SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yasamalın icra başçısı vətəndaşı tutdurdu, indi evindən küçəyə atır

Yasamalın icra başçısı vətəndaşı tutdurdu, indi evindən küçəyə atır

Tarix:

4-02-2017, 21:58

/ 2 021 dəfə oxundu.
Yasamalın icra başçısı vətəndaşı tutdurdu, indi evindən küçəyə atır

“1990-cı ildə böyük qardaşım Özbəkistanda təhsilini başa vurub, Bakıya gəldi. İ.Ustinski adlı vətəndaşdan A.Şaiq 79 ünvanında yerləşən 11 saylı mənzili etibarnamə ilə 5000 (beş min) rubla aldı. O zaman Bakı şəhərinə pasport qeydiyyatı ilə bağlı müvəqqəti qadağa olduğu üçün qardaşım daimi pasport qeydiyyatına düşə bilmədi. Buna baxmayaraq o, həmin mənzildə yaşayırdı. Cəbrayıl rayonu 1993-cü ildə işğal olunduğu üçün biz məcburi köçkün kimi Bakıya gəldik və qardaşımın yaşadığı mənzildə məskunlaşdıq”.

Bu sətirləri yolladığı şikayət məktubunda paytaxtın A.Şaiq küçəsi 79 ünvanında yaşayan Cəbrayıl rayon sakini Məmmədov Elşən İsmayıl oğlu yazıb.

Onun sözlərinə görə, 2016-cı ilin iyununda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən bildiriş gəlib: “Yasamal Rayon İcra Hakimiyyəti iddia qaldıraraq bizi məhkəməyə vermişdi. Yasamal RİH-in məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirilirdi ki, yaşadığımız mənzil guya ki, Sona Cavad qızı adlı bir vətəndaşa məxsusdur. Onlar Daşınmaz Əmlakın Dövlət Resyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin verdiyi arayışa əsaslanaraq bu iddianı qaldırıblar.

Həmin arayışda isə Sona Cavad qızının adına olan və mülk sahibliyini təsdiq edən heç bir sənəd göstərilməyib. Biz məhkəmə prosesi zamanı dəfələrlə iddiaçı tərəfdən sənədlər tələb etsək də, onlar heç nə təqdim edə bilmirdilər.

10.08.2016-cı il tarixdə Yasamal RİH-nin başçısı İbrahim Mehdiyev, Maliyyə Nazirliyinin maliyyəyə nəzarət xidmətinin rəisi Cavanşir Yusifov və “Söküntü” komissiyasının digər üzvləri, o cümlədən Yasamal rayon polis idarəsinin əməkdaşları yaşadığımız həyətə gəldilər. İcra başçısı sakinlərin problemi ilə maraqlanırdı, bizimlə də görüşdü.

İcra başçısı ilə söhbət zamanı mən ona bildirdim ki, “İbrahim müəllim, Siz bizi məhkəməyə vermisiz və 15000 (on beş min) manatla faktiki olaraq bizi küçəyə ataraq, evsiz-eşiksiz qoyursuz”. O, bu faktı eşidəndə çox təəcübləndi və buna inanmadığını söylədi”.

E.Məmmədov müraciətində yazıb ki, İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi sənəddə icra başçısının imzasının olduğunu özünə deyəndə, o, yenə də iddia ərizəsində bu məbləğin yazılmasına inanmayıb, etiraz edib:

“Bu zaman Cavanşir Yusifov söhbətə müdaxilə edərək mənim doğru söylədiyimi bildirdi və eyni zamanda da dedi ki, “Sizə heç bu pul da düşmür, sevinin ki, hələ bu məbləği də veririk, çünki bu mənzilin sahibi var”.

Mən ona “evin sahibi varsa, çıxardın ortaya, pulu isə bizə dövlət verir” söyləyərək etiraz edəndə, C.Yusifov “böyük-böyük danışırsan” , “başından yekə danışma” kimi ifadələrlə məni təhqir etdi və mən də onun təhqirinə dözməyib, eyni cavabı verdim.

Bu cavabımdan sonra həm C.Yusifov , həm də onun yanında dayanmış iki nəfər əməkdaş mənim sifətimə yumruq atdılar.

