XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Şamaxı sakinlərindən Sabiranə şikayət... - FOTOLAR

Şamaxı sakinlərindən Sabiranə şikayət... - FOTOLAR

Şamaxı sakinlərindən Sabiranə şikayət... - FOTOLAR
6-07-2017, 15:04

Şamaxının «Kirovka» kəndinin bir qrup sakini Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova və rayonların başçılarına ünvanlı müraciətin bir surətini də redaksiyamıza göndəriblər. Müraciəti ixtisarla təqdim edirik:
Hörmətli Hacıbala müəllim!
Bilirik ki, Siz olduqca işgüzar insansınız və komandanızın hər bir üzvü də Sizə layiq işçilərdir. Onlardan biri də Bakı şəhər İH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, həm Bakı şəhərinin reklam işlərinin rəhbəri Əli Əsgərov cənablarıdır.
Əli müəllimi biz Şamaxının «Kirovka» kəndinin sakinləri çoxdandır tanıyırıq. Onun «Kirovka» kəndində tikdirdiyi 3 mərtəbəli evi (şəkillərini təqdim edirik) ən müasir dizayn və tikinti üslubundadır. Bu tikili o qədər zövq oxşayır ki, artıq kəndimizdə məskunlaşan bəzi məmurlar Əli müəllimin həmin evinin eskizini ələ keçirərək ona oxşar mülk tikdirməyə başlayıblar. Hesab edirik ki, Əli Əsgərovun bu səmərəli işi təqdirəlayiqdir və Bakıda, eləcə də rayonlarda tikilən bütün mülklərə şamil edilməlidir, zövq oxşayan bu evin oxşarlarının çox olmasına səy göstərmək lazımdır. Hamı bilir ki, Əli müəllimin həmin mülkü kəndimizin yaraşığıdır, ondan nümunə götürmək lazımdır. Məsələn, nə dərəcədə qiymət vermək olar ki, Əli Əsgərovun şəklini göndərdiyimiz evinin düz yanında bir nəfər kənd sakinimiz birmərtəbəli ev tikib, Əli müəllimin bu dəvdəbəli mülkünə yaraşıqsızlıq gətirib. Hətta yağmurlu havalarda Əli müəllimin üçmərtəbəli evinin yağış suyu bu birmərtəbəli evin başına tökülür. Nəticədə həmin birmərtəbəli evin divarları çatlamalı və uçmalı deyilmi? Bəs belə olanda günah kimdədir? Təbii ki, birmərtəbəli evin Etibar adlı sakinində. Çünki o, Əli müəllimin üçmərtəbəli, mansarlı evinin yanında birmərtəbəli ev tikdirəndə belə də olmalı idi.
Hörmətli Hacıbala müəllim!
İstərdik ki, Əli Əsgərovun belə zövqlü ev tikintisi təcrübəsindən Bakıdakı villaların tikintisi zamanı geniş istifadə olunsun. Eşitdiyimizə görə, Bakıda da bəziləri 20-25 mərtəbəli göydələnlərin yanında özlərinə 1-2 mərtəbəli ev tikirlər. Belə olmaz. Tikinti qayda-qanunu var və ara məsafə saxlanılmalıdır. Necə ki, Əli Əsgərov «Kirovka»da üçmərtəbəli mülk tikdirəndən sonra Etibar adlı bir nəfər onun evinin birbaşa divarına bitişik birmərtəbəli ev tikdirib və bu da tikinti qaydalarına qətiyyən uyğun deyil, həmin ev dərhal sökülməlidir. Xahiş edirik, «Kirovka»ya bir buldozer və 3-4 fəhlə göndərin, həmin evi söksünlər, sonra əməllisini tikərlər.
İnanırıq ki, Əli Əsgərovun bu qabaqcıl və diqqətəlayiq təcrübəsindən reklam işi kimi bütün ölkəmizdə geniş istifadə olunacaq.
Dərin hörmətlə: Sabir Həsənov, Mais Zamanov və başqaları
Redaksiyadan: kənd camaatının minnətdarlığını diqqətinə çatdırmaq üçün Bakı şəhər İH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əli Əsgərov cənablarının 492-63-39 iş telefonuna dəfələrlə zəng etsək də cavab vermədi. Çox istərdik ki, yuxarıda qeyd olunan minnətdarlıq məktubunu Əli Əsgərovun diqqətinə çatdıraq, onun mövqeyini öyrənək…

tezedlar.az
Şamaxı sakinlərindən Sabiranə şikayət... - FOTOLAR
Şamaxı sakinlərindən Sabiranə şikayət... - FOTOLAR
Şamaxı sakinlərindən Sabiranə şikayət... - FOTOLAR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.