XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Gəncə icra şöbəsində səhlənkarlıq - 30 minlik əmlak necə yoxa çıxıb?

Gəncə icra şöbəsində səhlənkarlıq - 30 minlik əmlak necə yoxa çıxıb?

Gəncə icra şöbəsində səhlənkarlıq - 30 minlik əmlak necə yoxa çıxıb?
19-05-2020, 09:58

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə idarəsinin icra şöbəsinin əməkdaşlarının fəaliyyətsizliyindən şok şikayət, giley-güzar almışıq.
“Demokratik.Az”-a Gəncə şəhər sakini Ələkbərova Kifayət İsbar qızının verdiyi məlumata görə, adıkeçən icra şöbəsinin əməkdaşlarının uzun illərdir sərgilədikləri səhlənkarlıq nəticəsində ona və qızı Vüsalə Ələkbərovaya verilməli olan 30 min manatlıq ev əşyaları “yoxa çıxıb”.
Şikayətçinin saytımıza bildirdiyinə görə, 18 avqust 2008-ci il tarixli (2-14/08-saylı) qətnaməsinin hüquqi nəticəsinə görə, iddiaçı Quliyeva Saida Tahir qızının iddiası təmin edilməklə Gəncə şəhəri, Bakı küçəsi 70 nömrəli evdən istifadə hüquqlarını itirmişlər və 4 mart 2009-cu il tarixdə qətnamənin icrası ilə oradan çıxarılmışlar. Lakin, çıxarılarkən ona və ailəsinə məxsus ev əşyaları saxlanc üçün iddiaçı Saida Quliyevanın ixtiyarına verilmişdir. Və icra aktına görə, 156 adda saxlanc ev əşyalarının ümumi dəyəri 30 min manat kimi qiymətləndirilmişdir.
Kifayət Ələkbərova bildirir ki, artıq 10 ildir ki, Gəncə icra şöbəsinin əməkdaşlarının boş və zəif əməli fəaliyyətləri nəticəsində əşyalarını Saida Quliyevadan ala bilmir. Nəinki ala bilmir, bu illər ərzində ümumiyyətlə sənəddə varlığı sübut olunan 30 minlik əşyalarının harada olduğunu, necə saxlandığını belə öyrənə bilmirlər. Şikayətçi hesab edir ki, əşyaları ümumiyyətlə yoxa çıxarılıb, maddi tamah məqsədilə talanıb və bunun da cavabdehliyini icraçılar da daşımalıdır.
Belə ki, hələ 2013-cü ildə hər vəchlə əşyalarını geri almağa çalışan şikayətçi bildirir ki, icraçıların öyrətməsilə əsassız məhkəməyə cəlb edilib. Bu yolla Saida Quliyeva öz üzərinə qoyulan məhkəmə öhdəliyindən planlı şəkildə yayındırılıb.
Məlum bir qətnamədən (26 fevral 2013-2(043)-84/2013) də görünür ki, Saida Quliyeva həqiqətən “qeybə çəkilən” əşyaları geri qaytarmamaq üçün Kifayət Ələkbərovaya qarşı Gəncə şəhəri Nizami rayon Məhkəməsində iddia qaldıraraq guya 2009-cu ilin martından təhvil aldıqlarını 3 ildir kirayə ünvanda saxlayır və bunun üçün də sonuncu 3900 manat pul verməlidir ki, əşyaları qaytarsın. Elə həmin məhkəmənin gedişi zamanı məlum olmuşdur ki, S.Quliyeva əslində heç bir qanuni tələb və əsaslar olmadan özünün cavabdeh olduğu əşyaları evindən çıxarmışdır. Lakin, həm məhkəmənin hakimi, nə də məhkəmə icraçıları araşdıraraq müəyyən etməmişlər ki, əşyalar çıxarılsa da faktiki haradadır və niyə gerçək sahibinə təhvil verilmir?! Borclunun uduzduğu həmin iddiaya dair qətnamə çıxaran hakim Emin Əliyevin rədd qənaətə gəlməsi üçün sadəcə şahid kimi yalanda ifadə verən ev alqı-satqısı və kirayəsi üzrə makler Aydın Ağayevi dindirmiş, lakin dediklərinin sübutuna çalışılmamış, malların hara, konkret hansı kirayə ünvana daşındığı faktiki olaraq aydınlaşdırmamışdır. Hansı ki, şikayətçinin də dediyi kimi, onlar həmin məhkəmə iclasında da ev əşyalarının harada olduğunu bilmədiklərini, bunu öyrənmək istədiklərini və əşyalarını qəbul etməyə hazır olduqlarını bildirsələr də hakim qarşı tərəfin hüquqi tələblərinə məhəl qoymamışdır. Ona görə, haqlı olaraq da şikayətçi şübhələnir ki, 30 min manatlıq ev əşyaları borclu tərəfindən talanmışdır və ümumiyyətlə faktiki mövcudluğunu itirmişdir. Ona görə də məhkəmələrdə icraçıların diqtəsilə bu cür oyunlar oynanılmışdır və icraat müddəti məqsədli qaydada yubadılmışdır. Hakimlərin bu işə hər dəfəsində etdikləri davranışları dolayısıyla məhkəmə icraçılarını da “sudan quru”ya çıxarmışdır.
Kifayət Ələkbərova bildirir ki, 10 ildir şikayət etmədikləri ünvan, məhkəmə hakimlərinin döymədikləri qapısı qalmayıb. Şikayətlərinə düzgün baxan, qanuni qüvvəsini almış qətnaməni düzgün icra edən, borclunu könüllü icraatdan yayındığı üçün cəzalandıran tapılmır. Şikayətçinin dediklərindən və işin əsas mahiyyətindən aydın etmək olur ki, əslində icraat 10 ilə yaxındır ki, qəsdən uzadılır, icra şöbəsinin məmurlarının özləri də borclu ilə sövdələşmələr edərək qanunvericiliyin tələbini bilə-bilə veclərinə almırlar. Ona görə də süni problemlər, cinayət xarakterli əməl - əmlakı qəsdən talama ortaya çıxıb.
“Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, işin icrasının təmin edilməsinə dair Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli (iş-2(044)-2740/2019) qiyabi QƏTNAMƏ və eyni məhkəmənin 12 fevral 2020-ci il tarixli (İş 8(044)-24/2020) QƏRARDAD da mövcuddur. Təəssüf ki, sonuncu qətnamə və qərardadda da Gəncə İcra idarəsinin məmuru İlkin Qədimovun təqdimatlarında və sorğulamalarına bəzi suallar yaradır. Sənədləşmə və formallıq naminə edilən icra hərəkətləri icraçının səhlənkarlığını isbat edir. Hazırda çalışılır ki, borclu öz borcunu Gəncə şəhəri Bakı küçəsində yerləşən 0,0125 kv.m torpağının hərracda satılması hesabına ödəyə bilsin. Yəni artıq icraçı üçün maraqlı deyil ki, borclunun saxlancına verdikləri 30 minlik ev əşyaları var, yoxsa yoxa çıxıb?! Əsas odurmu görəsən, borclunun adına əmlak var, vəssalam?!
Adi məntiq borclunun 10 illik öhdəliyini niyə hələ də icra etməməsinə işıq salır. Daha dəhşətli sual isə o ola bilər ki, axı hansı səbəbə 30 minlik əmlakı qorumalı, saxlamalı olan borclu öhdəliyi nəinki yerinə yetirməyib, asanlıqla şəraitdən istifadə edərək şikayətçiyə məxsus olanları "yoxa çıxara" bilib? Sizcə, niyə etdiklərinə görə, ötən müddətdə bircə dəfə də olsun cəzalandırılmayıb?
Şikayətçi onu da bildirib ki, bu illər ərzində borclu icra şöbəsinə dəfələrlə gəlib, xüsusilə şöbəsinin rəis müavini Ələmdar İbrahimovun və sabiq rəis Nizami Qocayevin "görüşlərində" olub. Lakin, icraçı və rəisləri rəsmi sənədləşmələrdə yazırlar ki, borclu özü də "yoxa çıxıb", onu tapa bilmirlər. Guya borclunun tapılması istiqamətində polis orqanına da müraciətlər ediblər və tələbin icrasına çalışırlar.
Müstəqil mətbuat orqanı olaraq inanırıq ki, şikayətçiyə qarşı özbaşınalıqların aradan qaldırılması istiqamətində Ədliyyə Nazirliyi, şəxsən çox hörmətli Ədliyyə Nazirimiz cənab Fikrət Məmmədov hərəkətə keçəcək. İcrasını gözləyən qətnamə və qərardadlara sayğı duyulacaq. Bu qalmaqallı iş dərindən araşdırılmaqla, səhlənkar icra məmurları cəzalandırılacaq, 30 minlik mal varlığını "yoxa çıxardanlar" cinayət məsuliyyətinə cəlb ediləcəklər...
(mövzu diqqətimizdədir)
Yazıda adıkeçən hər kəsə söz haqqı tanıyırıq!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.