SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xaçmaz şəhərinə elektrik enerjisinin verilməsində rüsvayçılıq - ŞİKAYƏT

Xaçmaz şəhərinə elektrik enerjisinin verilməsində rüsvayçılıq - ŞİKAYƏT

Tarix:

11-03-2017, 13:22

/ 9 847 dəfə oxundu.
Xaçmaz şəhərinə elektrik enerjisinin verilməsində rüsvayçılıq - ŞİKAYƏT

Martın 10-da günorta saatlarında əsən küləkdən sonra Xaçmaz şəhərinə ötürülən elektrik enerjisinin verilməsi dayandırılıb. Haradasa bunu başa düşmək olardı. Lakin bəzi ərazilərdə işıqlar yansa da, şəhərin əsas hissələri axşam saatlarında da qaranlığa qərq olub. Qısamüddətli külək dayanandan sonra da rayon mərkəzində problem aradan qaldırılmadığı üçün təxminən saat 21 radələrində “Şimal xəbərləri”nin əməkdaşı “Azərişıq” ASC Xaçmaz elektrik şəbəkəsinin növbətçi hissəsi ilə əlaqə saxlamağa cəhd göstərsə də, (023) 325 39 41 nömrəli telefon cavab verməyib. Bundan sonra müxbirimiz idarəyə gedib və vəziyyətlə maraqlanıb. Binada mühafizəçilərdən başqa heç kəs olmayıb. Mühafizəçi Əli adlı növbətçi ilə əlaqə saxlamağı məsləhət görüb. O, isə əməkdaşımızın telefon sorğusuna cavab olaraq deyib ki, başqa yerdə iş başındadır. Şəhərin Sülh küçəsinə və ona yaxın ərazilərə enerji ötürən transfarmatorun içinə pişik girib və ona görə də problem yaranıb... Bundan sonra idarənin Zaur və Eyyub adlı aparıcı mühəndislərinə zəng etmək cəhdlərimiz də boşa çıxıb. Bu şəxslərin telefonları söndürülmüşdü. Maraqlısı budur ki, bu pişik məsələsi gecə yarıyadək həllini tapmayıb və bir az sonra Xaçmaz şəhərində işıqlar tamamilə söndürülüb. Rayon mərkəzinə elektrik enerjisinin verilməsi bir də səhər saat beş də təmin olunub.

Ümumiyyətlə, Xaçmaz şəhərində bir az külək əsən kimi işıqların söndürülməsi adi hala çevrilib. Belə vaxtlarda “Azərişıq” ASC Xaçmaz elektrik şəbəkəsinin növbətçi hissəsi telefonlara cavab vermir. Heç kəslə əlaqə saxlamaq mümkün olmur. Bu da onu göstərir ki, şöbənin işi yarıtmaz vəziyyətdədir. Görünür, “Azərişıq” ASC-nin Xaçmaz elektrik şəbəkəsinin rəhbərliyi də mövcud vəziyyətdən narahat deyil. Belə olmasaydı, şəhərinin müəyyən hissəsinin 15 saat işıqsız qalmasından ciddi narahatçılıq keçirər və təxirəsalınmaz tədbirlər görərdi.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