XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Tufandağ buzlağında ərimə prosesi sürətlənib - Nazirlik açıqladı

Tufandağ buzlağında ərimə prosesi sürətlənib - Nazirlik açıqladı

Tufandağ buzlağında ərimə prosesi sürətlənib - Nazirlik açıqladı
24-08-2017, 14:43

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə 07-14 avqust 2017-ci il tarixlərində Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil edilib.

3755 metr yüksəklikdə aparılmış tədqiqatlar nəticəsində ötən illərlə müqayisədə buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün artdığı, buzlaq dilinin 20-22 metr geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin artdığı müəyyən olunub. Buzlağın parametrləri, koordinatı GPS və Lazer məsafə ölçəni ilə təyin edilib.

Qeyd edək ki, Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq qüvvəsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və əksər hallarda asılı şəkildə dayanır. Morfoloji tipinə görə Tufandağ buzlaqları kar və asılı buzlaqlardır.

Bildiririk ki, iqlimdə baş verən istiləşmə və ya soyuqlaşma özünü buzlaqların sahəsinin dəyişməsində çox tez büruzə verir. Başqa sözlə, buzlaqlar qlobal iqlim dəyişmələrinin əsas indikatorudur və bu dəyişmələri əyani görmək üçün unikal obyektlər, həmçinin şirin su ehtiyatlarıdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.