SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tarix dərsliyi ətrafında qalmaqal böyüyür: «Onu yazanın özü ermənidir...»

Tarix dərsliyi ətrafında qalmaqal böyüyür: «Onu yazanın özü ermənidir...»

Tarix:

7-10-2017, 16:13

/ 86 998 dəfə oxundu.
Tarix dərsliyi ətrafında qalmaqal böyüyür: «Onu yazanın özü ermənidir...»

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə X sinif rus bölməsi üçün hazırlanan dərsliklərdə Azərbaycan xəritəsinin Ermənistanın daxilində göstərilməsi ilə bağlı xəbərlər yayılıb. Məlumatlarda sözügedən xəritənin guya ermənilərin xülyası olan “Böyük Ermənistan” xəritəsi olduğu qeyd olunur.
Məsələ ilə bağlı "Qaynarinfo"ya danışan təhsil eksperti, adıməkilən dərsliyin müəlliflərindən biri Kamran Əsədov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirdi:
“Bu il ilk dəfə olaraq X siniflər üçün hazırlanan dərsliklər kurikulum standartlarına uyğun olaraq yazılıb. Buradakı materiallar da bu səbəbdən əvvəlkilərdən fərqli olmalı idi. Çünki 2008-2009-cu illərdə qəbul olunan standartlara görə tədris proqramı IX sinifdə başa çatmalı, X-XI siniflərdə isə aşağı siniflərdə keçirilən mövzular istifadə edilməmiş materiallar əsasında daha dərin bir şəkildə tədris olunmalıdır. İnsanın olduğu istənilən işdə nöqsan ola bilər, amma o qüsur əsas odur ki, milli, ideoloji və siyasi olmasın. Artıq neçə gündür ki, sosial şəbəkələrdə yalnız və yalnız rus bölməsi üçün tərtib olunan Ümumi tarix kitabının 32-ci səhifəsində, yəni Roma mövzusunda Romanın e.ə. II əsr və bizim eranın II əsrinə aid dövrü əhatə edən xəritəsi paylaşılır ki, həmin xəritədə Ermənistanın da adı var.
Təəssüf ki, bəzi tarixdən xəbəri olmayanlar, amma hər hansısa bir məsələdən özünün siyasi ambisiyası üçün istifadə edənlər qeyd edirlər ki, burada söhbət indiki Ermənistanın dediyi "dənizdən dənizə" xəritəsi göstərilib. O insanların heç birinin tarixdən xəbəri yoxdur, həmin insanlar sabun köpüyüdürlər və onlar Azərbaycan dövlətçiliyinin düşmənləridirlər. Çünki 7 cildlik Azərbaycan tarixinin I cildində, həmçinin VII sinif Azərbaycan tarixi dərsliyində qeyd olunub ki, e.ə. 66-65-ci illərdə Roma sərkərdəsi Pompeyin yürüşü vaxtı, həmçinin e.ə. 20-ci ildə romalılar bu əraziləri özlərinə tabe ediblər. Həmin mövzuda da heç kimin xəbəri olmadan yalnız xəritəni götürürlər ki, orada Ermənistan adı var. Bilirsiniz, qısa müddətdə ortaya çıxan dərslikdə müəyyən texniki qüsurlar ola bilər. Təbii ki, bu, xoşagələn hal deyil, amma oradakı məsələ heç də savadsız şəxslərin qeyd etdiyi "dənizdən dənizə Ermənistan" deyil, Romanın xəritəsidir.
Ekspert sosial şəbəkələrdə bu tip informasiyaları yayanları savadsız, ermənipərəst adlandırıb. O, bildirib ki, dəsrliklərimiz kifayət qədər savadlı şəkildə yazılıb və bütün standartlara cavab verir:
"Bəzi savadsızlar, çobanlar, heç orta məktəbi normal oxuya bilməyənlər, bu gün hansısa yolla məşhurlaşanlar qeyd edirlər ki, bu, Ermənistanın xəritəsidir. Siz Ermənistan dövlətini bu qədərmi böyütdünüz ki, Roma kimi 3 qitədə olsun?! 359-cu ildə Amid döyüşündə, 371-ci ildə Dzirav döyüşündə romalıların müttəfiqi kimi ermənilər, Sasanilərin müttəfiqi kimi isə albanlar çıxış edib. Yəni, Roma konkret olaraq bu əraziləri özünə tabe etmişdi və orada digər dövlətlərin də əraziləri göstərilib. Ümummilli lider Heydər Əliyev həmişə deyib ki, tarixi olduğu kimi yazmaq lazımdır. Romaya tabe olan ərazilər sırasında Ermənistanın da adının yazılması heç də ermənilərin tarixdə güclü bir dövlət olması anlamına gəlməməlidir. Bu qədər savadsız, bu qədər gerizəkalı şəkildə bu məsələyə yanaşmaq, hesab edirəm ki, doğru deyil. Problemin əsas qaynağı odur ki, bizim Azərbaycan dilində kifayət qədər resurslarımız yoxdur. Dərsliklər də yazılarkən təəssüf ki, daha çox rusdilli mənbələrdən istifadə olunur. Yaxşı olardı ki, həmin ərazidən Ermənistan adı silinsin. Necə ki, Azərbaycan bölməsi üçün yazılan dərslikdə bu, yoxdur.
Lakin dediyim kimi bəzi savadsızlar məsələni həddindən artıq qabardırlar. Həmin informasiyanı yazanın özü ermənidir, özü erməni dəyirmanına su tökür. Dərslik kifayət qədər standartlara uyğun şəkildə yazılıb. Bizdə bir ermənifobiya var. İnanın ki, bu, düzgün mübarizə forması deyil. Ayıbdır. Ermənilər baxacaqlar ki, biz dərslikdə Ermənistan adını işlətməyə qorxuruq. Dediyim kimi bu, şişirtməli məqam deyil. Onu yazanlar müğənnidirlər, şou-biznes adamlarıdırlar və tarixdən heç bir xəbərləri yoxdur. Boş vaxtımda yanıma gəlsinlər, onların hamısına tarix dərsi keçim. Yazıqdırlar. Ortalıqda, onun-bunun ayağının altında qalıb əziləcəklər”.

- Kitabın müəllifləri sırasında sizin də adınız var.

- Bəli. Mən Azərbaycan bölməsi üçün yazılan eyniadlı dərsliyin müəlliflərindən biriyəm. Rus bölməsi üçün yazılana mən baxmamışam, çünki rus dilini bilmirəm.
Tarix dərsliyi ətrafında qalmaqal böyüyür: «Onu yazanın özü ermənidir...»
Tarix dərsliyi ətrafında qalmaqal böyüyür: «Onu yazanın özü ermənidir...»
Tarix dərsliyi ətrafında qalmaqal böyüyür: «Onu yazanın özü ermənidir...»

Şərhlər

XƏBƏR LENTİ