SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əlil bu şəraitdə yaşaya bilməz - GİLEY

Əlil bu şəraitdə yaşaya bilməz - GİLEY

Tarix:

1-04-2020, 10:47

/ 1 146 dəfə oxundu.
Əlil bu şəraitdə yaşaya bilməz - GİLEY

Gəncənin Kərpiczavod qəsəbəsində anası və qardaşı ilə yaşayan Xəyal Qafarov doğulandan serebral ifliclə mübarizə aparır. 29 yaşlı gənc yaxınlarının sayəsində həyatda qalmağa çalışır.

Qəsəbəyə qədər uzun yol ölçmək lazım gəlir. Çünki bura ictimai nəyliyyat işləmir, ümid taksilərə qalır. Kələ-kötür yollar taksi sürücüsü ilə söhbəti uzadır. Onun sosial problemlərdən danışmağa vaxtı çoxdur. Deyir ki, qəpik-quruşa işləyirlər…

Bizə Xəyalın xalası Sevda Qafarova bələdçilik edir. Sonradan gəncin anası Səadət Qafarova danışacaqdı ki, bacısı onun köməyinə çox gəlir, hətta oğlunu çimizdirməyə də əl yetirir.

Xəyal doğulandan xəstəliyə düçar olub. Səadət xanım xatırlayır ki, 1991-ci ildə oğlunu dünyaya gətirəndə hətta otaqda işıq da olmayıb, doğuş zamanı uşaq xəsarət alıb. Yalnız Xəyalın 9 yaşı olanda ciddi müalicəyə imkan tapıblar, onu Moskvaya aparıblar. Rusiya paytaxtında həkimlər deyib ki, ailə çox gecikib, bundan sonra uşağın fiziki gələcəyi işıqlı görünmür.

“Bir-iki dərman yazdılar, qayıdıb gəldik. Əlbəttə, yaxşı məsləhətlər verdilər. Məsələn, demişdilər ki, güclü qidalanmalıdır. Qırmızı kürü yedirməyi tövsiyə eləmişdilər. Bizim üçün mümkünsüz idi. Biz özümüz heç vaxt kürü yeməmişik”, – Səadət xanım həmin günləri belə xatırlayır.

Xəyalın qayğısına ən çox anası ilə qardaşı Nadir qalır. Səadət xanımı dərd götürüb ki, kiçik oğlu əsgərliyə gedəndən sonra böyük yükün öhdəsindən necə gələcək. Qadın evin içində gəzəndə axsadığını hiss etmişdik. Sonradan özü danışdı ki, altı il əvvəl tavandakı çilçırağı təmizləyəndə hündürdən yıxılıb, xəsarət alıb. Keçən il ayağı şişəndə təcili əməliyyat lazım olduğu üzə çıxıb.

“O vaxt çox pis yıxılmışdım. Hətta huşumu itirmişdim. Dedilər ki, məhz həmin travmaya görə əməliyyat olunmalıyam. Təxminən bir il əvvəl baş tutdu. Amma bununla problem həll olunmadı. Hər ay ayağıma maye yığılır, gedirəm, xəstəxanada çəkirlər. Maye çəkiləndən sonra bir az rahatlıq tapıram. Sonra yenə gəzmək əziyyət verir”, – Səadət xanım danışdıqca kədərlənir. Qadın əlil uşağa baxmağın əziyyətindən danışır. Yükün ağırlığını anlamaq çətin deyil: “Adicə təbii ehtiyaclarını ödəmək üçün iki nəfərə ehtiyac var. Gəzə bilmir, sürünür. Mən ayağımın düzəlməsini daha çox oğluma görə istəyirəm. Sağlamlığım imkan verəndə eşiyə gəzməyə çıxarırdım. O da yazıqdı, havaya çıxmaq istəyir. Heç nə yox, bu uşağa görə sağlam olmalıyam. Mən onu ata bilmərəm. Ölənə qədər uşağıma baxacam”.

Qadın danışır ki, oğlunun üzünü, saçını özü qırxır: “Ac, kirli qoymuram. Məndən başqa heç kimi yaxına qoymur. Danışıb dərdini də deyə bilmir. Mənə pis təsir eləyən odur ki, uşağıma lazımınca baxa bilmirəm. Adicə işə gedə bilmirəm. Yarımcan qalmışam”.

Ana elə indi də ayağının ağrıdığını deyir. Çox çətinlikləri olduğundan, ağır yük qaldıra bilməməsindən danışır: “Yenə ümidimi itirmirəm. Amma sanki dövlət xəstəxanasının məni sağaltmağa gücü çatmır. Yardıma çox ehtiyacımız var. O uşağın yatdığı yerə baxın. Əlil bu şəraitdə yaşaya bilməz. İmkanım yoxdu ki, yaxşı müalicə olunum. Uşağın yaşaması üçün mən sağlam olmalıyam. Mən də pis vəziyyətdəyəm”.

Sevda xanım söhbətə qoşulur. Xəyalın həssaslığını qeyd edir. Deyir ki, qapı açılan kimi bacısı oğlu iməkləməyə başlayır, çölə can atır. Xəyalı tək qoymağın təhlükəsindən söz açılır. Ana etiraf edir ki, harasa gedəndə oğlunu çarpayıya bağladığı vaxt da olub:

“Çarəm qalmayıb. İməkləyib sobaya yaxınlaşır. Özünü, evi yandıra bilər. Televizoru aşırdır”.

“Necə dolanırsınız?” sualının tam zamanıdır. Cavab da sadədir: “Neyləyək, acından ölməməyə çalışırıq. Çox çətindir…”

Evə ayda cəmi 391 manat gəlir: 250 manat birinci qrup əlilə verilən müavinət, 141 manat da sosial yardım. Çatmadığını ailə üzvləri deməsə belə, bilmək çətin deyil. Səadət xanım sözarası deyir ki, pulun təkcə 90 manatı Xəyal üçün aldıqları bezə gedir.

Ev təmirsiz, nimdaş gündədir. Qadın yağışlı havalarda otaqların su içində olmasını yada salır.

Ani sükut yaranır. Ana xəstə oğluna tərəfə əyilir, onun üzündən öpür. Xəyal nəsə deməyə çalışır…
Əlil bu şəraitdə yaşaya bilməz - GİLEY

Şərhlər

XƏBƏR LENTİ