SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ölkəmiz qlobal səylərə mühüm töhfə verir

Ölkəmiz qlobal səylərə mühüm töhfə verir

Tarix:

23-06-2024, 09:32

/ 540 dəfə oxundu.
Ölkəmiz qlobal səylərə mühüm töhfə verir

Prezident İlham Əliyevin “Euronews”a verdiyi və Azərbaycanın yaşıl gündəliyini ehtiva edən müsahibəsi bu istiqamətdə bütövlükdə regionun perspektiv enerji xəritəsini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir. Xüsusən Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda dünyanın təmiz enerjiyə transformasiya nəbzinin Azərbaycanda döyündüyünü nəzərə alsaq, dövlətimizin başçısının verdiyi bəyanatların həlledici əhəmiyyəti, təbii ki, mübahisə doğurmur.
Azərbaycan özünün yaşıl gündəliyi ilə istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində qlobal səylərə mühüm töhfə verməkdədir. Lakin aydındır ki, yaşıl gündəlik yalnız dövlətlərin vədlərindən və götürdüyü iddialı öhdəliklərindən ibarət deyil, ciddi səy tələb edir. Aydındır ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedən dövlətlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir. Lakin ötən dövrün təcrübəsinə nəzər salsaq, Azərbaycan özünün inkişaf strategiyasında hələ çox-çox əvvəldən, 2004-cü ildən etibarən qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqinə əhəmiyyətli yer verməkdədir. Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə qətiyyətinin göstəricisidir.
Bundan başqa qazıntı yanacağı ilə zəngin olmasına baxmayaraq Azərbaycanın ənənəvi enerji sənayesinin özünün beynəlxalq öhdəliklərinə sadiq qalmaqla, tədricən bərpaolunan enerjiyə transformasiyasında əldə etdiyi uğurlar qətiyyətli fəaliyyətin real nəticəsidir. Təbii ki, bu amil yeni baxış rakursuna malik qlobal sərmayədarlar üçün özlüyündə ən azı Azərbaycanın bərpaolunan enerji mənbələri sayılan əlverişli iqlim resursları qədər cəlbedicidir. “Masdar”, “ACWA Power” və “BP” kimi sərmayədarların mövcudluğu və maraq göstərən subyektlərin dairəsinin genişlənmə tendensiyası bu reallığı bir daha sübut edir. Nəticə etibarilə ötən ilin oktyabrında 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı, Bakı enerji həftəsi çərçivəsində 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlinin qoyulması da məhz bu prosesin bəhrəsidir. Üstəlik Azərbaycan Prezidentinin cari müsahibəsində də ifadə etdiyi kimi, “Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq.
Proseslərin bu cür inkişafı daha bir reallığı – Azərbaycanda yaxşı sərmayə mühitinin olmasını meydana çıxarır ki, müsahibədə Prezident İlham Əliyev bu məqama da xüsusi diqqət çəkir. Nəticədə, neft və qaz istehsalçısı qismində olduğu kimi Azərbaycan qlobal miqyasda bərpaolunan enerji sahəsində strateji tərəfdaş kimi özünü təsdiq edə bilməkdədir.
Azərbaycanın özünün ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəltməsi bu sahədə Bakıya inamı daha da möhkəmləndirir. Bu isə əlavə addımları zərurətə çevirir ki, Prezident İlham Əliyevin də dediyi kimi, biz, ilk növbədə, milli enerji şəbəkəmizi gücləndirməli, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalı, ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq.
Bu istiqamətdə artıq real konfiqurasiya mövcuddur və hələ 2022-ci ilin dekabrında Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla Qara dənizin dibi ilə Avropa İttifaqına ixrac edəcək elektrik ötürücü kabelin çəkilməsi haqqında saziş imzalayıb. Bu özlüyündə vacib nüansdır, çünki Azərbaycanın özünə mövcud potensialın vəd etdiyi qədər bərpaolunan enerji lazım olmadığı üçün Bakının əsas hədəfi ixracdır.
Ümumiyyətlə, reallıqdır ki, Azərbaycan özünün ənənəvi qazıntı resursları ilə qlobal enerji təhlükəsizliyinin mühüm oyunçularındandır. Ölkə Prezidentinin ritorikasının da əks olunduğu cari situasiya isə göstərir ki, Azərbaycan artıq alternativ enerji üzrə də qlobal mövqeyə sahiblənməkdədir. Hətta ənənəvi resurslara əsaslanan inklüziv platforma olan Bakı Enerji Həftəsinin belə, mahiyyətində yaşıl enerji amilinin rolu xüsusi qabarmaqdadır. Təbii ki, həyata keçirilən bu uğurlu siyasət, eyni zamanda, elmi-texniki potensiala əsaslanmaqla, iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payının artırılması ilə müşahidə olunur və eyni zamanda, iqlim dəyişikliklərinə təsir edən amil kimi çıxış edir.

Metin Hüseynov  
Siyasi sərhçi, politoloq

Şərhlər

XƏBƏR LENTİ