SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Niyazi Bayramovun tapşırıqları Gəncədə necə yerinə yetirilir?

Niyazi Bayramovun tapşırıqları Gəncədə necə yerinə yetirilir?

Tarix:

8-06-2020, 16:55

/ 1 055 dəfə oxundu.
Niyazi Bayramovun tapşırıqları Gəncədə necə yerinə yetirilir?

İcra Hakimiyyəti başçılarının əsas gəlir mənbələrindən birinin də rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinin olduğu, son vaxtlar bir neçə vəzifəli şəxs həbs olunduqdan sonra üzə çıxdı.Bu hadisələrdən sonra sözügedən təsərrüfat idarələrində mənzil fonduna ayrılmış dövlət vəsaitlərinin demək olar çox böyük hissəsinin vəzifəli şəxslər tərəfindən mənimsənilməsi faktı sanki, rəsmi şəkildə təsdiqini tapdı.Məlum olduğu kimi,son illər aztəminatlı ailələrə kömək məqsədi ilə, işsizlərin sayından asılı olaraq hər bir rayona dövlət tərəfindən ictimai işlərə cəlb olunan muzdlu işçilərə külli miqdarda vəsait ayrılmışdır.Bu vəsaitlərin də böyük əksəriyyətinin kommunal təsərrüfatı birliklərinin rəisləri vasitəsi ilə İcra başçılarına çatdırılmasının bir qayda olaraq bütün rayonlarda təkrarlanması artıq inkaredilməz faktlardır.

Koronaviris pandemiyasına görə dövlətin aztəminatlı ailələrə verdiyi 190 manatdan məhrum edilən bir qrup Gəncə sakininin şəhərin Mənzil Kommunal Təsərrüfatı Birliyində adları işçi kimi getdiyi və aylıq 241 manat maaş aldıqları da məhz bu qəbildən olan faktlardır. Bu faktlar üzə çıxanda sözügedən qurumun rəisi İlham Quliyev söylənilən iddiaları mətbuata inkar etdi.Lakin fakt faktlığında qaldı. Qeyd edək ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi daha əvvəl də mətbuatın gündəminə gəlmişdi. Tender yolu ilə hər biri 438 manat 40 qəpiyə başa gələn 650 ədəd məişət tullantıları konteynerlərinin alınmasında. Onda da, nə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi İlham Quliyev, nə də şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu müammalı dövlət satınalmalarına aydınlıq gətirməmişdilər.

Aktualinfo.org koronavirus pandemiyasını qarşısının alınması məqsədi ilə Azərbaycanda karantin rejiminin elan olunmasına baxmayaraq,02.06.2020 ci il tarixdə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilmiş bir neçə tender proseduru ətrafında kiçik bir araşdırma aparıb.

Sözügedən tarixdə birlik xüsusi geyim formasının satın alınması üzrə “LK MACHINERY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 284757.6 manat məbləğində müqavilə bağlayıb.”LK MACHINERY” Məhdud Məsuliyyətli Cəmiyyəti isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20.04.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilşisi Həsənova Leyla Şahin qızı,hüquqi ünvanı isə Bakı şəhəri,Nərimanov rayonu,ak.Həsən Əliyev ev 79/2 mən.50 göstərilib. 2017 ci ildən yaradılmış şirkət barədə açıq internet üzərində heç bir məlumat yoxdur.

Birliyk tərəfindən həmin tarixdə daha iki lot, təsərrüfat mallarının satın alınması üzrə 77974.4 manat, avtomobil ehtiyyat hissələrinin satın alınması üzrə isə 80147.96 manat məbləğində müqavilələr “THE FİRST HOLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.

Qeyd edək ki,kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “THE FİRST HOLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 16.12.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilşisi Zeynalova Humay Tofiq qızı,hüquqi ünvanı isə Bakı şəhəri,Nizami rayonu,Qara Qarayev pr.ev 78,mənzil 21 göstərilib. Cəmi altı ay əvvəl yaradılmış şirkət barədə açıq internet üzərindən heç bir məlumat əldə edə bilmədik.Barəsində heç bir məlumat olmayan MMC-nin qadın rəhbərinin görəsən ayrı-ayrı marka yük avtomobillərinin müxtəlif ehtiyyat hissələrindən ümumiyyətlə təsəvvürü varmı?

