SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Deyiblər, Qafar müəllimə cinayət işi açılacaq” - VİDEO

“Deyiblər, Qafar müəllimə cinayət işi açılacaq” - VİDEO

Tarix:

21-09-2017, 12:46

/ 101 543 dəfə oxundu.
“Deyiblər, Qafar müəllimə cinayət işi açılacaq” - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün 200 saylı orta məktəb və 43 saylı liseyin direktoru Qafar Hüseynovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı valideynlər aksiya keçirib. Onların aksiya keçirməsinə səbəb olan qərarlardan biri də rus sektorunda oxuyan şagirdlərin dərs saatının dəyşilməsidir.

Etirazçılar əməkdaşımız ilə söhbətlərində bildiriblər ki, bu qərardan sonra valideylər uşaqlarını məktəbə gətirə bilməyib: “Çünki həmin vaxt hər kəs dərsdə olur. Neçə gündür rus sektoru 2-ci sinfin 40 şagirdi məktəbə gəlmir, amma bununla heç kim maraqlanmır. Əvvəl bu şagirdlər də hamı ilə eyni vaxtda dərsə gedirdilər”.

Valideynlər bu məsələni sübut etmək üçün bizimlə birgə məktəbin ikinci mərtəbəsinə qalxdı. Rus sektorunun 2-ci sinfi üçün ayrılan otaqda hazırda başqa bir sinfi dərs keçirdi. Bunu şagirdlər də, müəllim də təsdiqlədi. Valideynlər şagirdlərini dərsə gətirmədiyi üçün sinif boş qalıb.

Bundan sonra məktəbin direktor əvəzi olan Əfqan İsgəndərov ittihamlara cavab verib.

Ə.İsgəndərov açıqlamasında bildirib ki, məktəbin direktoru Qafar Hüseynov xəstəliyi ilə əlaqədar işə çıxmır: “Nə vaxt Qafar müəllimin bülleten vaxtı bitər, onda da işinə qayıdar. Qafar Hüseynovun işdən azad edilməsi haqda əmr yoxdur. Məktəbdə hazırda bütün siniflərdə dərs gedir, hər şey qaydasındadır”.

Ə.İsgəndərov rus sektorunda təhsil alan şagirdlərin saat 12-də dərs gəlməsinin tələb olunmasına belə aydınlıq gətirib: “Bakı Şəhər Təhsil İdarəsinin müvafiq əmrinə görə paralel siniflər eyni növbədə oxumalıdırlar. Ya birinci, ya da ikinci növbədə. Hamı eyni növbədə olmalıdır”.

O, şagirdlərin dərsə gəlməməyinin də araşdırılacağını deyib.

Valideynlərdən biri iddia edib ki, Bakı Şəhər Təhsil İdarəsinin 12 əməkdaşı dünən məktəbə gələrək müəllimləri bir ərizəyə qol çəkməyə məcbur ediblər: “Deyiblər ki, bu ərizə əsasında Qafar müəllimə cinayət işi açılacaq. Qol çəkməyən müəllimələrdən biri dünən işdən azad olunub. Həmin müəllimə rus sektorunda Azərbaycan dili və Ədəbiyyat fənlərindən dərs deyir. O, polislərdən çəkindiyi üçün önə çıxa bilmir”.
Bir neçə valideyn isə Qafar Hüseynovun vəzifəsindən uzaqlaşdırılmasından sonra daha böyük bir problemin ortaya çıxdığını açıqlayıblar. Belə ki, bir müddət öncə məktəbdə və liseydə inklüziv təhsil təşkil edilib və hər sinifdə fiziki qüsurlu olan 4-5 şagird təhsil almağa başlayıb. Həmin şagirdlər üçün də assistantlar təyin edilib.
Aysel adlı valideyn bildirib ki, təhsil idarəsi maliyyə çatışmazlığı olduğu üçün asistantları işdən çıxarır: “Bundan sonra bizim övladlarımız burada təhsil ala bilməyəcək. Uşaq var ki, sağ əli işləmir, onun çantasını asistant açır. Elə uşaqlar var ki, ayaqlarında qüsur var, özü sərbəst yeriyə bilmir. Bu məktəbdə 70 belə şagird var. Onların taleyi necə olacaq? Bizə deyirlər ki, bu bir layihə idi və başa çatdı, götürün uşaqlarını aparın. 4 il eyni sinifdə təhsil alan şagirdi mən necə aparıb evdə oturdum?”

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirib ki, bu məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.

“Qafqazinfo”

Şərhlər

XƏBƏR LENTİ