Polis əməkdaşları məni qucaqlayaraq tutdular, bu zaman aralıda dayanmış 43 saylı MKİS-nin rəisi Yusif Əhmədov da bizim üstümüzə hücum çəkdi.

Daha sonra İcra başçısının göstərişi ilə məni həbs etdilər və Yasamal rayon məhkəməsi mənə 5 sutka həbs cəzası verdi. Bu insidentin təhrikçisi Cavanşir Yusifov, onun işçiləri və 43 saylı MKİS-in müdiri Y.Əhmədov isə cəzasız qaldılar”.

Şikayətçi bildirib ki, söküntü komissiyasında , Yasamal RİH-də, Maliyyə Nazirliyində dəfələrlə olsa da, onlar 15000 manatın normal məbləğ olduğunu bildiriblər: “Çox maraqlıdır ki, onlar məhkəməyə təqdim etdikləri iddia ərizəsində göstərdikləri 15000 manat məbləği məhkəmə iclasları arasındakı müddətdə dəyişərək 40000 (qırx min) manata qaldırmışdılar.
Amma məhkəmə iclası zamanı yenidən 15000 manata endirdilər. Məhkəmə zamanı hakim Elçin Məmmədov məbləği nə üçün dəyişdirdiklərini soruşanda, İcra Hakimiyyətinin nümayəndəsi bunu “texniki səhv” adlandırdı. Gülməlidi deyilmi?

Bizim vəsatətimizlə hakim E.Məmmədov Sona Cavad qızının mülk sahibliyi ilə bağlı DƏDRX-in Baki şəhər Ərazi İdarəsinə rəsmi sorğu verdi.

Sorğuya verilən cavabda isə A.Şaiq 79-da yerləşən fərdi evin Sona Cavad qızının adında olduğunu, amma bu ünvanla bağlı onlarda heç bir sənədin saxlanmadığını qeyd ediblər.

Əgər çıxarış (kupça) sənədi yoxdursa, mülk sahibliyini necə sübut etmək olar? Bizim yaşadığımız A.Şaiq 79 ünvanında əvvəllər 17 ailə, söküntü başlanmazdan öncə - yəni 2014 –ci ildə isə 8 ailə yaşayırdı.

Əgər Sona Cavad qızı bu mülkün sahibi idisə, bəs onda digər ailələr yaşadıqları mənzillərin çıxarış (kupça) sənədini Sona Cavad qızının rəsmi razılığı olmadan necə alıblar?. Belə çıxır ki, Sona Cavad qızı qəbirdən durub gəlib, sənədlərə imza atıb və yenidən yerinə qayıdıb!

Və digər sual - əgər A.Şaiq 79 ünvanında yerləşən mülkün sahibi Sona Cavad qızıdırsa, onda məntiqə və qanuna uyğun olaraq Yasamal RİH o həyətdə yaşayan digər ailələri nə üçün məhkəməyə verməyib və onlara qarşı da iddia qaldırmayıb?

Məhkəmə prosesində bu sualları qarşı tərəfə təkrar-təkrar versək də, cavab ala bilmədik. Məqsəd aydındı - kimlərsə biz yaşayan mənzilin çıxarış (kupça) sənədinin olmamasından istifadə edib, bu mənzili Sona Cavad qızının adına sənədləşdirmək və mənzilin kvadratmetrinə düşən pul kompensasiyasını mənimsəmək”.

E.Məmmədov müraciətində yazıb ki, məhkəmədə Sona Cavad qızının özünün də, varisinin də çoxdan rəhmətə getdiyini, onun mülk sahibliyini təsdiq edən heç bir sənədin olmadığını dəfələrlə bildirsək də, sübut etsək də, hakim E.Məmmədovun özünün də məhkəmə zamanı bu faktları etiraf etməsinə baxmayaraq, altı ay davam edən məhkəmə prosesinin sonunda - 09.12.2016-cı il tarixdə keçirilən məhkəmə iclasında o, iddiaçı tərəfin əsassız iddiasını təmin edən qanuna zidd qərara imza atıb:

