SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncəli həkimlər Əlikram Məmmədovun tələblərinə etiraz edirlər

Gəncəli həkimlər Əlikram Məmmədovun tələblərinə etiraz edirlər

Tarix:

3-07-2017, 15:22

/ 55 874 dəfə oxundu.
Gəncəli həkimlər Əlikram Məmmədovun tələblərinə etiraz edirlər

Şəhərin xəstəxana və poliklinikaları bazara çevrilib

Saytımızda dərc olunan yazıda Gəncə səhiyyə idarəsində baş verən özbaşınalıq, səhiyyənin rəisi Əlikram Məmmədovun xəstəxana və poliklinikaların baş həkimlərindən, şöbə müdirlərindən və vətəndaşlardan qanunsuz pul tələb etməsi haqqında bəhs etmişdik. Resbublikanın ikinci böyük şəhərinin səhiyyə sistemini çökəldən fəaliyyəti ilə gəncəlilərin də narazılığını qazanan Əlikram Məmmədov hazırda yeni qanunsuz qaydaları ilə gündəmdən düşmür.
Şəhər səhiyyəsinin başbiləni son zamanlar həkimlərin xəstələri müayinə etdiyi zaman aldıqları rüşvətə də şərik olması səhiyyə ocaqlarında narazılıq yaradıb. Az maaşla gündəlik təlabatını ödəməkdə çətinlik çəkən həkimlər, passentləri tərəfindən verilən pulla dolanmaq istərkən səhiyyə rəisinin yeni qaydaları və tələbləri ilə üzləşməli olublar. Onlar Əlikram Məmmədova etiraz edə bilmirlər. Çünki etirazlar çox ciddi cəza ilə sonuclanır və həkimlər işlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar.
Son dövrlər şəhərin xəstəxana və poliklinikasında baş alıb gedən rüşvətxorluq faktları ilə bağlı gəncəlilərin də fikrini öyrənməyə çalışdıq. Gəncənin yeni gəncə qəsəbəsində yaşayan, vətəndaş Kərimov Bəxtiyar xəstəxana və poliklinikalarda rast olunan haqsızlıqlarla bağlı narahatçılığını ifadə etdi. Vətəndaşın bildiyinə görə xəstəxanaya müayinə üçün müraciət edərkən mütləq qapıda duran qapıçıya pul verməklə içəri keçə bilər. Bundan sonra həkimin və ya baş həkimin pul yığmaq işinə baxan tibb bacısını razı salmaq lazımdır. Əgər vətəndaş hər hansı bir aparat müayinəsindən keçmək istəyirsə və ya analiz vermiş olarsa onda, mənzərə daha xoşagəlməz olur: “Hər hansı bir müayinədən sonra adi analizlər 30 manatdan başlayır. Kimə etiraz edirsən deyir ki, səhiyyə idarəsindən bizə belə tapşırıq veriblər. Pulu olmayanlar ölsə belə onları müalicə edən yoxdur. Biz, baş həkimə müraciət edəndə deyir kitaba adın düşübsə yazırlar. Sənin yerinə pulu biz ödəməli oluruq”.
Gəncənin Şahsevənlər adlanan ərazisində yaşayan Vuqar Həsənov da oxşar problemləri qeyd etdi. Vuqarın dediklərinə görə poliklinikalarda vəziyyət daha acınacaqlıdır: “Biz ərazi üzrə poliklinikaya üz tutanda adi sağlamlıq arayışı üçün 40 manat rüşvət ödəyirik. Əgər xəstə insan sənədlərini ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmək üçün poliklinikadan arayış alırsa onda, azı 100 manat rüşvət verməlidir. Vətəndaşları bu yolla soyan poliklinika baş həkimlərinin rüşvətxorluğuna etiraz edəndə cavabları qəribə olur. Bizə - kimə şikayət edirsiniz edin- deyən rüşvətxorlar istədiklərini alırlar”.
