"Xəbər verdiyimiz kimi bir müddətdir ki, saytımızda Cəlilabad rayon Muğan kənd bələdiyyəsinin keçmiş sədri, hazırda bələdiyyədə mühasib işləyən Rasif Həsənovun korrupsiya faktlarıyla bağlı araşdırma yazıları oxucularımıza və prokurorluq orqanlarına təqdim edirik. Redaksiyamıza müraciət edən Muğan kənd sakini, keçmiş bələdiyyə işçisi Həsən Fətullayev Rasif Həsənovla bağlı bizə ilginc sənədlər təqdim edib. Biz o sənədlər əsasında silsilə yazılarımızı təqdim edəcəyik". Bu barədə Vasif Əlihüseynov DİA.AZ-a göndərdiyi məqaləsində deyir.
Daha sonra məqalə müəllifi yazır: "H.Fətulayev bildirir ki, vaxtilə Rasif Həsənovun ondan rüşvət aldığını deyən Maşlıq kənd sakini Abdullayev Firudin Fətəli oğlu Cəlilabad rayon prokurorluğuna, Rayon İcra Hakimiyyətinin başçısına, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və Lənkəran Regional Ədliyyə Şöbəsinə şikayət etmişdi. Şikayətçi F.Abdullayev məktubunda yazırdı:
“Mən 2011-ci ildə aprel ayında həyətyanı torpaq sahəsi almaq üçün Muğan bələdiyyəsinin sədri Həsənov Rasif Xudaşükür oğluna müraciət etdim. O, məndən hər bir həyətyanı torpaq sahəsi üçün 1500 manat pul istədi. Mən isə ona hər bir həyətyanı torpaq sahəsi üçün 1400 manat verdim. 10.05.2011-ci ildə R.Həsənovu işdən çıxardılar. Mən ondan həmin torpağın sənədlərini tələb edəndə dedi ki, sənədlərin hazırdır. Bircə Cəlilabad torpaq komitəsinin möhrü qalıb ki, təsdiq olunsun. 2012-ci ilin fevral ayında sənədləri gətirib mənə verdi. Mən isə qalan 200 manat borcumu ona verə bilmədim. Dedim ki, indi imkanım yoxdur, sonra verərəm. O, yenidən bələdiyyə sədri seçiləndə həmin pulu məndən tələb etdi.
“Ona bildirdim ki, sənin mənə verdiyin sənədlərdə 492 manat ödəniş etdiyim yazılıb”
Ona bildirdim ki, sənin mənə verdiyin sənədlərdə 492 manat ödəniş etdiyim yazılıb. Bunu deyəndən sonra o, məni hədələməyə başladı. Dedi ki, “Adıgözəlov Fikrət də sənin kimi məni aldatdığı üçün onun sənədlərini ləğv etdim. Əgər o pulu verməsən, həmin torpaq sahələri protokola düşmədiyi üçün və mənim vaxtımda verilmədiyi üçün səni də cəzalandıracam”. R.Həsənov qayınatası Şahbazov Əşrəfin islahat vaxtı Rusiya vətəndaşı olan oğluna pay-bəlli torpaq verib. Bundan başqa sizə bildirim ki, bu cür saxta sənədlər 50-dən çox vətəndaşa verilib. Xahiş edirəm bununla bağlı mənə köməklik edəsiniz”.
H.Fətullayev bildirir ki, o, R.Həsənovdan prokurorluq orqanlarına şikayət etdikdən sonra F.Abdullayev də ora çağırılıb. Bu dəfə isə F.Abdullayev R.Həsənovun göstərişi ilə yazdıqlarından imtina edərək, bildirib ki, guya o, R.Həsənovun dayısı Əşrəf Həsənovla aralarında olan mübahisəyə görə R.Həsənovdan şikayətçi olub. Daha sonra məhkəmədə H.Fətullayevin üzünə duraraq deyib ki, sənədləri mənə R.Həsənov yox, sən vermisən, hələ üstəlik məndən 2000 manat da rüşvət almısan.
R.Həsənovun korrupsiya faktları ilə bağlı yazılarımızın davamı olacaq..."
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...