XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Neftçala həbslərdən sonra - Dəyişən nə var?..

Neftçala həbslərdən sonra - Dəyişən nə var?..

Neftçala həbslərdən sonra - Dəyişən nə var?..
13-04-2020, 11:59

Neftçalada səsküylü həbslərdən təqribən ay yarım keçir. Bu müddətdə əhalinin gözləntilərində nələr özünü doğruldub?..
Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və daha 6 nəfər yüksək vəzifəli məmurun həbsindən iki aya yaxın vaxt keçir. İsmayıl Vəliyevin yerinə vəzifələndirilən Mirhəsən Seyidovun təyinatından isə aprelin 5-də bir ay ötdü. Bəs bu müddət ərzində neftçalalıların gözündə nələr dəyişib?

PİA.az Neftçaladakı vəziyyətdən xəbərdar olan bir neçə mənbədən aldığı məlumatlar əsasında rayondakı vəziyyəti araşdırıb. Qeyd edək ki, söhbət etdiyimiz mənbələr müxtəlif dövlət qurumlarında çalışıblar və bəziləri də hazırda çalışdıqları üçün, o cümlədən əksəriyyətinin YAP üzvü olmalarına görə, onların istəklərinə uyğun olaraq adlarını çəkməyəcəyik. Lakin mənbələrimizin söylədiklərinin həqiqət olduğunu da rayon sakinləri bildiyi kimi oxucularmız da hiss edəcəklər.

"Bəxtsiz cavan" - Neftçala

Neftçala rayonu Azərbaycanın ən kasıb rayonlarından biri hesab olunur. Tək giriş-çıxışı Salyandan olan Neftçala əhalisi kənd təsərrüfatı ilə məşğul olur. Bir qismi də balıqçılıqla məşğul olan rayon sakinlərinin 90%-i gündəlik çörək pulunu zorla çıxarırlar.

1931-ci ildə Salyandan ayrlaraq "Kür" adı ilə təşkil olunan rayonu daha sonra bir neçə dəfə Salyana birləşdirib yenidən ayırıblar. Neftçala sonuncu dəfə 1973-cü ildə Salyandan ayrılıb.

Sovet dönəmində rayonda bir neçə iri müəssisə fəaliyyət göstərib və onların arasında 2 mindən artıq insanın çalışdığı Yod-Brom zavodu xüsusi əhəmiyyət daşıyıb və bütün SSRİ-də tanınınıb. Əsası Hacı Zeynabdin Tağıyev tərəfindən qoyulan Neftçala Balıq Kombinatı da ölkənin tanınmış müəssisələrindən olub. Əmək qabiliyyətli əhalinin bir hissəsi də neftçıxarma sahəsində çalışıb. Əhalinin əsas hissəsi isə kolxozlarda işləyiblər. Buna baxmayaraq sovet dönəmində belə rayonda ciddi tikinti və quruculuq işləri aparılmayıb. Sırf fəhlə-kəndli rayonu olan Neftçalada varlı insanlar barmaqla sayılıb və əsasən kolxoz sədrləri olan bu varlı insanlar da sovet dönəmində faktiki olaraq feodal rolunda çıxış ediblər.

Müstəqilliyin ilk illərində isə bütün bu infratrukturklar dağılıb. Sovet dönəmində alverçi ola bilməyən neftçalalılar müstəqillik dönəmində iş yerlərini itirdiklərinə görə sürətlə kasıblaşıblar. Bunun əsas səbəblərindən biri də rayonun "dalan"da yerləşməsi olub.

Rayonun fauna və florası isə çox zəngindir. İqtisadi baxımdan rayonu bütün sahələrdə inkişaf etdirmək üçün yerli resurslar mövcuddur. Lakin bu resurslar istər sovet dönəmində, istərsə də müstəqillik dönəmində rayon rəhbərləri tərəfindən sadəcə talan edilib və bu talan uzun illərdir davam edir. Neftçalanın inkişafı üçün hansısa addımların atılması, layihələrin hazırlanması və rayona sərmayənin cəlb edilməsi isə heç bir başçının vecinə olmayıb...

