlər var ki, orada açıq kanalın bəzi yerləri borulara salınıb. Ona görə də kanal suyu tam həcmdə ötürə bilmir. “Azərsu” rəhbərliyi Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birlikdə hadisə yerində olub. Artıq biz 3 gündür ki, orada işlərə başlayıb, yeni bir marşrut müəyyən etmişik. Həmin marşrut üzrə işlərimizi aparırıq və Böyükşor gölünə çatmağımıza çox az qalıb. Təxminən 1 kilometrdən artıq xətdir. Eyni zamanda harada ki, tullantılar, daşla, torpaqla dolan xətlər varsa, onları da təmizləyirik. Obyektlərin altında qalan xətlərə gəlincə isə onların da yanından keçməklə yeni bir açıq kanal tikirik. İşləri yaxın günlərdə yekunlaşdıracağıq. Artıq orada qrunt, yağış sularının əhalinin evlərinə dolmasının qarşısını alacağıq. İndinin özündə də orada intensiv işlər görülür. Binəqədi Rayon İcra Hakimiyyətinin və “Azərsu” ASC-nin əməkdaşları orada işləyirlər. Şəxsən mən də bu gün səhər saatlarında 3 saat orada olub, işləri müşahidə edib, fotolar çəkmişəm. Biz orada monitorinqlər aparıb, ümumi vəziyyəti də öyrənirik. Qamış, torpaqla dolmuş kanalları təmizləyirik ki, subasma hallarının qarşısı alınsın. Bir məsələni də qeyd edim ki, kanal “Azərsu” ASC-nin balansında olan kanal deyil. Sovet dövründən çəkilmiş Neft və Qazçıxarma İdarəsinin xüsusi bir kanalıdır. Bu gün də demək olar ki, baxımsız vəziyyətdədir. Bizim qurum da Binəqədi Rayon İcra Hakimiyyəti ilə birlikdə əhalinin müraciətlərini nəzərə alıb, ora əlavə texnika, xüsusi maşınlar cəlb edib ki, insanları vəziyyətdən çıxaraq”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.