XalqXəbər.Az

BAŞ NAZİRSİZ İQTİSADİ MÜŞAVİRƏ?! – Novruz Məmmədov Prezidentin müşavirəsinə qatılmadı

yüklənir...
BAŞ NAZİRSİZ İQTİSADİ MÜŞAVİRƏ?! – Novruz Məmmədov Prezidentin müşavirəsinə qatılmadı
1-08-2019, 15:08
yüklənir...

Xəbər verildiyi kimi, iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib. Müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Vergilər naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Kənd Təsərrüfatı naziri İnam Kərimov görülən işlərlə bağlı məruzə ediblər.

Maraqlıdır ki, müşavirənin formatında dəyişiklik edilib. Belə ki, indiyədək formalaşan ənənədən fərqli olaraq, bu dəfə prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin geniş iclası keçirilməyib.

Toplantı daha yığcam formada – əsasən iqtisadi qurumların rəhbərləri, Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın bu sahə ilə bağlı köməkçilərinin iştirakı ilə təşkil olunub. Belə ki, adlarını yuxarıda qeyd etdiyimiz nazirlərdən başqa müşavirədə yalnız Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, prezidentin köməkçiləri Əli Əsədov və Natiq Əmirov, eləcə də Birinci Vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov iştirak edib.

Göründüyü kimi, sosaial-iqtisadi sahə ilə bağlı mühüm məsələlərin müzakirə olunduğu toplantıda bu sahədə baş verənlərlə birbaşa bağlılığı olan ölkənin Baş naziri Novruz Məmmədov iştirak etməyib. Maraqlıdır ki, müşavirəyə nə o, nə də müavinləri qatılmayıblar.

Bunun konkret səbəbləri məlum olmasa da, qeyd etməyə dəyər ki, ixtisasca fransız dili müəllimi olan Novruz Məmmədovun ölkə iqtisadiyyatı barədə anlayışı və ümumiyyətlə, sosial-iqtisadi sahədə bilik və təcrübəsi barədə nəsə söyləmək çətindir. Hələ ki, onun baş nazirliyi dönəmində ən yadda qalan addımları əsasən cərimə və rüsumların artırılması ilə bağlı qərarları və meşələrdən yabanı meyvələrin, hətta yarpaqların yığılmasına görə cərimələrin tətbiq olunmasına dair qeyri-adi qərarı olub. Xatırladaq ki, cəmiyyətdə narazılığa səbəb olan və ironiya ilə qarşılanan həmin qərar ölkə başçısının göstərişindən sonra elə Novruz Məmmədovun özü tərəfindən geri oxunmuşdu…

Mütəxəssislər isə hesab edirlər ki, prezidentin belə mühüm toplantını daha kiçik formatda keçirməsi ölkə iqtisadiyyatı üçün vacib olan məsələlərə daha yığcam və operativ şəkildə münasibət bildirməyə, qərar və nəticələr çıxarmağa imkan verir. Digər tərəfdən isə bu format ölkə iqtisadiyyatı ilə bağlı həlledici qərarların verilməsində real olaraq əsas rolun və məsuliyyətin kimlərə aid olduğuna dair təsəvvür yaradır…

Onu da qeyd edək ki, N.Məmmədovun məzuniyyətə çıxması ilə bağlı da hər hansı rəsmi xəbər yayılmayıb. Baş nazir hətta iyulun 30-da Nazirlər Kabinetinin növbəti iclasını keçirmişdi ki, həmin iclasda da istilik enerjisi və isti su təchizatı sisteminin yaxşılaşdırılması məsələləri müzakirə olunmuşdu.

AzPolitika.info

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.