Sovet dönəmində müxtəlif vəzifələrdə çalışan həmsöhbətlərimizdən biri rayonun tarixindən danışarkən, Neftçalanı "bəxtsiz cavan" adlandırır. Həmsöhbətimiz deyir ki, sovet dönəmində kənardan rayona təyin olunan raykomlar rayonu talan etməklə məşğul olublar və elə bu ənənə müstəqillik dönəmində də davam etdirilib. Raykomları əvəz edən başçılar isə Neftçalaya qarşı daha müstəbid olublar və əsas qayələri də rayonu talan edib daşımaq olub.

İsmayıl Vəliyev tərəfindən üzbəüz tikilən rayon icra hakimiyyətinin inzibati binasının və Heydər Əliyev Mərkəzinin arxasına keçmək isə Neftçalanın necə bir səfalət içində yaşadığını görmək üçün kifayət edir. Neftçalanın mərkəzi bazarı da rayonun necə xarabazar olması üçün açıq nümunədir.

İsmayıl Vəliyevin ağır mirası

Bu gün Neftçalanın yaşadığı reallığı doğrudan səfalət adlandırmaq olar və bu səfaləti yaradanlar icra başçıları olub. Yəni İsmayıl Vəliyev bu səfaləti təkbaşına yaratmayıb, sələflərindən miras alıb. Lakin İsmayıl Vəliyevin "idarəetməsi" rayonu elə bir vəziyyətə salıb ki, onun mirasçısının vəziyyətinin yaxşı olmayacağı elə indidən aydındır.

Əlbəttəki Mirhəsən Seyidov Neftçalada nələri isə dəyişmək, vəziyyəti yaxşıladırmaq və stabilləşdirmək istəyərsə?!..

Həmsöhbətimiz bildirir ki, digər başçılardan fərqli olaraq İsmayıl Vəlivevi rayon əhalisinin problemləri azacıq da olsun maraqlandırmayıb. Rayona yeni gələrkən işə köhnə binada oturmaq istəməyən Vəliyev rayon icra hakimiyyətinin inzibati binasını və Heydər Əliyev Mərkəzini inşa edib. İsmayıl Vəliyev sonradan bütün abadlıq işlərini yarımçıq buraxıb və ətrafına yığdığı bir neçə şəxs vasitəsi ilə adamlardan, idarə və müəssisələrdən, sahibkarlardan pul toplamağa başlayıb.

Əvvəllər bütün bu işləri özüylə gətirdiyi Rüstəm Tahirov adlı köməkçisi həyata keçirib. Lakin bir müddət sonra Rüstəm Tahirovun gözü ayaqlarının altını görməyib və əxlaqsız hərəkətlərə yol verib. Nəticədə onun bahalı maşını yandırılıb, özü isə gecəylə rayonu tərk edib. Bundan sonra isə İsmayıl Vəliyev pul toplamaq üçün "köməkçilərini" yerlilərdən seçib.

Ümumilikdə isə mənbələrimiz bildirir ki, İsmayıl Vəliyev Neftçalaya yol kəsən quldur taktikası yanaşıb və belə də idarə edib. Bu üzdən də hazırda rayonda böyük sosial tənəzzül yaşanmaqdadır.

Sosial ədalətin dəfn olunduğu rayon

Neftçalada bu gün sosial problemlər o qədər böyükdür ki, bu problemlərin həlli doğrudan İsmayıl Vəliyevin xələfi üçün çox ağır olacaq. Hər şeydən əvvəl kasıbçılığın dibinə endirilən neftçalalıların hər birinin öz tələbləri var və bu tələblər çox vaxt təbii olaraq başqa tələblərlə üst-üstə düşmür. Sosial narazılıq isə son həddədir. Yalnız prrezident İlham Əliyevin nüfuzu və prezidentin başlatdığı islahatlara olan inam neftçalalıları açıq etirazdan saxlayan yeganə səbəbdir. Bunu həmsöhbətlərimiz xüsusi olaraq qeyd edərək onu da vurğulayıblar ki, İsmayıl Vəlyevin həbsi onlarda ədalətin gec-tez bərqərar olmasına inam yaradıb. Onlara görə indi Neftçalada İsmayıl Vəliyevin öldürdüyü sosial ədaləti bərpa etmək zamanıdır.

