Boşanmış qadına həmişə bir intim obyekt kimi baxırlar.
Bu sözləri Əməkdar artist Lalə Məmmədova deyib.
O bildirib ki, boşanmış qadına münasibət deməzdim ki, 30 il bundan əvvəlki qədər pisdir: Amma həmin qadına intim obyekt kimi baxılması da, insana çox pis təsir edən bir haldır. Əgər bu qadın özgüvəni yüksək olan, özünü oda-közə vurub uğur qazanan bir qadındırsa vəziyyət ikiqat ağırdır. Uğurlu qadının uğurlarını görmədikləri, tanımadıqları, özlərindən uydurduqları hansısa bir kişinin ayağına yazırlar. Bu, sadəcə olaraq dözülməzdir.
L. Məmmədova əlavə edib ki, kişini də, qadını da yetişdirən qadındır: Qadınlarımız gələcəyə kişi yox, uşaq böyüdürlər. Həyat üçün kişi, sabah üçün ata, qadın üçün ər yetişdirmirlər. Atalar isə oğullarının heç vaxt onlardan bir pillə üstün olmasını istəmir. Oğlanlarını cəngavər kimi yetişdirmirlər. Daima özlərindən asılı olmalarını istəyirlər. Ona görə də bu gün bizim cəmiyyətimizdə kişi modeli yoxdur. Biz həyat üçün kişi hazırlamırıq.