Xalq artisti Röya Ayxan Qazax rayonunun Quşçu Ayrım kəndində köməksiz vəziyyətdə qalan şəhid anası Əsmər Cəfərovanın evinin təmir edilməsilə bağlı bütün xərcləri öz üzərinə götürüb.
Qazax rayon İcra Hakimiyyətinin görməli olduğu işi Xalq artistinin həyata keçirməsi ictimaiyyət arasında birmənalı qarşılanmayıb. İcra Hakimiyyətinin rəsmiləri isə “o qadın gəlsin, görək nə istəyir” deyirlər. Sosial şəbəkələrdə açılan müzakirələrin iştirakçıları bu hadisəyə görə Qazax rayon İcra Hakimiyyətini qınayıblar.
Modern.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün bu gün səhər saatlarından etibarən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, başçının birinci müavini Məmməd Alıyev, başçının köməkçisi Əmin Abıyevlə dəfələrlə əlaqə saxlamağa çalışsa da, bir nəticə hasil olmayıb. Onlardan heç biri nə telefon zənglərimizə, nə mesajlarımıza cavab verib.
Əlimiz çatan yeganə nümayəndə – İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Svetlana Qurbanova olub ki, o da “bizim bununla bağlı heç bir açıqlamamız olmayacaq”, – deyərək, sağollaşmadan dəstəyi asıb.
Qazax rayon İcra Hakimiyyətinin media ilə əlaqə qurmaqdan qorxması, ən əsası şəhid anasının probleminə biganə yanaşması başadüşülən deyil. Çünki ölkə rəhbərliyi mütəmadi olaraq məmurlara yerlərdə şəhid ailələri və Qarabağ əlillərinə qayğı göstərməyə çağırışlar edir.
Qeyd edək ki, Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayan və evinin təmirə ehtiyacı olduğunu deyən 75 yaşlı Əsmər Cəfərovanın görüntülərini bloger Tural Yusifli paylaşmışdı.