SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 21-ci əsr... Gədəbəy: ibtidai yaşam şərtləri: Yəqin başçı xəbərsizdir... - Vətəndaş DAD DEYİR...

21-ci əsr... Gədəbəy: ibtidai yaşam şərtləri: Yəqin başçı xəbərsizdir... - Vətəndaş DAD DEYİR...

Tarix:

3-09-2024, 09:53

/ 1 125 dəfə oxundu.
21-ci əsr... Gədəbəy: ibtidai yaşam şərtləri: Yəqin başçı xəbərsizdir... - Vətəndaş DAD DEYİR...

Gədəbəy rayonunun Aytala sakinləri kənddə olan bir sıra sosial probemlərdən şikayətçidirlər.

“Qafqazinfo”ya müraciət edən bir qrup vətəndaş bildirib ki, Aytalada qaz yoxdur.

Onların sözlərinə görə, kəndə gedən yol da bərbad vəziyyətdədir: “İllərdir biz bu problemlərə həll tapmağa çalışırıq. Müraciətlər edirik, amma baxılmır. Bütün qonşu kəndlər qazla təmin olunub. Lakin bizim kənddə qaz yoxdur. Hələ də odun istifadə edirik. 2022-ci ildə “Azəriqaz” rəhbərliyinin rayonda təşkil olunmuş “Açıq mikrafon” layihəsində kənd sakinləri olaraq toplaşıb qəbulda olduq. Problemdən bəhs etdik və yerli regional idarə rəhbərliyinə bununla bağlı tapşırıq verildi. Lakin indiyə qədər heç bir iş görülməyib.

Kəndin yoluna gəldikdə isə onu deyə bilərik ki, keçən əsrin 50-60-ci illərində düzəlmiş torpaq yoludur. Bununla bağlı Rayon İcra Hakimiyyətinə ötən il müraciət etdik. Bizə cavab gəldi ki, yol 2021-ci ildə Düzyurd Bələdiyyəsi tərəfindən təmir edilib. Elə həmin il mövsümi yağışlar başlayan kimi yol demək olar, bərbad vəziyyətə düşdü. Bununla bağlı biz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Bu qurumdan da bildirdilər ki, həmin yol onların mülkiyyətində deyil”.



Məsələ ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etdik. Sorğumuza cavab olaraq bildirildi ki, Aytala kəndində qeyd olunan sosial problemlərlə bağlı araşdırma aparılıb: “Məlumat üçün bildiririk ki, yaşayış məntəqələrinin qazlaşdırılması “Azəriqaz” İB tərəfindən mərhələli şəkildə, avtomobil yollarının yenidən qurulması isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Kəndin qazlaşdırılması və Düzyurd-Talakənd-Dəyəqarabulaq avtomobil yolunun yenidən tikilməsi ilə bağlı aidiyyəti üzrə məsələ qaldırılıb. Əlavə olaraq qeyd edək ki, 7 km kəndarası yol yerli bələdiyyənin təşəbbüsü və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təmir edilib”.

Sözügedən yolların təmir olunması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də (AAYDA) üz tutduq. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirdi ki, bu yollar AAYDA-nin balansında deyil.

Şikayətlə bağlı “Azəriqaz” İB-nə də sorğu verdik. Qurumdan qeyd edildi ki, cari ilin planında Aytala kəndinin qazlaşması yoxdur: “Bəlli olduğu kimi, “Azəriqaz” İB qazlaşma prosesini öz maddi vəsaiti hesabına həyata keçirir. Bu baxımdan maddi vəsaitə uyğun olaraq işlər mərhələli şəkildə icra olunur. Gədəbəy rayonunun Aytala kəndinin qazlaşması məsələsi də gündəmdədir. Amma növbəti mərhələlər üçün nəzərdə tutulub. Bu ilin planında həmin kəndin qazlaşması yoxdur”.

Şərhlər

XƏBƏR LENTİ