XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Beyləqan Suvarma Sistemləri idarəsində “ölü canlar” - ŞOK İDDİA

Beyləqan Suvarma Sistemləri idarəsində “ölü canlar” - ŞOK İDDİA

Beyləqan Suvarma Sistemləri idarəsində “ölü canlar” - ŞOK İDDİA
3-03-2020, 16:11

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Əhməd Əhmədzadəyə bir qrup Beyləqan sakinləri tərəfindən

AÇIQ MƏKTUB

Hörmətli Əhməd müəllim!

Biz, Beyləqan sakinləri, artıq neçənci dəfədir ki, Sizə şikayət məktubu ilə müraciət edirik. Lakin dəfələrlə olunan müraciətlərimizə rəğmən bizi narahat edən son dərəcə ciddi problem hələ də öz həllini tapmır. Ola bilsin ki, bunun bir səbəbi də mətbuat vasitəsilə etdiyimiz müraciətlərin KİV-də dərc olunmamasıdır. Bizim şikayətimiz isə Beyləqan rayonu Suvarma Sistemləri idarəsinin rəisi Azim Kərimovun yarıtmaz fəaliyyətindən, bu şəxsin törətdiyi ciddi qanun pozuntularından, bu səbəbdən icrası əngəllənən dövlət proqramlarından, talan edilən dövlət vəsaitlərindən və bütün bunları ört-basdır edən Sizin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin aparat işçilərindəndir.

Bundan əvvəl mətbuat vasitəsilə etdiyimiz müraciətlərdə də biz göstərmişdik ki, Beyləqan Suvarma Sistemləri idarəsində bu gün real işçilərdən daha çox “ölü canlar”ın üstünlük təşkil edirlər. Məsələn, Nərgiz Məmmədovanın rəhbərlik etdiyi kadrlar şöbəsində şöbə müdirinin həyat yoldaşı, oğlu və qaynatası da işçi kimi qeydiyyatdadırlar. Amma təbii ki, onlar bu idarədə çalışmırlar. Sadəcə olaraq onların adlarına maaş yazılır və bu vəsaitləri də şöbə müdiri kartdan çıxarır. İdarədə dövlət vəsaitlərinin talan edilməsinə vəsilə olanölü canların siyahısını davam etdirək. Kamil Salehli adlı bir şəxs, həmçinin Azim Kərimovun sürücüsü Sabir Babyev və onun həyat yoldaşı da bu siyahıdadırlar. Onların heç biri işə gəlmirlər. Azim Kərimov avtomobili özü idarə edir. Sabir Babayevin həyat yoldaşı isə bu idarədə “pompaçı” vəzifəsini tutur. Təsəvvür edin ki, bu işdə bir qadının çalışmasına hələ dünyanın heç bir yerində rast gəlinməyib! Yəni bu qədər də özbaşınalıq, rüsvayçılıq olmaz axı... Niyə bu əməlləri törədən Azim Kərimova bir dur deyən yoxdur?

Görün vəziyyət necə bir həddə gəlib çıxıb ki, artıq Ölkə Prezidentinin icrasına vəsait ayırdığı və birbaşa nəzarətində saxladığı işlər də Azim Kərimov tərəfindən sabotaj edilir. Bunlar boş iddialar deyil. Diqqət edin, biz artıq keçən müraciətimizdə qeyd etmişdik ki, Beyləqan rayonu Suvarma Sistemləri idarəsində “ölü canlar”la bağlı ən pis vəziyyət tikinti şöbəsindədir. Burada 35-40 nəfərin adı maaş cədvəlinə yazılsa da, reallıqda şöbənin işini 3-4 işçi görür. Bu səbəbdən də hal-hazırda dövlət vəsaiti hesabına aparılan kanal tikintisi işlərinə kənardan günəmuzd 20 manat ödəniş müqabilində işçi qüvvəsi cəlb edilir. Halbuki, az sayda olsalar da, idarənin real işçiləri həmin işi daha ucuz qiymətə icra edə biləcəklərini bildirirlər. Aydın görünür ki, Azim Kərimov burada şəxsi maraqlarından çıxış edərək dövlət pullarının mənimsənilməsinə yol açıb. Ümumiyyətlə, idarənin maaş cədvəli yoxlanılarsa, məlum olar ki, burada ölü canlara yazılan əmək haqqları, real işçilərə yazılandan daha çoxdur. Ümumilikdə isə idarədə sənədlərə görə 100-dən artıq işçinin olduğu göstərilsə də, əslində real olaraq işə hər gün 25-30 nəfər gəlir. Qalanlarının isə maaş kartları ya birbaşa Azim Kərimovda, ya da şöbə müdirlərində olur ki, onlar da maaşları kartdan çıxaran kimi rəisin haqqını çatdırırlar.

Ötən müraciətimizdə də biz bildirmişdik ki, “ölü canlar” məsələsi bu idarənin yeganə problemi deyil. Belə ki, idarənin balansında olan bütün texnikanı Azim Kərimov icarəyə verib, pullarını da yığıb cibinə qoyur. Hələ bir üstəlik həmin texnikaya yanacaq, sürtkü materialları, ehtiyyat hissələri, təmir pulları da silinir. İdarəyə gələn yanacaq isə heç parkın həyətindəki çənə də boşaldılmır. Benzini idarənin yaxınlığında yerləşən “qırmızı zapravka” deyilən yanacaqdoldurma stansiyasına təhvil verib orda satdırırlar. Bütün bu silinmələri də baş mühasib Fədait hər ayın sonu, axşam saat 6-dan sonra, yəni iş günü başa çatandan sonra idarəyə gəlib bağlı qapı arxasında sənədləşdirir.

Çox acınacaqlı bir haldır ki, Azim Kərimov kimi içki düşgünü olan bir nəfər öz əməlləri ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin bütün fəaliyyətinə ləkə gətirdiyi və ən əsası da bütün bu deyilənlərdən ASC-nin aparat işçiləri də kifayət qədər məlumatlı olduqları halda kimsə bu sabotajçının qarşısını ala bilmir. Belə çıxır ki, ASC-də suvarma idarələrinin işinə nəzarət edən bir çox şöbələrin Azim Kərimovdan aylıq “haqq” aldıqları barədə onun dedikləri həqiqətdir..?
Hörmətli Əhməd müəllim!

Biz, sadə Beyləqan vətəndaşları, Sizin dövlətimiz və xalqımız qarşısında olan xidmətlərinizi çox yüksək qiymətləndiririk. Azim Kərimovun bütün uydurmalarına rəğmən, biz inanırıq ki, Sizi bu gün Beyləqanda baş verən kobud qanun pozuntuları ilə ilgili sadəcə öz aparat işçiləriniz düzgün məlumatlandırmırlar. Təəssüflər olsun ki, mətbuat da səsimizi sizə çatdırmaqda yardımçımız olmur. Əks halda Siz bu özbaşınalıqlara çoxdan son qoyardınız.

Sizdən artıq dərəcədə xahiş edirik ki, bütün bu deyilənlərin araşdırılması və Beyləqan rayon Suvarma Sistemləri idarəsinin işinin normal məcraya salınması üçün müvafiq təcili tədbirlər görəsiniz.
Qarşə tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gundemxeber.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.