“Qərarda yazılıb ki, mənzilin kvadratmetrinə görə müəyyən edilən pul kompensasiyası mülk sahibinə - Sona Cavad qızına verilməlidir. Maraqlıdır – bu pul Sona Cavad qızına necə ödəniləcək ? – Sona Cavad qızı özü qəbirdən durub gəlib alacaq, yoxsa komissiya üzvləri özləri o dünyaya “yollanacaqlar” ki, bu pulu ona çatdırsınlar ???
YASAMAL RİH TƏRƏFİNDƏN MƏHKƏMƏYƏ TƏQDİM EDİLMİŞ İDDİA ƏRİZƏSİNDƏ HƏM ÖZÜ , HƏM DƏ VARİSİ RƏHMƏTƏ GETMİŞ , MÜLK SAHİBLİYİNİ DƏ TƏSDİQ EDƏN HEÇ BİR SƏNƏD OLMAYAN SONA CAVAD QIZININ BİZİM YAŞADIĞIMIZ MƏNZİLİN SAHİBİ KİMİ GÖSTƏRİLMƏSİ AÇIQ-AŞKAR KORRUPSİYA ƏMƏLİDİR !!!
Qaçqınlar və Məcburi Köçkünlərlərin işi üzrə Dövlət Komitəsi bizi mənzillə təmin edə bilmədiyindən və bu mənzildə artıq 27 il müddətində bizim ailə yaşadığı üçün mənzilin kvadratmetrinə görə verilməli olan pul kompensasiyası bizə ödənilməlidir. Yasamal RİH və Maliyyə Nazirliyi isə bu kompensasiyanı 15000 (on beş min) manat məbləğində müəyyən ediblər.

Bu məbləğin nəyə əsasən müəyyən edildiyini və bu pula mənzil almaq mümkündürmü? suallarını dəfələrlə versəm də, onlardan dürüst bir cavab ala bilməmişəm. Buna bir cavab var – Maliyyə Nazirliyinin idarə rəisi Cavanşir Yusifovun keyfi belə istəyir – o, bu yolla aramızda baş vermiş konfliktə görə məndən qisas alır !!!
Mən 01.07.2016 tarixdə Baş Nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənovun, 04.07.2016-cı il tarixdə Baş Nazirin müavini Abid Şərifovun qəbullarında olmuşam, ərizə və teıeqramla müraciət etmişəm, 2016–cı ilin avqust ayında anam Həqiqət Ağakişiyevanın adından H.Əliyev fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya üç teleqram, Azərbaycan Pespublikasının Prezidenti İ.Əliyevin elektron ünvanına bir məktub və sonuncu məhkəmədən sonra 2016-cı ilin 12 və 13 dekabr tarixində dalbadal iki teleqram göndərmişəm. Bütün bu ərizə və teleqramlar isə baxılmaq üçün Yasamal RİH-in Başçısı İ.Mehdiyevə göndərilir, o isə onları oxuduqdan sonra bir kənara atır, çünki bizə qarşı olan münasibətin dəyişməməsi bunu deməyə mənə əsas verir.

26.01.2017 tarixdə söküntü ərazisində olarkən İcra başçısı İ.Mehdiyev özü məni yanına çağırdı və dedi ki, “məhkəmə sizə on beş min manat verilməsi ilə bağlı qərar qəbul edib, mən də əlavə on min manat verirəm, evi boşaldın!”.

Mən cavab verdim ki, məhkəmə qanunsuz qərar çıxardıb, buna görə də artıq bu qərardan apelyasiya şikayəti vermişəm, təklif etdiyiniz məbləğ isə çox azdı və imtina edirəm. Mənim bu cavabımdan sonra İ.Mehdiyev “əgər bu məbləği götürüb çıxmasanız, gələn həftə gəlib evi sökdürəcəm” deyə məni hədələdi.

Mən də dedim ki, “gəlin, sökün! – biz də evdən çıxmayacağıq!”. Bundan sonra İ.Mehdiyev verilən kompensasiya ilə razılaşmayan ailələrin işığının kəsilməsi üçün göstəriş verdi. Bir çox ailə, o cümlədən də biz,qış vaxtı evlərimizi qızdırmaq üçün elektrik avadanlıqlarından istifadə edirdik və İcra Başçısının bu qanunsuz, allahsız göstərişindən sonra bu qarlı-çovğunlu qış günlərində artıq bu imkandan da məhrum olmuşuq !!!

