SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 340 min bankdan necə çıxarılıb?

340 min bankdan necə çıxarılıb?

Tarix:

2-10-2017, 10:55

/ 36 753 dəfə oxundu.
340 min bankdan necə çıxarılıb?

Analığına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam edib. Nazim Zülfüqarov analığı Gülrux Əliyevanın külli miqdarda pulunu ələ keçirməkdə təqsirli bilinərək həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1981-ci iltəvəllüdlü Nazim Zülfüqarovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib.

O, deyib ki, Nazim Zülfüqarovu 7 yaşından tanıyıb və bir ailənin üzvü kimi münasibətləri yaxşı olub: "Çox yaxşı gediş-gəlişimiz olub. Münasibətlərimiz elə yaxşı olub ki, onun mənə nə zamansa pislik edəcəyini düşünməmişəm. Yoldaşım rəhmətə gedəndən sonra da münasibətlər yaxşı idi. Mənim evim Xətaidə yerləşirdi. 1993-cü ildə zavodda işləyəndə növbəyə durub almışdım. Sonradan icazə ilə iki mərtəbə elədik. Plana düşəndə sökdülər. Əslində, mən verilən kompensasiya ilə razı deyildim. Sonda məcbur elədilər, razılaşdım. 340 min bank hesabına köçürüldü”.

Zərərçəkmiş qadın deyib ki, həmin ərəfədə oğulluğu pulu etibarlı və gəlirli şəkildə saxlamaq üçün ona məsləhətlər verib: “Nazim dedi ki, pulu dollarla banka qoyaq və 6 ay faiz verilsin. Nazim dedi ki, bununla da mebellərin pulu çıxar. Nazimin çox yaxşı fikirləri var idi. Təklif elədi ki, pulun bir hissəsini də Beynəlxalq Bankın "Səbail" filialına qoyaq. Orada tanışı olduğunu dedi. 200 min pul götürmüşdük. 100 min Nazimin, 100 min isə qardaşımın oğlu Mirismayılın adına qoyduq”.

G.Əliyevanın dediyinə görə, oğulluğunun dələduzluq əməllərinin üstü ev almaq istəyərkən açılıb: “Bir müddət sonra Nazimə zəng elədim ki, yaxşı bir ev düşüb, onu almaq istəyirəm. Evi kirayəyə verib uşaqların təhsil haqqını ödəmək istəyirdim. Özüm gedib evə baxdım, 1000 manat da beh verdim. Gəlib Nazimdən pulu istədim. Nazim də dedi ki, nəyə lazımdır axı. Deyirdi ki, sonra həmin evi sata bilməyəcəm. Bir neçə gün məni yola verdi. Mən isə israr elədim.

Əvvəl 120 min pulumuz "Zaminbank"da idi. Dedi ki, özəl bank olduğundan pul təhlükədədir, buna görə də pulu Beynəlxalq Banka keçirir. Mən də razılaşdım. Həmin vaxt bankda 70 minim də var idi. Cəmi 190 min olmalı idi. Nazimdən evi almaq üçün həmin puldan istədim. Evi də 61 min manata danışmışdım. O zaman dollar qalxmamışdı. Nazim yenə də mənimlə evə baxmağa getməkdən yayınırdı. Sonra Nazimi məcbur apardım ki, evə baxsın. Birlikdə getdik. Amma evə baxmadı. Orada danışıq zamanı maklerə 3 min manat da özü verdi. Həmin ərəfədə uşağımı xaricdə oxumağa göndərirdim. Bank hesabında pul olduğunu göstərmək lazım idi. Buna görə Nazimdən bankdan çıxarılmış arayış istədim. Nazim arayış verəndə baxdıq ki, hesabdakı pul 70 min göstərilir. Biz dedik ki, bu nədir? Bizim 200 minə yaxın pulumuz var idi axı? Nazim dedi ki, səhv olub. Səhər bir arayış da göndərdi. Orada 190 min göstərilirdi. Onun da saxta olduğu məlum oldu. Nazimə dedim ki, onun adına olan 100 mindən pul versin ki, evi alım. Qardaşımın oğlu Mirismayılın da adına pul var idi. Mirismayıla dedim ki, pul lazımdır və gedib adına olan puldan çıxarsın. O, bankda gedəndə öyrənib ki, pul yoxdur. Nazimə zəng elədim, dedim təcili banka gəl. Nazim həyəcanlandı və dedi ki, getməyin, pulu mən götürmüşəm, həll edəcəm. Mənə dedi ki, bir həftəyə qaytaracam. Dedim, axı sən necə belə bir şey edə bilərsən? Məndən icazəsiz, mənim pulumu hara xərcləyə bilərsən?”.

Məhkəmədə məlum olub ki, N.Zülfüqarov G.Əliyevanın qardaşı oğlu Mirismayılın əvəzindən başqa şəxsə saxta sənədlə etibarnamə verib. Bu etibanamə vaistəsi ilə də Mirsimayılın adına olan pul bankdan çıxarılıb.

G.Əliyeva ifadəsində göstərib ki, N.Zülfüqarov bir müddət sonra həmin 100 mindən 58 minini qatyarıb. Hissə-hissə də 16 min verib.

Zərərçəkmiş qadın bundan sonra digər pullarının taleyi ilə maraqlanıb: “Öyrəndim ki, Beynəlxalq Bankda cəmi 70 minim var. 120 minim yox idi. Bankdan mənə dedilər ki, ancaq 70 min adımda pul var. Amma mən 120 minin faizlərini belə almışam. Bilmirəm, Nazim necə etmişdisə, mən hər ay faizi alırdım”.

Bildirək ki, G.Əliyeva ümumilikdə 340 min dollar zərər gördüyünü qeyd edir.

Nazim Zülfüqarov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs rəsmi sənədi saxtalaşdırması ilə bağlı ittihamı qəbul etsə də, ögey anasının külli miqdrada əmlakını dələduzluq yolu ilə ələ keçirməsi ittihamını qəbul etmir. N.Zülfüqarov növbəti məhkəmə prosesində ifadə verəcək.

Şərhlər

XƏBƏR LENTİ