SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qarşılıqlı etimada əsaslanan dostluq modeli

Qarşılıqlı etimada əsaslanan dostluq modeli

Tarix:

25-02-2025, 11:03

/ 560 dəfə oxundu.
Qarşılıqlı etimada əsaslanan  dostluq modeli

Azərbaycanın xarici siyasət uğurlarının davamlılığı hazırda ayrı-ayrı dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında özünün aydın ifadəsini tapır. Tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan xarici siyasətinin dəyişməz prinsipləri fonunda yeni körpülər qurmaqla yanaşı, ənənəvi tərəfdaşları ilə əlaqələrini uğurla davam etdirir. 
44 günlük İkinci Qarabağ müharibəsi əbəs yerə həqiqət anı kimi dəyərləndirilmədi. Bu müharibə sözün həqiqi mənasında kimin haqqın, ədalətin, kimin isə şərin, təcavüzkarın yanında olduğunu açıqladı. Müharibənin başlandığı ilk  andan Azərbaycana mənəvi və siyasi dəstək göstərən Türkiyə və Pakistan qədim tarixə söykənən əlaqələrimizin təməlində dostluq və qardaşlıq prinsiplərinin dayandığını bir daha nümayiş etdirdilər. Tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən Azərbaycan-Türkiyə-Pakistan birliyi, həmrəyliyi bunun bariz nümunəsidir.  
Qarşılıqlı səfərlərin dinamikliyi münasibətlərimizin aydın mənzərəsini yaradır. Belə ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də ölkəmizə dövlət səfərinə gəlib.   Dövlət başçısı İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi, həmçinin Azərbaycan və Pakistan liderləri səfərin mahiyyətini, iki ölkənin münasibətlərinin dünənini və gələcəyini özündə əks etdirən mətbuata birgə bəyanatla çıxış etdilər. Prezident İlham Əliyev geniş tərkibdə görüşdə bildirdi ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik
 Tərəfdaşlığımızın təməlini  sarsılmaz dostluğumuz, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətimiz  təşkil edir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Onu da qeyd edək ki,  Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub ki, bu da iki ölkə arasında formalaşan sıx münasibətlərin başlanğıcı hesab edilir. 
İki ölkə arasında siyasi, iqtisadi, hərbi və müdafiə sahəsində əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən ilin dekabrında Azərbaycanın D-8 təşkilatına üzv qəbul olunması digər üzv dövlətlərlə yanaşı, Pakistanla da iqtisadi əlaqələrin inkişafında həmiyyətli rol oynayacaq. D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar. Bu qurumlar çərçivəsində yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi, regional bazarlara çıxış imkanlarının genişləndirilməsi müzakirə edilir. Hər iki ölkə bu əməkdaşlıq sayəsində ticarət dövriyyəsini artırmaq və iqtisadi əlaqələri daha da möhkəmləndirmək niyyətindədir. Pakistan və Azərbaycan arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçi qruplar fəaliyyət göstərir. Bu işçi qruplar qarşılıqlı investisiya imkanlarını dəyərləndirir və sahibkarlar üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atır. Bütün bu təşəbbüslər, layihələr və əməkdaşlıq istiqamətləri Azərbaycan-Pakistanın iqtisadi-ticari münasibətlərinin daha da güclənməsinə xidmət edir.
Azərbaycanın tərəfdaş ölkələrlə əlaqələrin inkişafında xüsusi diqqət göstərdiyi istiqamətlərdən biri də müdafiə sahəsidir. Bu baxımdan Azərbaycan-Pakistan əlaqələri nümunə göstərilə bilər. İndiyədək iki ölkə  arasında müxtəlif səviyyələrdə müdafiə sahəsində sənədlər imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi istiqamətində əməkdaşlıq genişləndirilib. Pakistanın güclü hərbi sənaye potensialı, xüsusilə aviasiya və müdafiə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər.  
İki ölkənin strateji xarakter daşıyan münasibətləri bütün sahələrdə, o cümlədən mədəniyyət və humanitar sahələrdə uğurla inkişaf edir. Hər iki xalq İslam dəyərləri, ortaq tarix və ənənələr vasitəsilə bir-birinə sıx bağlıdır. Bu yaxınlıq təkcə dövlətlərarası əlaqələrdə deyil, eyni zamanda, xalqların bir-birinə qarşı bəslədiyi dostluq və qardaşlıq münasibətlərində özünü göstərir. Son illərdə təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişlənməsi diqqət çəkir. Təhsil sahəsində qarşılıqlı proqramların inkişafı, universitetlər arasında imzalanan memorandumlar və akademik mübadilə layihələri bu əməkdaşlığı daha da dərinləşdirir.
Pakistanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər arasında mədəni və humanitar sahələrə xüsusi önəm verilib. İki ölkənin münasibətlərinin gələcəyinə gəldikdə isə deyə bilərik ki,  iqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi əsas strateji hədəflərdir. Enerji, kənd təsərrüfatı və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Hərbi sahədə müdafiə sənayesi, birgə təlimlər və strateji layihələr vasitəsilə əməkdaşlıq gücləndiriləcək. Təhsil sahəsində də əlaqələr genişlənəcək, tələbə mübadiləsi və humanitar layihələrin sayı artacaq. Bu addımlar regionda və dünyada sabitliyə töhfə verəcək.
 
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
 

Şərhlər

XƏBƏR LENTİ