Gəncənin Alminiumçular qəsəbəsinin sakini Gülnarə Əzizova isə doğum evlərində və uşaq xəstəxanalarında baş verən rüşvətxorluqdan narazılığını ifadə etdi. Vətəndaşın bildirdiyinə görə, qadınlar doğuş zamanı müraciət etdikləri doğum evlərində uşaq dərdini unudub tələb olunan rüşvəti nücə ödəyəcəklərini fikirləşirlər. Valideyn olmaq arzusunda olanlar 1000 manat olmasa xəstəxanada uşaq dünyaya gətirə bilməzlər. Sanki, tələb olunan məbləğ qanunla təmizlənir deyə insanların üstünə cumurlar. Vətəndaş qeyd edir ki, onun gəlini uşaq dünyaya gətirəndə həkimlər pulu almamış onları xəstəxanaya qəbul etməyiblər. Qəribə də olsa hamı bunun bir qayda olduğunu bilir və susur. Vətəndaşın fikrincə şikayət etdicə həkimlər məbləği qaldırırlar.
Gəncəlilərin bir çoxu bu fikirdə olduğundan onların hamısının dediklərini və yazdıqlarını işiqlandırmırıq. Amma səhiyyə idarəsinin rəisini tərifləyən bir vətəndaş da bizə bildirdi ki, Əlikram Məmmədov yaxşı cərrahdır. O müalicəni çəkinmədən aparan yeganə həkimdir. Onun xəstələri olanlar ondan narazı qalmırlar. Bu fikirlərin müəllifi Gəncə sakini Əliyev Nurəddin adlı vətəndaş idi. Həmin vətəndaş səhiyyədə rüşvətxorluq hallarına rast olmusunuzmu – sualımıza, “demirəm rüşvət yoxdur. Var. Amma həkim neynəsin dolana bilmir, məcbur olub alır. Tibb bacıları 100 manat maaş alırlar. Onlar necə dolansın. Ona görə qınamıram”- deməklə cavab verdi.
Gəncə səhiyyə ocaqlarında gündən-günə artmaqda olan rüşvətxorluq halları ciddi narahatçılıq yaratmaqdadır. Şəhərin Səhiyyə idarəsinə rəis təyin olunandan sonra, bütün xəstəxana və poliklinikalara haqq qoyan, hamını səhiyyə nazirinin əmri ilə işdən qovacağı ilə hədələyən Əlikram Məmmədovun yeni qaydaları haqlı narazılıqlara səbəb olsa da tədbir görən tapılmır. Xəstəxanalarda xəstələrə pulsuz verilməsi nəzərdə tutulan dərmanların belə satılması, analizlər üçün yüksək rüşvət tələbi rəisin yeni qaydalarına aiddir.
Maraqlı faktlardan biri də xəstəxana və poliklinikalara vakant yerlərə işçilərin qəbulu zamanı baş verir. Əlikram Məmmədovun ayda bir dəfə təşkil etdiyi imtahanlarda tibb bacısı olmaq istəyənlər 1500- 2000 manat rüşvət verməlidirlər. Əks təqdirdə vətəndaş oxuduğuna peşiman olur. Səhiyyə rəisi hər dəfə onu imtahandan kəsilməsini təşkil etməklə istəyini həyata keçirmiş olur. Əlikram həkimin dediyi pulu verənlər isə işlə təmin olunmaqla yeni qaydalarla işə başlamalı olurlar.
Gəncə səhiyyə idarəsinin rəisi şikayətçi vətəndaşları da qəbul etməyə vaxt tapmır. Vətəndaşlar səhiyyə idarəsinə üz tutub rast olduqları haqsızlıqları bidirməkdə çətinlik çəkirlər.
Təbii ki, idarə rəisi öz qaydaları və tələblərindən olunan şikayətlərə necə baxa bilər. Baş həkimlərdən aylıq tələb etdiyi pulları isə Səhiyyə nazirliyinə verdiyini bildirən Əlikram Məmmədovun bu mövzuda haqlı olub-olmadığını bilmirik. Onu deyə bilərik ki, Gəncə səhiyyəsində görünməmiş rüşvət xorluq halları mövcuddur və buda şəhərdə etirazların cöşmasına şərait yaratmaqdadır. Əlikram Məmmədovu narahat etməyən bu fakt şəhər rəhbərliyini və Səhiyyə nazirliyini narahat etməli və təcili tədbirlər görülməlidir. Əks təqdirdə ölkənin ikinci böyük şəhərində yaşayan insanlar ölkə başçısına üz tutacaq və nəticədə Əlikram Məmmədov kimilərin fəaliyyətinə hüquqi qiymət verilmənin zamanı yetişəcək.

BakuNews.az

Şərhlər

XƏBƏR LENTİ