SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq” - GİLEY

“5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq” - GİLEY

Tarix:

14-10-2022, 14:37

/ 834 dəfə oxundu.
“5 ildir körpə uşaqlarla bu qəzalı binada yaşayırıq” - GİLEY

 
“22 ildir ki, burada yaşayırıq. Bina tamamilə qəzalı vəziyyətdədir. Amma bizi buradan köçürən yoxdur”.

Xalqxeber.az bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya Xətai rayonu, 8 Noyabr prospekti, SOCAR Neft-Qaz Tikinti Tresti ərazisində yerləşən inzibati binada yaşayan Cəbrayıl rayonundan olan 4 məcburi köçkün ailəsi müraciət edib.

Sakinlərin sözlərinə görə, yaşadıqları bina qəzalı vəziyyətdədir: “Düz 5 ildir ki, bina qəzalı vəziyyətdədir. Belə evdə necə yaşayasan axı? Beton plitələr qoparaq düşür, tavan aşağı sallanıb. Bu evdə körpə uşaqlar yaşayır. 2018-ci ildə digər ailələr buradan Qobu park yaşayış kompleksinə köçürüldülər. Bizim də o siyahıda adımız olsa da, ev verilmədi. Müraciət etmədiyimiz yer qalmayıb. Tək istəyimiz təhlükəsiz bir yerə köçməkdir. Bununla bağlı göstəriş də verildi, lakin həyata keçirilmədi. Öz rayonumuza qayıdana qədər müvəqqəti təhlükəsiz əraziyə köçürülmək istəyirik”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. FHN-in Mətbuat xidmətindən saytımıza bildirildi ki, qeyd olunan binanın vəziyyəti ilə bağlı müraciət binanın balanssaxlayıcı təşkilatına ünvanlamalıdır. Verilmiş rəyi açıqlamaq səlahiyyəti həmin təşkilata məxsusdur. Sakinlərin köçürülməsi də FHN-in səlahiyyətində deyil.

Problemlə bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə də müraciət ünvanladıq. Qurumdan sorğumuza belə cavab verildi: “Göstərilən ünvan Dövlət Komitəsində “Xətai rayonu, “Oksigen” zavodunun ərazisi” kimi qeydə alınıb. Əvvəllər həmin ərazidə 97 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşmışdı. Bu ailələrdən 87-si 2018-ci il may ayında istifadəyə verilmiş “Qobu Park 1” yaşayış kompleksinə köçürülüb.

Sözügedən ərazidə indiyədək qalanlardan biri - Cəbrayıl rayonundan məcburi köçkün Novruzov Sərvər İslam oğlu ona verilən mənzilin otaq sayı ilə razılaşmadığı üçün köçməkdən imtina edib.

Digəri - məcburi köçkün Əhmədov Talıb İsmayıl oğlu köçürülmə obyektində qeydiyyatda olmadığı üçün, mövcud qaydalara əsasən, yeni yaşayış sahəsinə köçürülməyib. O, Sumqayıt şəhəri 8 mikrorayon ərazisində yerləşən müvəqqəti məskunlaşma obyektində qeydiyyatdadır.

Mirzəliyev Anar Elbrus oğlu və Mirzəliyev Elbrus İmran oğlu isə Cəbrayıl rayonunun işğaldan azad edilmiş və 2016-cı ildən sonra bərpa olunaraq məskunlaşdırılmış Cocuq Mərcanlı kəndindəndirlər. Buna görə də onlara Bakı şəhərində yeni yaşayış sahəsi verilməyib.

Bir daha xatırladırıq ki, 2020-ci ildə torpaqlarımız işğaldan azad edildikdən sonra respublikamızın digər ərazilərində, o cümlədən Bakı şəhərində məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar işğaldan azad olunmuş ərazilərdə, öz ata-baba yurdlarında fərdi evlərə və ya mənzillərə köçürüləcəklər. Bu zaman ən ağır vəziyyətdə müvəqqəti məskunlaşanlar yeni yaşayış sahələri ilə ilk növbədə təmin olunacaqlar”.




Şərhlər

XƏBƏR LENTİ