XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » 6 tələbənin ölümünə səbəb olan sürücüyə hökm oxundu, məhkəmə qarışdı

6 tələbənin ölümünə səbəb olan sürücüyə hökm oxundu, məhkəmə qarışdı

6 tələbənin ölümünə səbəb olan sürücüyə hökm oxundu, məhkəmə qarışdı
1-08-2017, 16:40

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında N.Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı zərərçəkmişlərin mülki iddiasının təmin edilməsini də tələb edib.

Daha sonra zərərçəkmişlərin hüquqi varisi son sözlə çıxış ediblər. Onlar dövlət ittihamçısının çıxışı ilə razı olmadıqlarını deyib. Zərərçəkmişlər N.Hüseynova ən ağır cəza verilməsini istəyib.

N.Hüseynovun vəkili çıxışında məhkəmə araşdırmasından narazı olduğunu bildirib. O, məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib.

N.Hüseynov son sözündə qeyd edib ki, məhkəmədən güllənmə cəzası tələb edib: "Bu cəza mənim ömrüm boyu üzərimdədir. Qan almaq istəyirsinizə, 5 övladım var, onları da salın içəri ölsünlər. Görək, onda uşaqlarınız geri qayıdacaq?".

Bu zaman prosesdə təqsirləndirilən şəxslə zərərçəkmişlər arasında mübahisə düşüb. Hər iki tərəf bir-birini təhqir edib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.