XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Vətəndaş nazirliklə icra hakimiyyəti arasında qalıb... - ÖTÜR-ÖTÜR OYUNU...

Vətəndaş nazirliklə icra hakimiyyəti arasında qalıb... - ÖTÜR-ÖTÜR OYUNU...

Vətəndaş nazirliklə icra hakimiyyəti arasında qalıb... - ÖTÜR-ÖTÜR OYUNU...
30-11-2020, 13:03

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini, 2-ci qrup Çernobıl əlili, 53 yaşlı Cəlil Mustafayev 27 ildir mənzil növbəsindədir. Lakin illərdir Ağstafa Rayon İcra Hakimiyyəti, eləcə də əlaqədar qurumlara müraciəti nəticəsiz qalıb, ona mənzil verilmir. DİA.AZ-ın məlumatına görə, Cəlil Mustafayevin həyat yoldaşı Xatirə Mustafayeva deyib ki, hazırda 3 övladı ilə Gəncə şəhərində yaxın qohumlarının evində yaşayırlar:

“Həyat yoldaşım 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışın nəticələrinin aradan qaldırılmasında təmizləyici-kimyaçı kimi iştirak edib. İllərdir bronxlarından müalicə alır. Şüalanmadan ciddi zədə alıb, boğulmaları olur. Nəvəm də xəstədir, bizimlə birgə yaşayır. İcra hakimiyyətindən deyirlər ki, gözləyək. Daha nə vaxtadək gözləyək, 27 ildir evsizik”.

Cəlil Mustafayevin səhhətində bronxlarından başqa da problemlər var. Şikayətçi söyləyib ki, elə Ağstafadakı evlərini məhz Cəlil Mustafayevin müalicəsi üçün satıblar. Ağstafada ev növbəsinə 1995-ci ildən yazılıblar. 2007-ci ildə Mustafayevlər ailəsinin növbəsi çatıb, amma müəyyən səbəblərdən mənzil ala bilməyiblər.

“İcra hakimiyyətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyi tövsiyə etdilər. Nazirlikdən də dedilər ki, icra hakimiyyətinə deyin”.

Xatirə Mustafayevanın sözlərinə görə, ailənin ümumi gəliri aylıq ərzağa güclə çatır. Yazdıqları məktublar isə prezidentə çatdırılmır: “Ölkə başçısı əlillərin mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görür, tapşırıqlar verir. Amma yerlərdə süründürməçilik var. Əminəm ki, prezidentin xəbəri olarsa, evi olmayan, dolanışıq üçün çətinlik çəkən bir ailənin müraciətləri nəticəsiz qalmaz”.
Vətəndaş nazirliklə icra hakimiyyəti arasında qalıb... - ÖTÜR-ÖTÜR OYUNU...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.