Mayın 26-da Heydər Əliyev Mərkəzində Bərdə Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “28 may- Respublika günü”nə həsr olunmuş tədbir keçirilib
Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarından nümayəndələr, hərbi qulluqçular və fəal gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Bərdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Eldəniz Səfərov açaraq iştirakçıları Rayon İcra Hakimiyyətinin başçısı adından qarşıdan gələn bayram münasibəti ilə təbrik etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Eldəniz Səfərov mövzu ilə bağlı məlumat verərək bildirdi ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətini yaratdı. Azərbaycan Respublikası mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
N.Nərimanov adına şəhər 3№li tam orta məktəbin tarix müəllimi Elnarə Cəfərova mövzu ilə bağlı geniş və ətraflı məruzə etdi.
Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova çıxış edərək qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Bərdə rayon Gənclər və İdman idarəsin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək minilliklərlə ölçülən tariximizdə baş verən hadisələrdən biri kimi müstəqil cəmiyyətin yaranmasını xalqımızın siyası şüur səviyyəsinin yetkinliyindən xəbər verdiyini, Azərbaycan Xalq Cümhuriyyətinin ideya bazasını gənclər təşkil etdiyindən, hökümətin ən gənc nazirinin 24 yaşı olmasından, milli kadrların formalaşdırılmasından və gənclərin xaricdə dövlət hesabına təhsil almağa göndərilməsindən danışdı. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında əvəzsiz xidmətləri olan böyük zəka sahiblərinin cəsarət və uzaqgörənliyinə yüksək qiymət verdiyini, ölkəmizdə təməli ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd etdi.
Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, ak.Z.Əliyeva adına texniki fənnlər təmayüllü məktəb-liseyin tarix müəllimi Yusif Əliyev çıxışlarında cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsinin bütün azərbaycanlılar üçün olduqca əziz olmasından, ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın 28 may 1918-ci ildə əsası qoyulmuş dövlət müstəqilliyinin atributlarını özündə cəmləşdirən qüdrətli bir dövlətə çevrilməsindən, ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində daha da inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasından danışdılar.
Tədbirə Bərdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Eldəniz Səfərov yekun vuraraq müstəqilliyimizin qorunub saxlanmasının və onun əbədiləşdirilməsinin hər bir azərbaycanlının vətəndaş borcu olduğunu bir daha qeyd etdi.