SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 44 günlük müharibədəki qələbənin davamı

44 günlük müharibədəki qələbənin davamı

Tarix:

27-05-2024, 13:31

/ 375 dəfə oxundu.
44 günlük müharibədəki qələbənin davamı

 
Bu gün biz hamımız möhtəşəm tarix yaşayırıq. Dövlətimizin başçısı, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın şərəfli tarixinin qələbələr seriyası davam edir. Qazax rayonunun 4 kəndi də bir qərinəlik işğaldan sonra doğma sahiblərinə qaytarıldı.
Azərbaycan 200 illik işğala son qoyan qüdrətli ölkədir, Azərbaycan dövləti, ordusu şəhidlərimizin, qazilərimizin misilsiz igidliyi, cəsarəti, döyüş əzmi ilə Xankəndini xunta rejimindən əbədi təmizləyən, bu gün Xankəndinin Baş Planını hazırlayan qüdrət sahibidir. Bu mənada biriləri üçün 4 kəndin qələbəsi kiçik görünə bilər.  Digər tərəfdən, ötən əsrin sonlarında Ermənistanın işğalçılıq siyasəti məhz bu kəndlərdən başlayıb. Odur ki, işğalçılıq siyasətinin təməlini təşkil edən bu ünvanda ədalətin bərqərar olması çox böyük hadisədir. 44 günlük müharibədən sonra Ermənistanın işğalı altında olan Ağdam, Kəlbəcər, Laçın döyüşsüz təhvil verildi Azərbaycana. Kapitulyasiya aktına imza atmış düşmən buna vadar edildi, əks halda, Ermənistanın mövcudluğu sual altına düşə bilərdi. Məhz bu reallığı anladığı üçün Nikol Paşinyan Qazaxın kəndlərindən zəli kimi yapışmağa çalışanları başa salmaq üçün çox çalışdı, Ermənistanın mövcudluğu üçün Azərbaycanın şərtlərinə əməl edilməsinin vazkeçilməz olduğunu söyləyirdi hər dəfə. Prezident İlham Əliyev bu ilin yanvarında da xəbərdarlıq etmişdi.   “O ki qaldı işğal altında olan kəndlərə, bizim təklifimiz də hesab edirəm ki, çox məntiqlidir. Orada bildiyiniz kimi, anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav deyil, 4 kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”.
Azad olunan kəndlərimizlə bağlı kiçik xatırlatmalar etməklə onların azadlığının nə qədər müstəsna əhəmiyyətə malik olduğunu bir daha diqqətə çatdıraq. Bağanıs Ayrım sıradan kənd deyil, 24 mart 1990-cı ildə, Ermənistan tərəfindən işğal olunan gün burada dəhşətli qətliam törədilmişdi, işğalçılar SSRİ hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək 7 mülki şəxsi öldürmüş, 2 nəfərsə yaralanmışdı. Erməni qaniçənlər 7 günahsız sakini ocağa ataraq yandırmışdı.  Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük  Hafiz olub. Bu gün həyatda olan kənd sakinlərinin gözləri gülür, soyqırıma məruz qalanların isə ruhu şaddır. Belə bir qələbə əlbəttə ki, tarixi mənas kəsb edir.
Qızılhacılı kəndini ermənilər 11 may 1992-ci ildən işğalda saxlayırdılar. Evlər, qəbirlər dağıdılıb, yer üzündən silinib. Xeyrimli kəndi 8 mart 1992-ci ildən Ermənistan ordusunun işğalı altında idi. Kənddən didərgin salınmış 300 nəfərdən çox sakin bu gün yurdlarına dönəcəkləri günü gözləyir.
Coğaz çayının sahilində, Qazançı dağın ətəyində yerləşən, füsunkar mənzərəli daha bir kənd - Aşağı Əskipara nisbətən gec, 1992-ci ilin 14 iyununda işğal edilmişdi. Amma bu kəndlərin azı 32 illik işğal tarixi var idi. 
  Azərbaycan dövləti növbəti zəfərlərə nail oldu, Prezident, İlham Əliyevin prinsipial siyasəti, dəmir iradəsinin nəticəsində Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində daha 4 addım atıldı! Beləcə, 4 kəndimiz Prezidentin bir kəlməsi ilə qaytarıldı!
Qazaxın 4 kəndinin azad olunması əməliyyatı 44 günlük müharibənin və Qarabağdakı antiterror əməliyyatdakı qələbələrin davamıdır və olduqca mühüm əhəmiyyət kəsb edir. Amma davamı olacaq. Yenə 10 yanvarda deyilənlərə qayıdaq: “O kəndlər ki, anklavdır, Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, bununla bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir”.
Əminik ki, Azərbaycanın maraqları təmin ediləcək, ən birinci – 1990-cı ilin 19 yanvarında – sovet ordusu Bakıya girən zaman - işğal olunmuş Kərki kəndi və Qazaxın daha 3 kəndi də azad ediləcək! Başkənd məsələsinə gəldikdə...Ermənistanın Azərbaycana vurduğu zərbələrin kompensasiyası təkcə Başkənd ola bilməz, bunu İrəvanda da anlayanlar var!
 
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru
 

Şərhlər

XƏBƏR LENTİ