SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Astara təhsilində nələr baş verir? - İTTİHAM

Astara təhsilində nələr baş verir? - İTTİHAM

Tarix:

13-10-2020, 09:36

/ 971 dəfə oxundu.
Astara təhsilində nələr baş verir? - İTTİHAM

Hörmətli Mətbuat!

Mən bir təhsil işçisi olaraq, ilk dəfə olaraq işimlə bağlı sizə-mediaya, həmçinin təhsil təşkilatlarına və ictimaiyyətə müraciət ünvanlayıram.

Əlbəttə hamımızın diqqəti, yurdumuzun ərazisinin bərpasına, müharibəyə köklənibdir və qəlbimiz, ordumuzla döyünür. Lakin məndən yaxşı bilirsiz ki, müharibə ilə yanaşı təhsil də yetərincə önəmli məsələdir. Hazırda silahlarından istifadə etdiyimiz İsrail, məhz təhsil və elm sayəsində, hərb sahəsində bu qədər inkişaf edibdir.
_ _ _ _ _
_ _ _ _ _
Sözümü uzatmadan, mətləbə keçim.
Mən, cəmiyyətdə Yunis Dürüst imzasıyla tanınan bir psixoloqam və Azərbaycanda sosial şəbəkələrə dair ilk kitabın müəllifiyəm.
2018-ci ildə, doğulduğum rayon olan Astarada, 6 saylı tam orta məktəbdə psixoloq olaraq fəaliyyətə başladım və haqsızlıqlara, şagirdlərin döyülməsinə, bullinqə etiraz etməyim nəticəsində təhqir və təhdidlərə məruz qaldım. Əlbəttə, Astarada haqsızlığa məruz qalanlar yetərincədir, lakin hər kəsdən fərqli olaraq, mən səsyazma üsulundan istifadə etməklə, əlimdə ciddi sübutlar topladım və şagirdlərin haqqını savundum.
(Həmin səsyazılardan biri: https://www.youtube.com/watch?v=7T-sFVrB7tE )
Nəticədə bu barədə təhsil təşkilatları, QHT-lərin hesabatlarında da faktlar öz əksini tapdı və işdən haqsız yerə çıxarılmağım, ciddi ictimai rezonansa səbəb oldu. (Link: http://gundemxeber.az/gundemxeber/56041-astara-rayon-tehsil-shobesinin-fealiyyeti-ile-bgli-hesabat-hazirlandi-astara-tehsilinde-neler-bash-verir.html)
Və məhz bundan sonra, mənim işdən çıxarılmağıma qol çəkmiş RTŞ müdiri Rəşad Həsənov məni 2 il sonra da olsa, işə qaytarmağa məcbur qaldı. (Link: https://oxu24.com/az/sikayetler/30710/astara-rts-rehberi-genc-alimi-ise-qaytardi/ )
Amma təəssüf ki, Astara təhsilindəki qeyri-normal durum, dəyişmədi və hər şey, "köhnə hamam, köhnə tas" şəklində davam etdi.
İşə bərpa olunmağımdan keçən 5 ayda, çalışdığım məktəbdə müsbət bir dəyişiklik qeydə alınmadı. Mən də bu anormal və haqsız vəziyyətdə davam edə bilməyəcəyimi görüb, bu gün istefa ərizəmi təqdim etdim. Ətraflı hər şeyi ərizədə yazmışam. Sonda, ərizənin mətnini təqdim edəcəyəm.
_ _ __
Hörmətli Media! Mən düşünürəm ki, məsələ, nə qədər çox işıqlandırılsa və bu- özbaşınalıqlara etiraz ərizəm, nə qədər çox saytda getsə, məqsədə o qədər tez çatmış olarıq və Astara təhsilindəki xaotik vəziyyət də o qədər tez düzələ bilər. Hər halda mən üzərimə düşəni edərək, istefa verdim və işsiz qalmağa razı oldum. Mən davam da edə bilərdim, amma gərək haqsızlıqlara, şagirdlərin və işçilərin haqqının pozulmasına göz yummalıydım.
Sizinsə üzərinizə, sadəcə olaraq bunu işıqlandırmaq düşür.
Xahiş edirəm, laqeyd qalmayın, harayımı eşidin! Bu, sadəcə bir təhsil işçisinin, bir astaralının fəryadı deyil, bu, vicdanın harayıdır. Hər halda, başıma hansı oyunlar gəldiyi, nələr yaşadığım, aşkar şəkildə ortadadır. Astara Təhsil müdiri elə zənn edir ki, təhsil idarəsi onun şəxsi mülküdür!

Bu məktubu, tanıdığım bir çox saytların poçtuna göndərirəm, həmçinin də sizə.

_ _ _ _

_ _ _ _





ƏRİZƏ



Bu ərizə, Astara Rayon Təhsil Şöbəsinə təqdim olunur və eyni zamanda, mediaya və ölkə ictimaiyyətinə müraciət şəklində qeydə alınacaqdır.

