SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Rafil Hüseynov bizi şantaj edir..." - Mehdiyevin kadrından Prezidentə şikayət...

"Rafil Hüseynov bizi şantaj edir..." - Mehdiyevin kadrından Prezidentə şikayət...

Tarix:

23-09-2020, 09:35

/ 1 386 dəfə oxundu.
"Rafil Hüseynov bizi şantaj edir..." - Mehdiyevin kadrından Prezidentə şikayət...

Ağcabədi şəhəri, Əli Talıbov küçəsi, ev 77-də yaşayan şəhid ailəsi Talıbova Xanım Muxtar qızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, surəti-Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə müraciət ünvanlayıb.

Surəti “Təzadlar” qəzetinə göndərilən müraciətdə deyilir:

"Çox hörmətli Cənab Prezident!

Hörmətli məmurlar!

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, onun müavinləri və şöbə müdirləri haqqımızı tələb etdiyimiz üçün şəhid adını ləkələmək istəyirlər, artıq buna görə fəaliyyətə başlayıblar. Bu əməli isə vətənə xəyanət, Azərbaycan xalqına qarşı təhqqir hesab edirik. Belə ki, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, müavinləri Rövşən Əhmədov, Xaliq Mirzəyev, vəzifəli şəxslər- Qurban Babayev, Mərdəli Quliyev və digərlərinin əməllərinin qarşısı alınmalı, barələrində qanuni tədbir görülməlidir. Onlar törətdikləri qanunsuzluqlara görə cavab vermələrinin təmin edilməsini Azərbaycan Respublikasının vətəndaşı və şəhid Ailəsi olaraq xahiş edirəm.

Belə ki, haqqımız olan 10 ha torpaq sahəsinin verilməsini istədiyimiz üçün Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı və rəhbər vəzifəli şəxsləri ilə aramızda narazıçılıq vardır. Buna görə də Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən ailəmizə təzyiq göstərilir, bizi susdurmaq və ləkələmək məqsədi ilə həyat yoldaşım Əli Talıbovun Şəhidlik statusunun gələcəkdə ləğv edilməsi üçün məqsədli və qərəzli olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsinə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikası Hərbi Prokuroruna və digər orqanlara məzmununa bilərəkdən yalan, həqiqəti əks etdirməyən məlumatlar daxil edilmiş müraciət ünvanlamışdır.

Cənab Prezident!

İcra başçısı Rafil Hüseynov indiki məsuliyyətli dövrdə rayon sakinlərinin problemini həll etmək əvəzinə, bizlərə problemlər yaşatmağı əsas vəzifəsi hesab edirsə, çox təəssüflər edirik. O, qeyd etdiyim həmin qurumlarda həyat yoldaşım şəhid Əli Talıbov barəsində olan müvafiq sənədlərin verilməsini tələb edir. Rafil Hüseynovun imzaladığı məktublarda Əli Talıbovun şəhid olması faktı açıq şəkildə şübhə altına alınır və həmçinin məktubda “...Məlumat üçün bildiririk ki, Əli Talıbov keçən əsrin 90-cı illərində Azərbaycan Xalq Cəbhəsinin Ağcabədi rayon şöbəsinin fəal üzvlərindən olmuş, əhali arasında təxribatçı çıxışları ilə fərqlənmiş və dövlətçilik prinsiplərinə zidd olaraq rayon sakinlərini daimi olaraq dövlətə qarşı itaətsizliyə səsləmişdir...”, - kimi cümlə də yazılmış, eyni zamanda “yaranmış zərurətlə bağlı olaraq” məlumt verilməsi istənilmişdir.

Öncə qeyd etmək istəyirəm ki, 90-cı illərin əvvəlində Sovet hakimiyyəti hökm sürürdü, baş verənlər Azərbaycan Xalq Hərəkatı idi, Sovet İmperiyasının Azərbaycanda törətdiyi 20 Yanvar qırğını və digər qanunsuzluqlara qarşı damarlarında Azərbaycanlı qanı axan mərd və qeyrətli oğullar, başda Ümummili Liderimiz Heydər Əliyev Cənabları olmaqla, hər bir şəxs etiraz edirdi. Nəticədə Azərbaycan Respublikası öz müstəqilliyini qazandı. Bildiyiniz kimi qanlı 20 Yanvar hadisələri olan zaman Ümummili Liderimiz Heydər Əliyev Cənabları vətənpərvər oğlu, hazırda Prezidentimiz olan İlham Əliyevlə hadisə yerinə gəlib Sovet İmperiyasının cinayətkar əməllərini pislənməsi barədə bəyanat vermişdir.

