SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncənin icra başçısına SUAL VAR: - "Mən deməyim, siz deyin, 1000 manata başa gələr bu ev?"

Gəncənin icra başçısına SUAL VAR: - "Mən deməyim, siz deyin, 1000 manata başa gələr bu ev?"

Tarix:

30-03-2021, 10:27

/ 557 dəfə oxundu.
Gəncənin icra başçısına SUAL VAR: - "Mən deməyim, siz deyin, 1000 manata başa gələr bu ev?"

Oktyabrın 17-də Gəncəyə atılan mərmi nəticəsində evi dağılanlardan biri də Təranə Həsənovadır. DİA.AZ xəbər verir ki, həmin gündən ailəsi ilə birgə dövlətin verdiyi yataqxana otağında yaşayır. Deyir, evi də, yoldaşının işləyib pul qazandığı maşınları da partlayışda məhv olub. Bunun müqabilində onlara 1000 manat kompensasiya veriblər: “Evə təmir yazıblar. Bunun üçün də 1000 manat kompensasiya veriblər. Mən deməyim, siz deyin, 1000 manata başa gələr bu ev?”

Təranə Həsənova hadisə gecəsini yaxşı xatırlayır. Deyir, ömrünün axırına qədər unutmayacağı bir travma yaşayıb: “Yatmışdıq. Gecə 1-ə 5 dəqiqə qalardı. Partlayış oldu. Elə bildim uşaqlarım ölüb. Bizi dağıntıların altından qonşular çıxardı. Tüstü də bir tərəfdən dolmuşdu nəfəsimizə. Hiss etmirdim ölmüşəm, ya qalmışam. Çıxdıq ki, qonşularımız ölüb. Onların meyitlərini gözlərimizin önündə çıxardılar. Həmin gündən uşaqlarım da, mən də özümüzə gələ bilmirik”.

Təranə Həsənova məktəbdə xadimə işləyir. Deyir, 20 ildə kiçik bir evi güclə tikib başa gətirmişdilər. Kreditlə əşyalar almışdılar və bu gün heç nələri qalmayıb. Verilən 1000 manat isə ortalıqda xərclənib qurtarıb: “Şikayətimizə baxan yoxdur. Bütün əşyalarımız pis günə qalıb. Bu hadisə bizim başımıza gəlib, 4 aydır yataqxanada qalırıq. Bir tərəfdən də ədalətsiz kompensasiya, ədalətsiz yanaşma bizi məhv edir. İcra hakimiyyətinə getməkdən yorulmuşam. Qəbula yazılmışam, deyirlər, “çağıracağıq”, amma çağırmırlar. Artıq xəstə düşmüşəm”.

Ana deyir ki, qızına psixoloji dəstək lazımdır. Amma bunun üçün imkanları yoxdur: “Hər gün telefonda ölənlərin şəklinə baxıb ağlayır. Əlindən ala bilmirik. Sağ olsun, prezident müəyyən qərarlar verib, vəsait ayırıb bizim üçün. Ancaq onun ayırdığı vəsaiti bizə vermirlər. Hər gün gəlirəm evə, saatlarca dayanıram küçədə ki, bəlkə gələn, maraqlanan olar. Heç kim gəlmir. Axşam yenə kor-peşman çıxıb gedirəm yataqxanaya”.

p

Şərhlər

XƏBƏR LENTİ