Məktəblərdə təhsil əvəzinə rüşvət baş alıb gedir

İsmayıl Vəliyevdən əvvəl Neftçalada təhsil istemi ölkənin qabaqcıl təhsil sistemlərindən biri kimi tanınınb və bunu rəqəmlərdə təsdiq edir. Lakin İsmayıl Vəliyev gəldikdən sonra təhsil sistemi darmadağın olub. Hər şeyin pulla alınıb satıldığı rayonda direktor vəzifələrinə pedoqogiyadan uzaq adamlar gətiriliblər. Onların əsas vəzifəsi isə təhsil deyil, pul toplamaq olub.

Uzun illər müəllim işləyən həmsöhbətimiz deyir ki, son illər məktəblərdə acınacaqlı vəziyyət yaranıb. Buna səbəb isə rayonun aparıcı məktəblərinə təsadüfü, bəzən isə mənəvi dəyərləri ilə tutduqları vəzifəyə layiq olmayan şəxslərin direktor təyin olunmaları olub. Bu direktorları isə təhsil, şagirdlərin təlim və tərbiyəsi deyil, pul toplamaq maraqlandırır. Çünki rayon təhsil şöbəsinin onların qarşısına qoyduqları təlbat budur. Təbii ki, bu təlabatı da rayon təhsil şöbəsinin qarşısına İsmayıl Vəliyev və onun müavini Gültəkin Sadıqova qoyub.

İsmayıl Vəliyevin rüşvət və korrupsiya sistemi hələ də çalışır

Eyni vəziyyət səhiyyə sistemində də hökm sürür. Rayonun digər bütün müəssisə və təşkilatlarında da eyni acınacaqlı vəziyyət var və maraqlıdır İsmayıl Vəliyevin rüşvət və korrupsiya sistemi o həbs olunduqdan sonra da davam edir. Bu barədə bizə danışan mənbələr qeyd edib ki, rayon məktəblərində, səhiyyə və tibb mərkəzlərində hələ də pullar topanılır. Bu pulların indi kimə verildiyini isə ancaq təxmin etmək olar. Ancaq bu təxmini yürütmək belə çox çətindir.

Maraqlıdır ki, İsmayıl Vəliyevin və birbaşa rəhbərlərinin həbsindən sonra da səhiyyədə baş həkimlər, təhsildə direktorlar və digər idarə və müəssisələrin rəhbərləri pul toplamaqda davam ediblər. İddiaya görə bu prosses indi də davam edir.

Yəni Neftçalada İsmayıl Vəliyevin və digər 6 vəzifəli şəxsin həbsindən sonra faktiki olaraq heç nə dəyişməyib. Bunu Neftçala sakinləri də təsdiq ediblər. Onlara görə bütün bu rüşvət və korrupsiya sistemini dayandırmaq üçün Neftçalada köklü kadr islahatları aparılmalıdır. Ən böyük islahat isə hakim Yeni Azərbaycan Partiyasının Neftçala təşkilatında aparılmalıdır.

Hakim partiya dəyişməli, dəyişdirilməlidir

Neftçalada söhbət etdiyimiz hər kəs köklü kadr islahatının vacibliyini vurğulamaqdadır. Onlara görə yeni kadrların düzgün seçilməsi üçünsə əsas kadr bazası olaraq çıxış edən Yeni Azərbaycan Partiyasının Neftçala təşkilatında "təmizləmə" işləri aparılmalı, hakim partiya tamamilə süzgəcdən keçirilməli və partiyanın nüfuzuna ölümcül zərbə vuran şəxslər partiya sıralarından çıxarılmalıdır.