Göründüyü kimi, Hüseynov Rafil və ətrafındakı şəxslərin şəxsi məqsəd və maraqları gözlərini o qədər tutub ki, 10 hektar torpağımızı tələb etdiyimizə görə Qarabağ döyüşlərində şəhid olmuş şəxsə şər atıb çalışırlar bizi susdursunlar. Onlar anlamırlar ki, Əli Talıbov tək bizim ailənin Şəhidi deyil, Azərbaycan xalqının şəhididir! Şəhidi təhqir edib, ləkə yaxmaq isə ümumilikdə Azərbaycan xalqını təhqir etməkdir.

Unutmaq olmaz ki, Azərbaycan bu gün də Müharibə şəraitindədir. Azərbaycan xalqının şəhidini təhqir edən, ləkə yaxmağa çalışan şəxslər ən qısa zamanda məsuliyyətə cəlb edilməlidir. Xüsusi olaraq qeyd edim ki, başda icra başçısı Rafil Hüseynov olmaqla onun müavinləri və şöbə müdirləri rayon ərazisində qanunsuz olaraq hektarlarla torpaq sahələrini ələ keçiriblər (kimlərin adına alınıb, siyahını təqdim edəcəyik).

Sizlərdən xahiş edirəm, şəhid Əli Talıbov barəsində hansı məqsədlə, hansı zərurətlə əlaqədar olaraq dövlət orqanlarına sorğular göndərib, hansı sənədlərin verilməsini istəməsi Ağcabədi rayon icra başçısı Rafil Hüseynovdan soruşub aydınlaşdırılsın, həmçinin Rövşən Əhmədov, Xaliq Mirzəyev, Qurban Babayev, Mərdəli Quluyev və digər vəzifəli şəxsləri barəsində qanuni tədbir görülsün, həmin şəxslərin törətdikləri qanunsuzluqlara görə cavab vermələri təmin edilsin.

Ağcabədi rayon icra başçısı Rafil Hüseynov, müavinləri Rövşən Əhmədov, Xaliq Mirzəyev, vəzifəli şəxsləri Qurban Babayev, Mərdəli Quluyev və digərlərinin əməllərinin qarşısı alınmasını, barələrində qanuni tədbir görülməsini, törətdikləri qanunsuzluqlara görə cavab vermələrinin təmin edilməsini Azərbaycan Respublikasının vətəndaşı və şəhid ailəsi olaraq Sizdən xahiş edirəm.

Şəhid ailəsi Talıbova Xanım Muxtar qızı"

Redaksiyadan: Əməkdaşımız rayona ezam edilib... Doğrudan da maraqlıdır ki, 1992-ci ildə Marquşavan döyüşündə - Qarabağda şəhid olmuş bir şəxs necə ola bilər ki, üstündən 28 il keçəndən, adına Ağcabədidə küçə veriləndən... sonra onun “siyasi baxışları” ortaya çıxır, şəhidliyi təftiş edilir? Məgər Vətənin müdafiəsində, şəhidlikdə siyasi mənsubiyyət də əsas rol oynayır??? Və əməkdaşımızın verdiyi ilkin məlumata görə, artıq bəlli olur ki, yuxarıda adı çəkilən məmurların özlərinin qohum-əqraba adına yüz hektarlarla torpaq sahələri var... Hansı ki, 28 ildən sonra şəhidliyi araşdırılan Əli Talıbov bu torpaqlar-Vətən uğrunda canına qıyıb, həlak olub! İcra başçısının bunları bilməsi çox vacibdir...

Şikayət diqqətimizdədir. Əməkdaşımız rayonda bu məsələni araşdıracaq... //tezadlar.az//

Şərhlər

XƏBƏR LENTİ