“Anam mənim böyük qızım idi”
“ARB Ulduz”un “Şou məkan” verilişinin qonağı olan əməkdar artist Nüşabə Ələsgərli maraqlı açıqlamalar verib.
Ard-arda anasını və bacısını itirən Əməkdar artist Nüşabə Ələsgərlinin yaxınları onu düşdüyü ağır durumdan dəfələrlə çıxarmağa çalışsalar da, müğənni uzun sürən tənhalıqdan sonra nəhayət ki, efirlərdə görünməyə başlayıb.
“Sənət dostlarım da, rəfiqələrim də deyirdilər ki, özünə qarşı diqqətli ol. Qız var, o deyir ki, bax səni döyəcəm ha. Dur filan şeyi geyin, dur filan yerə gedək. Təmiz ruhdan düşmüşdüm. Qohumlarım: bibim, xalalarım, hamısı deyir ki, sən belə olanda biz əsəbiləşirik. Allaha da xoş getmir. Balaların var. Başına səndən də ağır iş gələn insanlar var. Bəs onlar nə etsinlər?”
Nüşabə xanımın anası dünyasını dəyişdikdən sonra müğənni övladları ilə belə təsəlli tapa bilmədi. O, anasını özünün “böyük qızı” kimi qəbul etdiyini üzülərək dilə gətirdi.
“Hamı mənə deyir ki, övladlarını düşün. Axı mənim öz övladlarımdan başqa, bacımın da övladları var. Onların da ümid yeri mənəm. Anam mənim böyük qızım idi. Anam mənim anam idi, böyüyəndən sonra mən onun anası oldum. Ərköyünlüyü də vardı. Nazını mən çəkirdim. Üstümdə hökmranlığı da var idi”.
Özünə qınaq məhkəməsi quran Nüşabə Ələsgərli anası üçün gecikdiyini və görməli olduğu işi ertələdiyi üçün özünü günahkar bildiyini dilə gətirdi.
“Anam 2014-cü ildə bacımım xəstəliyini eşidəndə vəziyyəti ağırlaşdı. Əməliyyat olundu. Yaxşı idi. 2015-ci ildə halı pisləşdi. Anam özünə diqqət yetirmədi. Onu gərək elə o vaxt Türkiyəyə aparardım. Özümü qınayıram.”
Əməkdar artist, çətin günlərində, gözünün yol çəkdiyi zamanlarda hər an yaxınlarının dəstəyini gördüyünü söylədi.
“Əzizlərim, yaxınlarım, dost-tanışlarım, qohumlarım, qardaş-bacım olmasaydı, yəqin ki, mən olmazdım. Hamı öz anasını istəyir. Yəqin mən çox istəmişəm”.
Uzun müddətdir işinə ara verən müğənni yalnız hazırkı ruh halına uyğun mahnılar olarsa, yaradıcılığını yenidən davam etdirəcəyini vurğuladı.
“Mahnı mənə təqdim olunmalıdır. O, mənim bügünkü durumuma, ruhuma, yaşamıma uyğun gəlməlidir. Mən düşünmədən gedib onu oxumalıyam. Demirəm faciəvi olsun. Şıdırğı bir şey yox, romantik bir mahnı olsa, oxuyaram”.