Cənab Rəşad Həsənov! Qeyd etməliyəm ki, Astara şəhər 4 saylı tam orta məktəbdə psixoloq vəzifəsinə təyin olunmağımdan keçən 5 ay ərzində, nə məktəbimizdə, nə də ümumi rayon təhsilində, müsbətə doğru heç bir ciddi addım atılmadı və əvvəlki qeyri-normal vəziyyət, olduğu kimi davam etdi. Düzdür, Astaranın məşhur müəllimi Fuad Mehrəliyev, 2 ildən sonra yenidən işə qaytıdı və ona qarşı etdiyiniz haqsızlığı, qismən də olsa, bərpa etdiniz. (Daha doğrusu, bərpa etməyə məcbur qaldınız). Amma bu, heç də, 2 il öncə onu “dəli” elan edib məktəbdən çıxarılmasını təşkil edən siz Rəşad Həsənovun tövbə etməsi və əyri yoldan çəkinməsi mənasına gələ bilməzdi. Necə ki, şagirdləri, açıq-aşkar bullinqə məruz qoymuş keçmiş direktor Elçin Mirzəzadəni, hələ də məsləhətçi vəzifəsində saxlamaqda dirənirsiniz!

Və mənim hazırda çalışdığım 4 saylı şəhər orta məktəbdəki durum da, ümumi rayon təhsilindən təbii ki, elə də fərqlənmir. Konkret olaraq, direktor Rəna Hüseynovanın fəaliyyətinə qiymət vermək üçün sadəcə onu söyləmək bəs edir ki, sosial şəbəkə və internet əsrində, məktəbin hələ də votsap qrupu mövcud deyil və hətta direktorun özünün belə, votsap hesabı yoxdur!

Direktorun, elə ilk gündən mənə qarşı nataraz və məsuliyyətsiz davranışı, əlbəttə, səsyazılarda aşkarca qeydə alınmışdır. Məsələn, məndən, psixoloq vəzifəsinə dəxli olmayan bir işi görməyimi istəməsi, eləcə də, “sənin hələ stajın yoxdur” şəklində, təkəbbürlü münasibəti, həmçinin məktəbdə şagirdlərə qarşı doğru olmayan davranışların birbaşa rəhbər işçi tərəfindən etiraf olunması-hamsı konkret sübutlarlardır. Bu da o deməkdir ki, əgər mən təhsil və təlim üçün uyğun olmayan bu şəraitdə qalıb, psixoloq olaraq vəzifəmi davam etdirsəm və şagirdlərin haqqını müdafiə etsəm, dəstək görmək bir yana, müqavimətlə qarşılaşacağam və siz də təbii ki, ləyaqəti deyil, ləyaqətsizliyi, şagirdləri deyil, məsuliyyətsiz direktoru müdafiə edəcəksiniz. Necə ki, 2 il öncə şəhər 6 saylı tam orta məktəbdə çalışdığım zaman, şagirdləri deyil, ləyaqətsiz direktoru müdafiə etdiniz və məni, öz vicdansız əməllərinizə təhlükə bilərək işdən çıxarılmağıma qol çəkdiniz! Sonradan peşman olsanız da, “göz yaşı töksəniz də”, tökdüyünüz göz yaşları, obrazlı desək, “timsah göz yaşlarından” başqa bir şey deyildi. Siz elə Rəşad Həsənovsunuz və əsla tövbə edib imana gəlməmisiniz!

Odur ki, mənim, bu cür vicdansız və üstəlik də savadsız bir təhsil rəhbəri ilə çalışmağım, mümkün deyil.

Mən, şərəfimlə istefa verirəm və bu addımımla, vəzifənin çox da önəmli olmadığını sübut etmiş oluram! Ləyaqətsizlərlə çalışıb ləyaqətsizliyə ortaq olmaqdansa, işsiz qalmaq, daha yaxşıdır.

Mən istefa verirəm və sizi də şərəfli istefaya çağırıram!

Mən faydalı ola bilməyəcəyimi görüb istefa verirəm, siz də fayda vermədiyinizi görüb istefa verməlisiniz; vicdan və məntiq, məhz bunu tələb edir.
Onsuz da Astarada qurduğunuz yalançı “səmimi imic” və geydiyiniz maska, son bir il ərzində biz gənc alimlər və cəsarətli astaralılar tərəfindən yırtılıbdır. Amma, hələ də xilas olmaq şansınız qalır! Odur ki, bütün ölkədə biabır olmadan, bütün “karyeranızı” sıfırlamadan, çıxıb getməyiniz məsləhətdir.

Yeri gəlmişkən, sizə daha bir pis xəbərimiz var: bizə məlumat verildi ki, “Təhsil Araşdırmalar Mərkəzi” tərəfindən hesabatda qeyd olunan sübut və səsyazılar, bu yaxınlarda yayınlanacaqdır!

Beləliklə, görünən budur ki, qarşıda gözlənilən BİABIRÇILIQdan, ancaq bacarmadığınız bu işi tərk etməklə xilas ola bilərsiniz.

Müdrik atalarımız demişkən: Quyu qazan, özü düşər! Pislik əkən, pislik biçər!

Astara şəhər 4 saylı tam orta məktəbin psixoloqu- Əliyev Daşqın İbad oğlu
Astara təhsilində nələr baş verir? - İTTİHAM

Şərhlər

XƏBƏR LENTİ