Son parlament seçkisinin nəticələrinə də baxdıqda Neftçalada hakim partiyanın nüfuzunun sıfıra yaxınlaşdığını görmək olar. YAP Neftçala təşkilatının hazırda 5 000-dən artıq üzvü olduğu söylənilir. Lakin 5 000 üzvü olan partiya son parlament seçkilərində Neftçalada cəmi 350 səs toplayıb.

Bu YAP-ın Neftçaladan olan namizədi Gültəkin Sadıqovanın rayon üzrə ümumi toladığı səs olub və Gültəkin Sadıqovanın qohum-əqrabasını nəzərə alarsaq, belə görünür ki, 5 000 nəfərdən artıq üzvü olan partiyanın namizədi öz partyadaşlarının ən çoxu 3-4%-nin səsini ala bilib.

Qeyd edək ki, seçkilərin qalibi Sabur Rüstəmxanlı 2 300-dən bir qədər artıq səs toplayıb. Seçkinin digər favoriti Xaqani Abdullayev isə Sabur Rüstəmxanlıdan cəmi 100 az səs toplayıb.

Bu statistika YAP Neftçala təşkilatı üçün doğrudan acınaclıdır və sıravi YAP-çıların rayonda baş verənlərə etirazının birbaşa nümunəsidir. Bu nəticə istər rayonun yeni başçısı üçün, istərsə də YAP-ın mərkəzi aparatı üçün YAP Neftçala təşkilatında ciddi təmizləmə işlərinin aparılması üçün əsas olmalıdır.

Bizim söhbət etdiyimiz hər kəs bir ağızdan evində belə hörmətə sahib olmayan, yaşadığı ərazidə isə ən pis imicə sahib olan insanların bu gün YAP Neftçala təşkilatında söz sahibi olduqlarını vurğulayıblar. Məhz bu insanlar İsmayıl Vəliyev tərəfindən seçilərək müxtəlif vəziflərə, o cümlədən məktəblərə direktor təyin olunublar. Həmsöhbətlərimiz bir ağzadan bildirilər ki, bu insanlar YAP-dan xaric olunmadığı və hakim partiya tamamilə yenilənmədiyi təqdirdə rayonda aparılacaq heç bir islahat özünü doğrultmayacaq.

Yeni icra başçısı nə işlə məşğuldur?..

Gördüyümüz kimi İsmayıl Vəliyevin qalmaqallı həbsindən sonra Neftçala əhalisinin prezident İlham Əliyev tərəfindən Neftçalaya başçı təyin edilən gənc Mirhəsən Seyidovdan gözləntiləri böyükdür. İnsaf naminə qeyd edək ki, Neftçalada söhbət etdiyimiz hər kəs Mirhəsən Seyidovun işinin heç də asan olmadığını vurğulayıb. Mənbələrimizə görə gənc Mirhəsən Seyidovun prezidentin etimadını və neftçalalıların gözləntilərini doğrultması üçün çox böyük və təməlli islahatlar aparmasına ehtiyac var və hər şey bu islahatların necə aparılmasından asılıdr.

Rayona gəldiyi bir aydan artıq müddətdə isə Neftçalada heç bir şey dəyişməyib. Yeni başçı əsasən karantin qaydalarının təmin olunması ilə məşğul olur. Lakin rayonda öz həllini gözləyən bir çox məsələlər də var.

Rayondan aldığımız məlumatda bir narahatedici məqam da diqqət çəkməkdədir. Bu məqamı bütün həmsöhbətlərimiz qeyd elədi. Belə ki, ölkənin ən gənc icra başçısı olan Mirhəsən Seyidov özüylə rayona iki dostunu da gətirib və həmin şəxslər rayonun idarə və təşkilat rəhbərləri ilə qeyri-rəsmi görüşlər geçirməkdədirlər. Bu görüşlər barədə yayılan dedi-qodular isə heç də nikbin olmağa və Mirhəsən Seyidovun rayonda dərin ishatlar aparılacağına əsas vermir.

Həmsöhbətlərimiz bu dedi-qoduların artıq rayonda Mirhəsən Seyidovun rayona öz "rüstəm"ləri ilə gəlməsinə əsas yaratdığını da vurğulayıblar...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.