XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanda aldıqları pulun hesabatını verməyən QHT-lər var - RƏSMİ

Azərbaycanda aldıqları pulun hesabatını verməyən QHT-lər var - RƏSMİ

Azərbaycanda aldıqları pulun hesabatını verməyən QHT-lər var - RƏSMİ
17-08-2017, 10:29

Artıq uzun müddətdir, xarici donorlar Azərbaycanda müxtəlif sahələrin inkişafına böyük həcmdə vəsait ayırır, QHT-lərin lazımlı və gərəkli layihələrini dəstəkləyir.

Hazırda qüvvədə olan qanunlarımız ölkə QHT-lərinə xarici donorlarla əməkdaşlıq etmək üçün bütün imkanları yaradır. Lakin bəzi şərtlər var.

Maraqlıdır, bu istiqamətdə aparılan dəyişikliklərdən sonra hazırkı vəziyyət necədir? Bu məsələdə şəffaflıq necə təmin edilir?

Bununla bağlı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov açıqlama verib. Onun sözlərinə görə bu məsələdə bəzi xarici təşkilatların müəyyən narazılıqları mövcuddur:

“Xarici donorların öz missiyası var. Onlar Azərbaycanda həyata keçirmək istədiyi layihələr haqqında əvvəlcə məlumat verməli və onu müvafiq qaydada razılaşdırmalıdır. Yəni müvafiq dövlət qurumunda həmin layihələr rəy almalıdır. Hesab edirəm ki, bu çox normal tələbdir.

Təəssüf ki, bu gün bəzi xarici təşkilatlar, beynəlxalq qurumlar bunu bəhanə edərək Azərbaycanda hansısa məhdudiyyətlərin olmasından söz açır və fəaliyyətlərinin qarşısının alındığı qeyd edirlər. Bilirsiniz ki, xarici donordan başqa indi həm də donorla qrant müqaviləsini bağlamış QHT də rəy əldə etmək üçün müraciət edə bilər. Rəyin əldə edilməsi xarici donor tərəfindən Azərbaycan ərazisində verilmiş qrantın qeydiyyatdan keçirilməsi üçün ilkin şərtdir. Yəni xarici təşkilatlar hansı istiqamətdə fəaliyyət göstərəcək, hansı sahələri maliyyələşdirəcək. Bu normal prosedurdur.

Digər tərəfdən hansısa QHT-nin xarici təşkilatlarla əməkdaşlığında bir problem varsa, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da yardım etməyə hazırdır. Həmin donorların, QHT-lərin layihə və proqramlarını reallaşdırmaq üçün müəyyən işlər görülür”.

F. Qurbanov qeyd edib ki, həm xarici donorlar, həm də QHT-lər ictimaiyyətə hesabat verməlidir:

“Bu gün ölkədə kifayət qədər xarici donorlar fəaliyyət göstərir və müəyyən layihələr reallaşdırırlar. Biz istərdik ki, Azərbaycanda reallaşdırılan layihələrin sayı çox olsun. Hazırkı qanunvericilik heç də donorların fəaliyyətini məhdudlaşdırmaq, onların işini tamamilə dayandırmaq fikrində deyil. Yalnız donorlar qaydalara uyğun olaraq fəaliyyəti haqqında əvvəlcədən məlumat verməlidirlər. Əminəm ki, donorlar bunu nəzərə alacaqlar.

Qeyd edim ki, QHT-lər ilk növbədə maliyyə ayıran donorlara hesabat verirlər. Amma təəssüf ki, bu hesabatların bəziləri mətbuatda dərc olunmur. Onların cəmiyyətə açıqlanması, dərc edilməsi çox yaxşı olardı. Bu həm də şəffaflığın göstəricisidir. Yalnız QHT-lər deyil, ümumiyyətlə xarici donorlar da ilin sonunda hesabat verməlidir. Bu istiqamətdə işlərin görülməsi olduqca vacibdir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.