SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qarabağda minomyot müharibəsi: düşmən mərmi yağdırdı, cavabını aldı

Qarabağda minomyot müharibəsi: düşmən mərmi yağdırdı, cavabını aldı

Tarix:

17-01-2017, 08:58

/ 1 751 dəfə oxundu.
Qarabağda minomyot müharibəsi: düşmən mərmi yağdırdı, cavabını aldı

Azərbaycanın Müdafiə Nazirliyindən xəbərdarlıq: “Cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Qarabağ cəbhəsində də gərginliyin artacağı ilə barədə ehtimallar özünü doğrultmaqdadır. Ötən ilin sonlarında Serj Sərkisyan hakimiyyətinə güzəştli sülhlə bağlı təkliflər verən müxalifət lideri, sabiq prezident Levon Ter-Petrosyanın dediklərinin əksinə olaraq, İrəvan cəbhədəki durumu günbəgün ağırlaşdırmaq siyasəti yürütməkdədir.

Azərbaycanın Müdafiə Nazirliyi yanvarın 15-i axşamdan etibarən vəziyyətin gərginləşdiyi barədə məlumat yayıb. Məlumata görə, Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib. Bazar günü axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə cəbhənin Tərtər-Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Məlumatda deyilir ki, hərbi qulluqçularımız arasında itki yoxdur. Nazirlik xəbər verir ki, düşmən tərəfinin aktivliyinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri həyata keçirərək onu susdurub. Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Hazırda cəbhəboyu zonada əməliyyat şəraitinə bölmələrimiz tam nəzarət edir və atəş xəttində üstünlük qoşunlarımızın tərəfindədir.

Qeyd edək ki, bundan əvvəl Qarabağ cəbhəsində ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1980-ci il təvəllüdlü Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub. Ötən ilin 29 dekabrında erməni diversiya qrupunun qarşısını alarkən həlak olan əsgərimiz Qurbanov Çingiz Salman oğlunun meyiti isə hələ də düşmən əlindədir və İrəvan çağırışlara məhəl qoymayaraq hərbçimizin nəşini qaytarmaqdan imtina edir.

*****


İşğalçı ölkənin azğın davranışları isə hər an dəhşətli müharibənin başlaya biləcəyini deməyə əsas yaradır. Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun sözlərinə görə, cəbhə xəttində aprel döyüşlərindən də genişmiqyaslı döyüşlər başlaya bilər (unikal.org). Artıq heç kim şübhə etmir ki, Qarabağ cəbhəsində və Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən toqquşmalar Serj Sərkisyanın ssenarisinə uyğun olaraq reallaşdırılır və birmənalı şəkildə düşmənin təxribatıdır.

Ermənistan prezidenti bu yolla bir neçə hədəfə çatmaq istəyir. Gərginliyin artması Sərkisyana opponentlərinin güzəştli sülh barədə iddialarına ən tutarlı cavabdır. Baş verənləri əsas gətirən S.Sərkisyan Azərbaycanla sülhə gəlməyin “mümkünsüzlüyünü” iddia edəcək və gərginliyə görə şübhəsiz ki, birmənalı şəkildə Bakını günahlandıracaq.

Digər tərəfdən, erməni prezident apreldə keçiriləcək parlament seçkilərində hakim partiyanın qalib gəlməsi üçün arqumentlərini gücləndirmək niyyətindədir. Cəbhədəki gərginlik Sərkisyana seçkilərə diqqəti azaltmaq, saxtakarlıq yolu ilə istədiyi nəticəyə nail olmaq fürsəti də yaradır.

Elə parlament seçkilərinin aprel döyüşlərinin ildönümünün tamam olduğu günə təyin olunması da buna xidmət edir. Ermənistan rəhbərliyinin məkrli planları barədə artıq ermənilər özləri də danışmağa başlayıb. Ölkədəki fəlakətli vəziyyətin baiskarının S.Sərkisyan iqtidarı olduğunu nəinki xaricdəki ermənilər, həm də ölkədəki ekspertlər də dilə gətirir.

“20 il bizə yalan danışdılar ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub. Yalnız vaxtı uzatmaq qalır”. Bunu erməni politoloq Aqasi Yenokyan deyib (publika.az). Onun sözlərinə görə, 2016-cı il ermənilərə Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyini xatırlatdı: “Əvvəl biz yaşayırdıq, işləyirdik və 20 il boyunca dövlətin o fərziyyəsinə inanırdıq ki, münaqişə həll edilib, sadəcə, vaxtı uzatmaq lazımdır.


Aprel müharibəsi isə göstərdi ki, illər boyu bizə yalan danışıblar və hər şey deyildiyi kimi deyil. Belə çıxır ki, bizim gözlərimizi açdığı üçün düşmən hesab etdiyimiz Azərbaycana minnətdar olmalıyıq”. Erməni politoloq qeyd edib ki, Ermənistan münaqişənin həlli üzrə hərəkət etmir. “Aprel müharibəsindən sonra Qarabağ münaqişəsinin nizama salınmasında iki mərhələ baş verdi. Birinci mərhələdə Ermənistan münaqişənin həll olunması məsələsinə razılaşdı. İkinci mərhələdə isə Azərbaycan təmasları artırmaq istiqamətində işlədi, lakin Ermənistan görüşlərdən çəkindi. Hərbi paradda hakimiyyət ”İsgəndər"ləri nümayiş etdirərək, bizi əmin etməyə çalışdı ki, Azərbaycandan üstünük.

Lakin reallıq fərqlidir. Həmçinin ərazilərin qaytarılması məsələsi gündəmə gəldi. 2017-ci ildə Ermənistanda seçkilər gözlənilir və güman ki, ərazilərin qaytarılması, münaqişənin həlli məsələsi əsas müzakirələrdən biri olacaq. Bütün bunlara baxmayaraq, bizim münaqişənin həlli istiqamətində hərəkət etmədiyimiz dəqiqdir", - o bildirib.

Hələ ki Sərkisyan cəbhədəki gərginlikləri, qarşıdakı itkiləri məzuniyyətdən izləyir. Qarabağ dalğası ilə hakimiyyəti qəsb edən cani prezident hakimiyyətinin ömrünü uzatmaq üçün mümkün variantlardan istifadə edəcək. Hətta 1 mart olayında olduğu kimi, İrəvan küçələrində ermənilərin qanı axsa da...

Şərhlər

XƏBƏR LENTİ