SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Alimpaşa komandası bizi bitirmədən gəlin” - Baş redaktor DTX-nı Şəmkirə dəvət etdi

"Alimpaşa komandası bizi bitirmədən gəlin” - Baş redaktor DTX-nı Şəmkirə dəvət etdi

Tarix:

6-05-2020, 13:31

/ 1 780 dəfə oxundu.
"Alimpaşa komandası bizi bitirmədən gəlin” - Baş redaktor DTX-nı Şəmkirə dəvət etdi

Şəmkir şəhər bələdiyyəsinin sədri Vüqar Həsənov “Ruzi” qəzetinin Baş redaktoru İbrahim İbrahimovu məhkəməyə verib.

Ovqat.com xəbər verir ki, ötən il bələdiyyə seçkilərində namizədliyini irəli sürən İbrahim İbrahimov həmin vaxt saytımıza tele-müsahibəsində Şəmkirdə baş verən bir sıra qanunsuzluqları ifşa etmiş və bununla da rayon rəhbərliyinin nifrətini qazanmışdı.

İndi onu həmin müsahibədə dilə gətirdiyi iddialara görə məhşər ayağına çəkirlər.

Faktı dəqiqləşdirmək üçün İbrahim İbrahimovla əlaqə saxladıq. Məlumatı təsdiqləyən jurnalist bələdiyyə sədri tərəfindən guya ona böhtan atdığı iddiası ilə məhkəməyə verildiyini bildirdi. Halbuki, dediyinə görə, dilə gətirdiyi hər kəlmənin arxasında mütləq bir sənəd dayanır və hər hansı böhtandan söhbət gedə bilməz: “Mən əsassız danışmamışam. Amma Azərbaycan reallığı da hər kəsə bəllidir. Xüsusilə rayonlarda məhkəmələr İcra Hakimiyyətlərinin bir uzantısı rolunu oynayırlar. Onlar icra başçısının iradəsindən kənara çıxa bilməzlər. Məni məhkəməyə verən isə formal olaraq Vüqar Həsənovdur. Onun arxasında İcra başçısı Alimpaşa Məmmədovun dayandığı hər kəsə bəllidir. Yəqin ki, məhkəmənin hökmü də mənim əleyhimə olacaq”.

İbrahim İbrahimov ölkədə hüquq sahəsində ciddi islahatların getdiyi, Prezident İlham Əliyevin yeni Baş Prokuror Kamran Əliyevlə videoformatlı söhbətində ölkədə qanunun aliliyi prinsipinin prioritet təşkil etdiyini, məhkəmələrinin indiyədək qanunsuz hökmlər çıxardığını, daha ədalətsizliklərə yol verilməyəcəyini bildirdiyi və bunu hüquq mühafizə orqanlarına dönə-dönə tapşırdığı bir zamanda Şəmkirdə ona qarşı açılmış cinayət işinin ölkə rəhbərliyinin iradəsinə zidd addım olaraq qiymətləndirən İbrahimov dedi: “Bilirsiniz ki, istər ölkə başçısı çıxışlarında, istərsə də Baş Prokurorluq yaydığı məlumatlarda hər kəsdən qarşılaşdıqları qanunsuzluqları dilə gətirməyi tələb edir. Mən də bunu etmişəm. Ölkə mətbuatına, xüsusilə Ovqat.com-a verdiyim müsahibələrin hamısını əyani sübutlarla ortaya qoymuşam. Şəmkirin icra strukturları isə məni prezidentin göstərişlərini yerinə yetirdiyimə görə cəzalandırmağa çalışırlar. Elə bu faktın özü başlı-başına dediklərimin tam sübutudur. Mənim bütün dediklərimin bir tezisi vardı – Alimpaşa komandasının Şəmkirdəki bütün fəaliyyəti prezident İlham Əliyevin həyata keçirmək istədiyi islahatları sabotaj etməyə yönəlib. Bu da fakt: Prezident qarşılaşdığınız problemi işıqlandırın deyir, vətəndaş işıqlandırır, İcra strukturları repressiv mexanizmlərini işə salırlar”.

DTX-nın digər rayonlarda keçirdiyi əməliyyatları yüksək qiymətləndirən İbrahim İbrahimov qurumu Şəmkirdəki qanunsuzluqlara da nəzər salmağa dəvət edib: “Onsuz da bu əməliyyatın gec və ya tez baş tutacağına əminəm. Amma əməliyyat nə qədər yubansa, bizim kimi dövlətin maraqlarını hər şeydən üstün tutan insanların bir o qədər çox represiyalara məruz qalacağı da istisna deyil. DTX sədri Əli Nağıyevin yüksək ixtisaslı kadr olduğu keçirilən əməliyyatlardan da bəlli olur. Ümidvaram ki, cənab Nağıyev mənim bu mülahizələrimlə razılaşar və Alimpaşa komandasının rayonda daha çox at oynatmasına imkan vermədən əməliyyat düyməsini basar”.

Qeyd edək ki, İbrahim İbrahimova qarşı qaldırılmış məhkəmə işi may ayının 7-də başlayır.

İbrahim İbrahimovun DTX-ya səslənərək “Alimpaşa bizi bitirmədən gəlin” söyləməsi orta əsrlərdə yaşamış məşhur türk ozanı Pir Sultan Abdalın
“Xızır paşa bizi bərdar etmədən,
Açılın, qapılar, şaha gedəlim”,- sözlərini yada salır. Görünən budur ki, Pir Sultan Abdalın ölümündən 450 ilə yaxın zaman keçməsinə baxmayaraq, coğrafiyamızda paşaların, xanların kəsilməyən zülmü vətəndaşlarımızı hələ də şahlara pənah aparmağa vadar edir.


Şərhlər

XƏBƏR LENTİ