SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AMEA rəhbərinin adı daha bir qalmaqalda... - torpaq sahəsini əlindən alaraq, başqasına verib

AMEA rəhbərinin adı daha bir qalmaqalda... - torpaq sahəsini əlindən alaraq, başqasına verib

Tarix:

7-08-2017, 09:46

/ 57 674 dəfə oxundu.
AMEA rəhbərinin adı daha bir qalmaqalda... - torpaq sahəsini əlindən alaraq, başqasına verib

Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun alimi Zeynalova Könül Sultan qızı üzləşdiyi özbaşınaliqla bağlı Azərbaycanın birinci vitse-prezidentinə məktub ünvanlayıb.

Alim müraciətdə bildirib ki, AMEA rəhbərliyi ona məxsus torpaq sahəsini əlindən alaraq, başqasına verib.

Sözügedən müraciət məktubunu sizə təqdim edirik:

"Hörmətli Mehriban xanım!

Nəzərinizə çatdırmaq istəyirəm ki, 19 il (09.11.1972 – 10.06.1991) Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda elmi işçi vəzifəsində çalışmışam. Geologiya-mineralogiya elmləri namizədiyəm.

18.12.1985-ci il tarixdə Geologiya İnstitutunun həmkarlar təşkilatının iclasında institutun nəzdində bağşılıq-yoldaşlığının yaradılması məsələsi müzakirə olunandan sonra əvvəlcə 5, daha sonra isə institutun 59 əməkdaşının bağçılıq yoldaşlığına üzv qəbul edilməsi ilə bağlı ilkin siyahı tərtib edildi. Həmin siyahı Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə tərəfindən təsdiq edilərək 16.04.1986-cı il tarixdə məktubla birlikdə o zamankı Bakı Şəhər Sovetinin İcraiyyə Komitəsinin sədri O.İ. Zeynalova göndərilmişdir. 14 iyun 1988-ci ildə Geologiya İnstitutu Həmkarlar Təşkilatının 2-ci iclasında bağçılıq yoldaşlığına daha 95 nəfər üzvün adının salınmasına qərar verildi. Bundan sonra bağçılığın üzvlərinin sayı 154 nəfər olmuşdur. 20 yanvar 1989-cu il tarixdə Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 13/705 saylı qərarla Geologiya İnstitutunun bağçılıq yoldaşlığının 154 üzvünə Türkan kəndi ərazisində torpaq sahəsi ayrılması qərara alınmışdır. 27 mart 1989-cu ildə Turkanda Geologiya İnstitutunun bağçılığının 154 üzvü üçün ayrılan torpaq sahəsinin cizgisi və akt (89/191) tərtib olunmuşdur. Aktda instituta 10,5 ha torpaq sahəsi ayrılması və cizginin olduğu göstərilir.

14 iyun 1989-cu il tarixdə Geologiya İnstitunun Həmkar İttifaqı Komitəsinin iclasının 5 saylı protokoluna əsasən, torpaq sahəsi ayrılmış 154 nəfərə bağçılıq yoldaşlığının kitabçaları verilmişdir.

Bakı şəhər İcra Hakimiyyətinin 04.10.1996-cı 1342 saylı sərəncamı ilə təşkilata ayrılmış sahələr Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 13 fevral 1998-ci il tarixli 124 saylı sərəncamını əsas götürərək 5 may 1998-ci tarixdə Geologiya İnstitunun Həmkar İttifaqı Komitəsinin sədri İlyas Kərimov 20 yanvar 1989-cu il tarixdə verilmiş qərarla 154 nəfər üzvdən ibarət bağçılıq yoldaşlığına ayrılmış torpaq sahəsinin bərpası məsələsini müzakirəyə çıxarmış və eyni zamanda üzvlərin siyahısı yenidən dəqiqləşdirilmişdir. 15 may 1999-cu il tarixdə bağçılıq yoldaşlığının iclası keçirilmişdir. Hər iki iclasda adım üzvlükdən çıxarılmamış və bu öz əksini iclasın protokollarında da tapır.

Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 26 oktyabr 1998-ci il tarixli 10/98 saylı məktubuna əsasən Geologiya İnstitutunda bağçılıq birliyi üzvlərinin siyahısının bir daha dəqiqləşdirilməsi məqsədi ilə 14 noyabr 1999-cü il tarixdə Həmkarlar İttifaqının ümumi yığıncağı keçirilmişdir. Yığıncağın keçirilməsi barədə mənə xəbərdarlıq edilməmişdir. Hər ay üzvlük haqqı verməyimə baxmayaraq adımı yeni siyahıya salmayaraq, mənə torpaq sahəsi ayrılmamışdır. İclasda 152 nəfər iştirak edib və onların hər biri iclas barədə əvvəlcədən məlumatlandırılıbmış. Yığıncaqda mənə qarşı qərəzli mövqe tutaraq adımı üzvlükdən çıxarılması qərara alınaraq, mənə aid torpaq sahəsini başqalarına veriblər. Mənimlə eyni siyahıda olan üzvlərdən 6 nəfəri üzvlükdə saxlayıb, torpaq sahəsi ayırıblar. Diqqətinizə çatdırmaq istəyirəm ki, həmin iclasda Həmkarlar İttifaqının sədri Nazim Sadixovdəqiqləşdirilmiş siyahıya özünün, gəlinin və baldızının adı salaraq hər biri üçün 11,5 sot torpaq sahəsi ayırmışdır. Onun müavini Obrik Zeyniyev də analoji olaraq həmin iclasda qanunsuzluq edərək özünə, qızına və kürəkəninə 11,5 sot olmaqla 3 torpaq sahəsi ayıra bilmişdir. Həmçinin, siyahıda adı məndən (147) sonra gələn, daha konkret siyahıda 149-cu olan institutun əməkdaşı Cəbrayıl Azadəliyevə 11,5 sot olmaqla 2 torpaq sahəsi (özü və institutda işləməyən qızının adına) verilib.

İllərdir qanuni haqqımı məhkəmələrdə və Milli Elmlər Akademiyasının rəhbərliyindən tələb etməyimə baxmayaraq hüquqlarımı hələ də bərpa edə bilməmişəm. Himayəmdə əlil uşağın olmasına baxmayaraq institut rəhbərliyi məhkəmələrə də təsir göstərərək qanuni haqqımın bərpasına mane olmuşdur.

Hörmətli Mehriban xanım!

Siz alim ailəsində böyümüsünüz. Elm adamlarının ehtiyaclarını və problemlərini Siz daha yaxşı bilirsiz. Fəaliyyətinizlə elm adamlarına necə qayğı göstərdiyini hər dəfə nümayiş etdirirsiniz. Xahiş edirəm yaşlı və çarəsiz vəziyyətdə olan, himayəsində əlil uşağı olan bir ana - elmlər namizədinin qanuni haqqının bərpa olunmasına göstəriş verəsiniz...

Hörmətlə Zeynalova Könül Sultan qızı"
Qlobal.az

Şərhlər

XƏBƏR LENTİ