SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Burak Özçivitin Bakı səfərində biabırçılıq - Video

Burak Özçivitin Bakı səfərində biabırçılıq - Video

Tarix:

1-12-2017, 11:39

/ 1 411 dəfə oxundu.
Burak Özçivitin Bakı səfərində biabırçılıq - Video

Saatlarla gözləmək, zəif təşkilatçılıq, şəkil üçün tökülən göz yaşları...
Söhbət həsrətlə gözlənilən “Kardeşim benim 2” filminin ölkəmizdəki təqdimat mərasimindən gedir. Hələ biletlərin satışa çıxarıldığı ilk gündən 400, 200 manatlıq fantastik qiymətlərlə medianın diqqətini çəkmişdi. Daha sonra isə biletlərə maraq o qədər də ürəkaçan olmadığı üçün qiymətinə 50 faiz endirim edilmişdi.
Belə ki, “Park Cinema Flame Towers”in IMAX zalında filmi izləmək istəyən izləyicilər ən baha 200, ən ucuz isə 33 manat pul ödəməklə Burak Özçivitlə filmə baxacaqdı.

Qeyd olunan rəqəmlərin yüksəkliyi və film üçün nəzərdə tutulmuş məkan ilk baxışda lüks bir gecə vəd etsə də, hər şey gözlənilən kimi olmadı.

Aktyorlar üçün xüsusi qırmızı xalça nəzərdə tutulsa da, yol boyu media nümayəndələri üçün hər hansı bir yer ayrılmamışdı. Təbii olaraq bu da təqdimat iştirakçıları və jurnalistlər arasında qarışıqlığa səbəb oldu. Təşkilati zəiflik məşhurlar dəhlizə daxil olan zaman özünü daha çox göstərdi. Belə ki, mühafizə sistemi yaxşı qurulmadığı üçün Burakla şəkil çəkdirmək istəyən xanımlar qırmızı xalıya axın etdi. Aktyor yalnız mühafizəçilərin kobud şəkildə xanımları itələməsindən sonra oradan aralana bildi.
Təqdimatdan sonra filmin izlənməsi isə 20:00-da nəzərdə tutulsa da, salondakı biletli şəxslər nə az, nə çox 1 saatlıq bir sıxlıqda gözlədikdən sonra zala daxil ola bilib.

Belə ki, bilet yoxlanışı qeyri-peşəkar şəkildə həyata keçirildiyi üçün izləyicilər bir xeyli gözləməli olub.
Ancaq aktyor sadəcə filmin əvvəlində və sonunda zalda oturmaq üçün sol qapıya kimi 12 oturacağın boş saxlanmasını istəyib. Bu da bilet üçün 200 manat vermiş pərəstişkarların narazılığına səbəb olub.

Filmin sonunda tamaşaçıların reaksiyası da gözlənilən kimi olmayıb. Komediya janrında çəkilmiş film izləyicilərin rəğbətini qazanmayıb, bu isə zalda durğunluğa səbəb olub. Belə ki, 3 saat əvvəl salonu titrədən qışqırıqlar zəif alqış sədaları ilə əvəz olunub.

Filmin sonunda jurnalistlər üçün mətbuat konfransı nəzərdə tutulsa da, gecikmələrə görə o da təxirə salınıb. Səhnəyə çıxan aktyor və aktrisalar qısa olaraq Bakı təəssüratlarını paylaşıb.

Məşhur aktyor Bakını sevdiyini və hər dəfə gəlişində yüksək canfəşanlıqla qarşılaşdığını bildirib..

Əfsuslar olsun ki, gözləmə sadəcə salonda sonlanmayıb. Təşkilatçıların məsuliyyətsizliyi nəticəsində tamaşaçılar bir neçə dəfə zalları dəyişmək məcburiyyətində qalıblar. Əvvəlcə gecəyə bilet alan hər kəs sinemanın IMAX zalına keçirilib. Daha sonra onlar I zala köçürülüb.
Yerdəyişmə zamanı əsas qarışıqlıq isə Burakla eyni sırada film izləmək arzusunda olanların başına gəlib. Maraqlıdır ki, aktyor onun üçün ayrılan yerdə deyil, qapıya daha yaxın oturmaq istəyib. Bu məqamda 200 manat verib Buraka yaxın oturmaq istəyənlər də yerini dəyişib. Onlar haqlı olaraq Burakla bərabər filmi izləmək istədiklərini bildiriblər.

Şərhlər

XƏBƏR LENTİ