XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » “Mingəçevirdə şəhid ailələrini heç yada salan yoxdu...” - Aprel şəhidinin həyat yoldaşı...

“Mingəçevirdə şəhid ailələrini heç yada salan yoxdu...” - Aprel şəhidinin həyat yoldaşı...

“Mingəçevirdə şəhid ailələrini heç yada salan yoxdu...” - Aprel şəhidinin həyat yoldaşı...
2-06-2020, 17:42

2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan gizi Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva yaşadığı Mingəçevir rayonunda İcra Hakimiyyətinin onlarla maraqlanmadığını bildirib.

Şəhidin həyat yoldaşı Moderator.az-a açıqlamasında karantin rejimində şəhid ailələri üçün verilən yardımlardan da kənarda qaldıqlarını bildirib:

“Bizimlə ancaq ZƏFƏR Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc xanım maraqlanır və yardımlar göndərir. Yəni ondan başqa Mingəçevirdə heç kim bizimlə maraqlanmır. Düzdü, əvvəl işlə təmin olunsam da, səhhətimlə əlaqədar işləyə bilmədim və indi üç uşağıma baxıram. Bir dəfə də olsun bu karantin rejimində Mingəçevir İcra Hakimiyyəti biz şəhid ailələrinin qapısını açmayıb. “JEK”ə zəng vurdum mənə dedilər ki, verilən yardımlar şəhid ailələri üçün deyil, siz pul alırsınız. Mən də də razılaşdım. Bir neçə gün sonra qonşumuzda olan şəhid ailəsinə yardım gətirdilər və onlardan bunu soruşanda dedilər ki, şikayət etdiyimiz üçün yardım verdilər. İndi biz durub şikayət etməliyik ki, bizimlə maraqlansınlar, hökumətin biz şəhid ailələri üçün göndərdiyi yardımı ünvanına çatdırsınlar? Heç onların yardımı bizə lazım deyil, amma dedikləri söz adama pis təsir edir. Bunlardan artıq heç nəyi xahiş etmirəm, heç bizi adam yerinə qoymurlar. Mənə “JEK”də işləyən Ayaz müəllim dedi ki, sizlərə yardım düşmür, amma bir neçə gün sonra qonşu şəhid ailəsinə yardım gətirəndə dedim ki, bəs mənə belə deyirdin, indi yardım gətirirsən? Dedi ki, mən elə söz deməmişəm”.

Şəhidin xanımı deyib ki, dünən heç Uşaqların Beynəlxalq Müdafiəsi Günü belə onların uşaqlarıyla maraqlanan olmayıb:

“Dünən heç uşaqlar günündə belə bizimlə maraqlanan olmadı. Yenə də bizi Sevinc xanım yada saldı, yəni Sevinc xanım Bakıdan bizimlə maraqlanmasa, Mingəçevirdə biz ölmüşük-qalmışıq bundan xəbəri olan yoxdur. Bayramlarda Heydər Əliyev Fondu tərəfindən yardımlar edilir, amma pandemiya dövründə Mingəçevirdə bizimlə maraqlanmadılar. Yenə Sevinc xanım yardım göndərib. Özümüzü dolandırıq, acından ölmürük, amma ən azından rayon rəhbərliyi bizə diqqət göstərməlidir, maraqlanmalıdır. Ona görə də Mingəçevirdən köçmək fikrindəyəm, sadəcə həyat yoldaşımın məzarı burda olduğu üçün çarəsiz qalmışam”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.