Mənim anamın 75 yaşı var – ömrünün bu çağında o, ikinci dəfə yaşadığı evi zorla tərk etməyə və evsiz qalmağa məcbur edilir - birinci dəfə 23 il bundan əvvəl ermənilər, ikinci dəfə isə vicdanını itirmiş azərbaycanlı məmurlar tərəfindən !!! Bu hadisənin yurd həsrəti çəkməkdən ürəyi xəstəlik tapmış anam üçün necə böyük mənəvi zərbə olduğunu izah etməyə ehtiyac yoxdur.

Mən Sizin sayt vasitəsilə ölkə başçısı, cənab Prezident İlham Əliyevə müraciət etmək istəyirəm, çünki dəqiq bilirəm ki, Prezidentə ünvanladığımız müraciətlərimizin heç biri ona çatdırılmır”.

Vətəndaşın dövlət başçısına müraciətini olduğu kimi təqdim edirik:

Cənab Prezident!
Sizin iştirakınız və rəhbərliyinizlə keçirilən dövlət səviyyəli müxtəlif tədbirlərdə etdiyiniz çıxışlar zamanı dəfələrlə məmur özbaşınalığından, onların korrupsiya əməllərindən bəhs etmisiniz və həmin məmurların sərt cəzalandırılacağını bəyan etmisiz. “Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək” – bu Sizin sonuncu çıxışınızdan götürülmüş sitatdır. Bu sözlər hər bir sadə vətəndaşın ürəyindən xəbər verən sözlərdir. Yasamal RİH-in İcra başçısı İbrahim Mehdiyev və onun müavini Səməd İslamov, Maliyyə Nazirliyinin maliyyəyə nəzarət xidmətinin rəisi Cavanşir Yusifov, 1 saylı Bakı İnzibati İqtisadi məhkəməsinin hakimi Elçin Məmmədov tərəfindən bizə - bir məcburi köçkün ailəsinə qarşı edilən bu ağlasığmaz haqsızlıq, amansız rəftar növbəti məmur özbaşınalığı, korrupsiya əməli deyilmi? Siz həmişə məmurlardan hər bir vətəndaşa, xüsusilə də hər şeylərini - yurdunu, evini, var-dövlətini itirmiş qaçqın və məcburi köçkün ailələrinə qarşı xüsusi həssaslıq göstərmələrini, onların problemlərinin həll edilməsinə qayğı və diqqətlə yanaşmalarını tələb etmisiniz.

Adlarını yuxarıda qeyd etdiyim məmurlar isə Sizin bu göstəriş və tövsiyyələrinizə açıq – aşkar məhəl qoymurlar, vətəndaşlarla münasibətdə öz “qanunları” ilə davranırlar. Demək olar ki, bütün məmurlar onlara “Filankəs müəllim” deyə müraciət edəndə, xoşhal olurlar və eyni zamanda da onlar bir peşəkar müəllimə, yəni mənə zülm etməkdən də ləzzət alırlar!

Mən həm də müharibə veteranıyam – hələ Azərbaycan ordusu yaradılmamışdan öncə Azərbaycan Respublukası DİN-in nəzdində yaradılmış könüllü “Ziyalı” batalyonunun tərkibində əlimdə silah torpaqlarımızın keşiyində dayanmışam , döyüşlərdə iştirak etmişəm – bir an da olsun qorxu hissi keçirməmişəm. Ancaq bu gün adı-soyadı azərbaycanlı olan, Prezident tərəfindən onlara həvalə olunmuş dövlət vəzifələrinin səlahiyyətlərindən sui-istifadə edən bir qrup məmurla bu qeyri-bərabər “döyüşdə” qalib olacağıma ümidim azdı, amma sona qədər mübarizəmi aparacam!

Sizdən xahiş edirəm ki, bizm ailənin bu harayını eşidəsiz, günahkarların cəzalandırılması və tapdanan haqqımızın bərpa olunması üçün lazımi göstərişləri verəsiniz”.

Şərhlər

XƏBƏR LENTİ