Ölkədə karantin rejiminin elan olunduğu dövrdə Gəncə şəhərində yolların təmir işlərinin satınalması üzrə keçirdiyi tenderdə isə “ƏRDAGI”Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və 04.05.2020-ci il tarixdə 3970850.36 manat dəyərində müqavilə bağlanmışdır.Sözügedən MMC 06.06.2020-ci ildə də keçirilmiş müsabiqənin də qalibi elan olunub və Gəncə şəhərində abadlıq,quruculuq işlərinin satınalması üzrə 3174710.26 manat dəyərində işlərin görülməsi öhdəliyini üzərinə götürüb.Bəs,ümumi dəyəri 7 milyon 145 min manatdan çox olan bu dövlət sifarişlərini həyata keçirmək üçün “ƏRDAGI” MMC-nin maddi texniki bazası varmı?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “ƏRDAGI”Məhdud Məsuliyyətli Cəmiyyəti 12 saylı Ərazi Vergilər Baş İdarəsi 10.12.1992-ci dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10.60 manat olan MMC-nin qanuni təmsilşisi Məmmədov Nazim Fuad oğlu,hüquqi ünvanı isə Gəncə şəhəri Asfalt zavod ünvanında yerləşdiyi göstərilib. 1992-ci ildən yaradılmış şirkət barədə açıq internet üzərindən heç bir məlumat tapılmadı.Barəsində heç bir məlumat olmayan MMC-nin Gəncədə yolları hansı ağır texnikalar vasitəsi ilə təmir edəcək? MMC-nin ordan-burdan götürüb işlətdikləri texnikaların icarə pulu elə xeyli vəsait etmirmi? Hansı ki, həmin pulları da, Gəncənin palçıq,su basmış digər məhəllədaxili yollarına sərf etmək olardı.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin 06.06.2020-ci ildə Gəncə şəhərində küçələrin işıqlandırma sistemlərinin yenilənməsi işlərin satınalması üzrə keçirdiyi müsabiqənin qalibi isə “GÖYGÖL TƏMİR-TİKİNTİ TƏCHİZAT T.R.” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Bu MMC isə yuxarıda qeyd etdiyimiz işlərin Gəncə şəhərində həyata keçirilməsi üçün 1086073.73 manat məbləğində dövlət sifarişi alıb.Qeyd edək ki, açıq internet resursları üzərindən apardığımız araşdırmalarda bu MMC barədə də heç bir məlumat əldə edə bilmədik.

Əldə etdiyimiz digər məlumatlar isə daha maraqlıdır.Dövrü elektron mətbuatın may ayının 30-da yaydığı xəbərlərə görə Gəncə şəhərində təmir-tikinti, abadlıq-quruculuq işləri davam etdirilir.Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov sözügedən əraziyə baş çəkiblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı əsasında əraziyə gələn rəsmilər, işlərin gedişatı ilə yerində tanış olublar.

İşlər xüsusilə Məmməd Xələfov küçəsində geniş vüsət alıb. Burada çoxmənzilli binaların qarşısındakı yaşıllıq zolaqları bərpa edilir, səkilərə bardür daşları düzülür, ehtiyac olan hissələrdə yolun asfalt örtüyü bərpa edilir. İri gövdəli ağacların yola tərəf əyilən və yol nişalarının görünməsinə mane olan budaqları budanır. Əraziyə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub.

Burada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova verilməli olan bir çox sual ortaya çıxır.Bu işlərin görülməsi üçün Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunursa, onda 27.12.2019-cu il tarixdə Gəncə şəhərinin küçələrində səkilərin təmir işlərinin satınalması üzrə 270565.45 manat,abadlıq-quruculuq işlərinin davam etdirilməsinin satın alınması üzrə isə 278736.36 manat məbləğində müqavilələr “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Açıq Səhmdar Cəmiyyəti ilə nə üçün bağlanıb? Sözügedən cəmiyyətlə 550 min manat civarında müqavilə ona görə bağlanıb ki,burada Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin qoca işçiləri çalışsın?
Biz hələ “ƏRDAGI”Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan 7 milyon manatlıq müqavilələri demirik. Çünki bu müqavilələr hələ təzə bağlanılıb və işin icrasına nə vaxt başlanılacaq,bəlli deyil.Burada da kimlərin və haranın texnikalarının çalışacağı artıq suallar doğurur.
Qeyd edək ki,Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin Tender Komissiyası satınalma prosedurlarında yol verdiyi qanunsuzluqların bir ucu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə gedib çıxırsa,bir ucu da Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovda dayanır.Şəhər İcra Hakimiyyətinin başçısı olaraq məsuliyyət məhz Niyazi Bayramovun üzərinə daha çox düşür, nəinki Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi İlham Quliyevin.Bizi izləyin.
Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