
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə may ayının 16-da Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Belarus dövlət başçısı Aleksandr Lukaşenkonun Azərbaycana səfəri bütün sahələr üzrə əməkdaşlığı yenidən nəzərdən keçirməyə, əməkdaşlığın yeni formasını tapmağa, birgə iqtisadi layihələr həyata keçirməyə imkan verəcək. Azərbaycan-Belarus münasibətləri başqa ölkələr üçün də nümunədir.
Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə deyib: “Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”. Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.
Qeyd etmək lazımdır ki, Azərbaycan ilə Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verirlər. Belarus həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanı isə ərazi iddialarından əl çəkməyə çağırıb. Belarus dövlət başçısının Azərbaycana səfəri bütün sahələr üzrə əməkdaşlığı yenidən nəzərdən keçirməyə, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməyə, birgə iqtisadi layihələr həyata keçirməyə imkan verəcəkdir.
Hər iki ölkə bir vaxtlar keçmiş İttifaqın tərkibində müttəfiq respublika statusunda olmuşdular. Elə həmin dövrdə də respublikalarımız arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Sovetlər Birliyi dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. 2006-cı ildə qarşılıqlı olaraq Bakıda və Minskdə səfirliklər açılıb.
Ötən il Prezident İlham Əliyev Azərbaycan ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə belaruslu həmkarı Aleksandr Lukaşenkoya ünvanladığı təbrik məktubunda bu məqamları xüsusi qeyd etmişdir ki, son üç onillikdə xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada əsaslanan, faydalı tərəfdaşlıq ruhunda ardıcıl olaraq genişlənən və dərinləşən Azərbaycan-Belarus münasibətləri yüksək səviyyədədir. Bizim böyük inkişaf yolu keçmiş, fəal siyasi dialoqla, intensiv təmaslarla, ikitərəfli və çoxtərəfli formatlarda iqtisadi-ticari, humanitar və bir çox başqa sahələrdə məhsuldar əməkdaşlıqla xarakterizə olunan dövlətlərarası əlaqələrimiz xüsusi məmnunluq doğurur. Aleksandr Lukaşenkonun Azərbaycan-Belarus münasibətlərinin ardıcıl inkişafına, onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə sanballı şəxsi töhfə verdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın birgə səylərlə gələcəkdə də hərtərəfli möhkəmlənəcəyinə, xalqlarımızın və ölkələrimizin maraqları naminə yeni məzmunla zənginləşəcəyinə əminliyini ifadə etmişdir.
İki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Bu istiqamətlərdən biri də mədəni sahədir. Qeyd edək ki, Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin, Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi ənənə halını alıb.
Dövlət başçısı İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında bildirib ki, çox uzaq olmayan gələcəkdə əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Daim vurğulandığı kimi, qarşılıqlı səfərlər, bu səfərlər çərçivəsində imzalanan sənədlər, müzakirə olunan məsələlər, eyni zamanda, tərəflərin ortaya qoyduqları mövqe, səsləndirdikləri bəyanatlar ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərməklə yanaşı, münasibətlərin hansı səviyyədə olduğuna, mövcud potensial imkanlara da aydınlıq gətirir. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri kimi ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı yönündə atılan addımlar, həmçinin bu addımların beynəlxalq təşkilatlar çərçivəsində daha da genişləndirilməsi bugünümüzün reallıqları sırasındandır.
Belarus lideri Aleksandr Lukaşenko qeyd edib ki, Azərbaycanın azad edilən ərazilərində dirçəliş dövrü başlayıb. Bildirib ki, ölkəsi azad edilmiş ərazilərin bərpasına kömək göstərə və bu prosesdə iştirak edə bilər: "Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər”.
Bütün bunlar iki dost ölkə arasında bütün sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə inam yaradır.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası