XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » "Hesablama düzgün aparılmayıb” – Ağdamdan ŞİKAYƏT

"Hesablama düzgün aparılmayıb” – Ağdamdan ŞİKAYƏT

"Hesablama düzgün aparılmayıb” – Ağdamdan ŞİKAYƏT
17-05-2020, 16:04

Pandemiya dövründə koronavirusa yoluxma riski ilə üz-üzə olan peşə sahiblərinin sırasında tibb işçiləri öndə gəlir.

Səhiyyə Nazirliyinin aprelin 24-də verdiyi məlumata görə 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub. Eyni zamanda, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının üzvü, təcili tibbi yardım briqadasında çalışan həkim Zakir Xəlilovun koronavirus infeksiyasından vəfat etdiyi bildirilir.

Koronavirusa yoluxan və vəfat edən şəxslər arasında tibb işçilərinin olması bu şəxslərin sosial müdafiəsi məsələsini gündəmə gətirir.

Martın 18-də prezident İlham Əliyev koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan sərəncam imzalayıb.

Bu sərəncamın icrasını təmin etmək məqsədilə martın 25-də Nazirlər Kabineti tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əmək haqqlarına müddətli əlavələrin edilməsini nəzərdə tutan qərar imzalayıb.

Şikayətlərə görə qərarın icrası düzgün həyata keçirilmir.

Ağdamın Quzanlı qəsəbə sakini Füzuli Nəcəfov rayonun Təcili Tibbi Yardım Stansiyasında sürücü işləyir.
Onun sözlərinə görə, əmək haqqına müddətli əlavə onlara şamil edilsə də, hesablama düzgün aparılmayıb.
"Bizim adımızı bir dəfə siyahıya aldılar, xadimələri isə əlavə etmədilər. Sonra onları da əlavə etdilər. Daha sonra isə bir gecənin içində siyahını mühasibatlıqda dəyişdirib göndərdilər”, - şikayətçi danışır.
İnfeksiyaya yoluxan və ya şübhəli şəxslərdən yaxmaları təcili yardım işçilərinin götürdüyünü nəzərə çatdıran F.Nəcəfov onların risklə üz-üzə olduqlarını deyir: "Virusa yoluxma şübhəsi olan xəstələrdən yaxmaların götürülməsini təcili yardım işçiləri həyata keçirir. Bu sərəncam da virusa yoluxma təhlükəsinə görə verilib. Əgər tibb bacısı yoluxubsa, bu sürücünün yanında oturur. Qərar varsa, bu hər kəs üçündür. Orda göstərilməyib ki, sürücünü bir kənara qoy, dispetçerə ver”.

Şikayətçi əmək haqlarına edilən müddətli əlavələrin gecikdirilməsinin və ya az hesablanmasının kimlər tərəfindən edilməsindən xəbərsiz olduğunu söyləyir, amma bunun qanunsuz olduğunu bildirir: "TƏBİB edir ya başqası, kim edirsə, qanunsuzdur”.
Füzuli Nəcəfov onlara mayın 15-də ödənilən məbləğin az olduğunu və fərqli şəkildə hesablandığını bildirir: "Mənə 320 manat pul ayrılıb. Eləsi var 260 manat hesablanıb. Mənim maaşım 520 manatdır. Bu verilən məbləğ maaşın heç 2 misli deyil. Həm də bu mart ayı üçün nəzərdə tutulan məbləğdir”.

O, eyni zamanda 5 xadiməyə əlavə ödənişlərin hesablanmadığını deyir.

"Digər rayonların tibb işçiləri ilə də əlaqə saxlamışıq. Onlarda xadimələr üçün də əlavə ödənişlər hesablanıb. Çox maraqlıdır ki, niyə birində hesablanır, birində yox?”, - şikayətçi narazı halda sual edir.

Maliyyə Nazirliyi gecikmələri texniki problemlərlə əlaqələndirir.

O ki qaldı maaşlara əlavələrin doğru hesablanmamasına, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib: "Müddətli əlavələri Agentlik yox, tibb işçilərinin çalışdığı müəssisələr hesablayır. Müddətli əlavələrin mart ayına nəzərdə tutulan hissəsinin digər dövlət tibb müəssisələri üzrə hesablanması və ödənilməsi prosesi davam edir”.
Zaur Əliyev həmçinin bəzi tibb işçiləri və tibb müəssisələrinin rəhbərlərinin əmək haqlarına əlavə artım məsələsini yanlış başa düşdüklərini söyləyib.

O deyib ki, bir gün əlavə işə çıxanlar belə düşünürlər ki, onlara bir aylıq əlavə əməkhaqqı veriləcək, amma bu, belə deyil. "Mart ayı üçün 9483 tibb işçisi, 1043 qeyri-tibb işçisinə əlavələr ödənilib. Bu da 6 milyon manatdan çox vəsait deməkdir. Hələ də bizə siyahılar daxil olur. 10 mindən çox tibb və qeyri-tibb işçisi mart ayı üzrə müddətli əlavə alıb".

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, prezidentin sərəncamı dərhal icra olunmalıdır: "Düzdür, bunun texniki tərəfi və əlavə vəsaitin köçürülməsi Maliyyə Nazirliyinə tapşırılıb. Amma sərəncamın icra olunmasının gecikdirilməsi artıq ümumi qaydaların pozulması deməkdir. Maliyyə Nazirliyində ola bilsin ki, hansısa texniki hallar yaşansın, amma bunun altını tibb işçiləri çəkməməlidir”.

Ekspert həkimlərin virusla mübarizənin ön cəbhəsində vuruşduğunu və bütün dünyada həkimlərin daha böyük məbləğdə məvacib alması üçün ölkələrin ard-arda qərarlar verdiyini diqqətə çatdırır.

"Rusiyada artıq mayın ödənişlərini ödəyib bitiriblər. Hətta qərar o idi ki, mayın ödənişləri ayın 15-dək ödənilməlidir”,- iqtisadçı ekspert xarici təcrübəni bölüşür.

Azərbaycandakı vəziyyət barədə də öz fikirlərini bölüşən N.Cəfərli hesablamaların düzgün aparılmamasına da toxunur: "Sərəncamda 3 dəfə və 5 dəfə artırılma təsnifatı var. Bəzi şikayətlər var ki, 5 dəfə artırılma təsnifatına uyğun gələn həkimlərə 3 dəfə artırılma təsnifatına uyğun hesablama aparılıb. Bu da düzgün yanaşma deyil”.
Ekspert həkimlərin maaşının aşağı olduğundan onun 3 və ya 5 dəfə artırılmasının belə yetərli olmadığını qeyd edir.

O, hökumətin məsələyə daha ciddi yanaşmalı olduğu qənaətindədir.

"Bu qərar bir neçə ay üçün nəzərdə tutulub. Qərarın ilin sonuna kimi uzadılması daha məqsədəuyğun olardı. Çox güman ki, bu ilin sonuna qədər vaksinin tapılması mümkün olmayacaq. Həkimlər yenə də risk zonasında fəaliyyət göstərəcəklər”, - N.Cəfərli söyləyir.
Hüquq müdafiəçisi Ələsgər Məmmədli maaşların hesablanmasının Nazirlər Kabinetinin qərarına görə müəyyən edildiyini bir daha nəzərə çatdırır.

"Prezident Sərəncamının icrasına görə daha sonra Nazirlər Kabineti qayda müəyyən edir. Həmin qayda ilə hesablanma aparılmalıdır. Əgər işçilər düşünürsə ki, hesablamalar yanlış aparılıb bu zaman həm əmək müfəttişliyinə, həm də məhkəməyə müraciət edə bilərlər”, - ekspert əlavə edir.Toplum.tv

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.