XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Ağstafada vətəndaş fəryad edir, başçı isə öz kefində... - “Nə uşaqpulu, nə sosial yardım, nə normal maaş var”

Ağstafada vətəndaş fəryad edir, başçı isə öz kefində... - “Nə uşaqpulu, nə sosial yardım, nə normal maaş var”

Ağstafada vətəndaş fəryad edir, başçı isə öz kefində... - “Nə uşaqpulu, nə sosial yardım, nə normal maaş var”
19-02-2021, 10:23

İki azyaşlı övladımı təkbaşına saxlayıram, buna saxlamaq demək mümkündürsə… Nə uşaqpulu var, nə ünvanlı sosial yardım verilir, aldığım maaşı bilmirəm gözləri tutulmaq üzrə olan uşağın dərmanına verim, yoxsa qarınlarına yemək alım… Mağazalara borcum başımdan aşır”. DİA.AZ bildirir ki, bunu Ağstafa rayonu, Qaçaq Kərəm kənd sakini Tahirə Abullayeva deyir. Tahirə xanım təkbaşına iki azyaşlı övladını böyüdür. Ancaq deyir ki, imkansızlıq onu əməlli-başlı əldən salıb.

Tahirə xanımın həyat yoldaşı vəfat etdikdən sonra qayğıları birə beş artıb. Deyir, Dağ Kəsəmənli kənd orta məktəbində yarımştat iş cədvəli üzrə xadimə işləyir, aylıq məvacibi 128 manatdır ki, bununla da ailəni dolandırmaq çətindir.

“Uşaqlardan birinin 11, o birinin 12 yaşı var, qızımın gözləri tutulmaq üzrədir, televiziyalardan birinə də çıxmışam uşaqla, söz verdilər ki, müalicəsinə, əməliyyatına kömək edəcəklər, ancaq sonra yolpulu tapmadım ki, uşağı təzədən Bakıya – pulsuz müalicəni, əməliyyatı söz verən həkimin yanına aparım… Ünvanlı sosial yardım üçün müraciət edirəm, adımda Sadıxlı kəndində pay torpağı olduğunu bəhanə gətirib ünvanlı sosial yardım təyin etmirlər. O pay torpağını əkib-becərmək də pul tələb edir, o vaxt atamgilə verilib, necə veriblərsə, eləcə də qalıb orda, əkib-becərməyə pul lazımdır, o da yoxdur. Hökumət bir dəfə qapını döyüb soruşmur ki, sənə verilən pay torpağından istifadə edə bilirsənmi? Bu uşaqlar acdır, susuzdur, geyimləri var, yoxdur, hökumətə maraqlı deyil. Adamlar köhnə geyim verməsə, uşaqlarım çılpaq gəzər…”, – qadın deyir.

Tahirə xanımın qayğılarından ən böyüyü işlə bağlıdır: “Başqa kəndin məktəbində yarımştat xadiməyəm, dediyim kimi, cəmi 128 manat maaş alıram. Məmurlara sual verirəm, özləri 128 manat maaşla dolana bilərmi? Nə kommunalı, nə mağazalara yığılıb qalmış borcları, nə uşaqların dərmanını, yeməyini ödəyə bilirəm. Üstəlik, xəstə, azyaşlı uşaqları evdə nəzarətsiz qoyub başqa kəndə işə gedirəm. Həm uşaqların həyatı təhlükədə olur, həm də aldığım cüzi maaşın hər gün 1 manat 20 qəpiyini yolpulu etməli oluram. Dəfələrlə rayonun təhsil şöbəsinə müraciət etmişəm ki, mənim iş yerimi öz kəndimizdəki məktəbə dəyişsinlər və məni tam ştata götürsünlər. Həm uşaqlarıma yaxın olum, həm də maaşım artsın. Hər dəfə yalandan ümid verirlər, ancaq özüm də şahidiyəm ki, onlardan istədiyim işi başqasına verirlər”.

Dia.az bildirir ki, vətəndaşın belə bir çilə çəkdiyi məqamda Ağstafaya rəhbərlik edən Seymur Orucov haqqında da mətbuatda ilginc xəbərlər yayılmaqdadır. Məsələn "gundelik-baku.com" saytı iddia edir ki, Azərbaycanın ən gənc, 35 yaşında Ağstafaya rəhbər təyin olunan icra başçısı Seymur Orucovla dəyəri 350 min manat olan 10 NK 200 dövlət qeydiyyat nişanlı amerikan istehsalı olan GMC Yukon Denali markalı avtomobilin sahibidir. Ancaq avtomobil İcra başçısının qardaşı Vasif Orucovun adına sənədləşdirilib. Deyilənə görə, avtomobil zirehlidir. Mənbənin məlumatına görə, avtomobili başçının həyat yoldaşı Çeşmə xanım idarə edir. Çeşmə xanım Maştağa qəsəbəsində bağça müdirəsidir.

Bu faktı ona görə xatırlatdıq ki, sakini çilə içində olan icra başçısının təmtəraqlı yaşam şəraiti təbii ki şübhələrə yol açır...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.