SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İmişli icra başçısı Vilyam Hacıyev barədə daha bir biyabırçı xəbər - QARDAŞINI BELƏ ALDADIB

İmişli icra başçısı Vilyam Hacıyev barədə daha bir biyabırçı xəbər - QARDAŞINI BELƏ ALDADIB

Tarix:

3-03-2017, 16:21

/ 582 dəfə oxundu.
İmişli icra başçısı Vilyam Hacıyev barədə daha bir biyabırçı xəbər - QARDAŞINI BELƏ ALDADIB

Yerli sahibkarlara aylıq haqq qoyan icra başçısı Teymur Əliyev küçəsindəki villasının təmirini də onlara gördürüb; Qardaşına belə kələk gələn İmişlinin rəhbərindən bəzi yaxın qohumları üz çevirib

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyev ölkə mətbuatının «ən tanınmış simalarından» biri hesab edilir. Ona görə yox ki, bu şəxs rayonda abadlıq işləri aparır, əhalinin sosial rifahının yüksəlməsi istiqamətində işlər görür. Bunlar hörmətli Vilyam müəllimə tamamilə yad olan məsələlərdir. Çünki o, İmişli sakinlərini yox, ancaq özünü və yaxın qohumlarını fikirləşir. Vilyam Hacıyev hələ Samuxda icra başçısı vəzifəsində çalışan gündən onun fəaliyyəti barədə birmənalı fikirlər səslənməyib, yol verdiyi nöqsanlar daim mətbuatın gündəmində olub, silsilə yazılar dərc edilib. Bu gün də həmin tendensiya davam etməkdədir. Mətbuat nümayəndələrinin ona qarşı əsla qərəzi, kini yoxdur. İş orasındadır ki, Hacıyev ölkə rəhbərliyinin ona tapşırdığı işlərin öhdəsindən uğurla gələ bilmir və buna görə də hazırda İmişli camaatı böyük problemlərin məngənəsində çabalayır. Məhz bu səbəbdən ayrı-ayrı mətbuat vasitələri tez-tez icra başçısı haqqında tənqidi yazılar hazırlayır.

VİLYAM HACIYEV KİMDİR?

Məlumat üçün bildirək ki, Hacıyev Vilyam Fəhralı oğlu 10 avqust 1957-ci ildə Azərbaycan Respublikasının Göygöl şəhərində anadan olub. 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya Məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Sankt Peterburq Milli Aviasiya Akademiyasını bitirib. 1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışıb. 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl Rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 14 aprel 2012-ci il tarixdən İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Artıq 4 ildir ki, İmişli rayonuna rəhbərlik edən Vilyam müəllimin müsbət işləri nəzərə çarpmır.

BİR ŞƏXS Kİ, QARDAŞINA KƏLƏK GƏLƏ…

Araşdırmalar göstərir ki, bu şəxs nəinki İmişli sakinlərinə problem yaradır, hətta öz yaxın çevrəsindəki bəzi insanlarla da ixtilafdadır. Belə ki, onun qanunsuz hərəkətlərinə nəzər salanda qardaşına da kələk gəlməsi faktına rast gəlinir. Məlumata görə, Vilyam Hacıyev hələ Göygöl rayonunda icra başçısı işlədiyi dövrdə (2004-2006-cı illərdə) “Kapitalbank”ın Göygöl rayon filialının müdiri olan qardaşı Eldar Hacıyevə öz vəsaiti hesabına abadlıq işi gördürüb, amma bu günədək pulunu verməyib. Bu barədə E.Hacıyevin özü mətbuata məlumat verib. Deyib ki, qardaşı Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən abadlıq işləri gördürürmüş: “O zaman mən ”Kapitalbank”ın Göygöl rayon filialının müdiri idim. Vilyam Hacıyev rayonda bir sıra işlər görmək üçün müvafiq göstərişlər verirdi. Məni də yanına çağırıb dedi ki, rayonun mərkəzi parkında və stadionda təmir, tikinti və abadlıq işləri aparım. Dedi ki, pul tap, xərclədiyin vəsait rayona ayrılacaq puldan geri ödənəcək. Mən də qardaş kimi ona dəstək olmaq üçün təklifi qəbul elədim və hər iki ərazidə abadlıq, təmir işləri apardım. Bu iş təxminən 32 min manata başa gəldi. Vilyam da bildirdi ki, hazırda pulu yoxdur, prezident rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və abadlaşdırma ilə bağlı pul ayıranda mənim vəsaitimi qaytaracaq. Düzü, mənim o qədər pulum yox idi. Sadəcə olaraq, qardaşımın sözünü yerə salmamaq üçün borc götürüb həmin işləri həyata keçirdim. Ancaq sonradan borc sahibinə pulu qaytara bilmədim. Məcbur qalaraq “Kapitalbank”dan kredit götürdüm. Ancaq qardaşım Vilyam Hacıyev pulumu qaytarmadı. Bu günə qədər həmin krediti ödəyə bilmirəm”.

BƏZİ YAXIN QOHUMLARI NƏYƏ GÖRƏ ONDAN ÜZ DÖNDƏRİB?

Əldə etdiyimiz məlumatlara görə, 2006-2012-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Vilyam Hacıyev orada da dinc durmayıb. O zaman cənab Hacıyevin nəzarətində iri torpaq sahələri, imarətlər, biznes obyektlərinin olduğu samuxlulara gizli deyilmiş. Onun bu qədər əmlakı yerli camaatda qıcıq yaratdığından o, əhalidə rayon rəhbərliyinə qarşı qəzəbi zamanında zərərsizləşdirmək üçün öz mülklərini məhdudlaşdırmaq qərarına gəlib. Satdığı mülklərin əvəzində V.Hacıyev əldə etdiyi vəsait hesabına Bakı və paytaxt ətrafında dəbdəbəli villalar, geniş torpaq sahələri alıb, biznes qurub. Deyilənə görə, başçının Samux rayonunda fəaliyyət göstərən “Samir İstehsal” MMC-nin direktoru Nəsirulla Nəzərova da külli miqdarda borclu olub. Qeyd olunur ki, bu borc da sahibkarın Samuxda gördüyü abadlıq işləri hesabına yaranıb. Yeri gəlmişkən, Vilyam Hacıyevin kapitalı haqda ilk məlumatlar mediaya onun yaxın qohumlarından biri tərəfindən verilib: “O, adi bilet satan idi, acından günorta dururdu. Vilyam vəzifədə işlədiyi dövrdə bizim nəslin başına qaxınc oldu. Onun kimi icra başçıları rayonlarda əhalini hörmətli prezidentimiz İlham Əliyevdən narazı salmaqla məşğuldur. Bu adam hətta doğma qardaşı Eldarı şərləyib rayonda bank müdiri vəzifəsindən çıxartdı. Bizim nəslimiz Vilyamın üstündən xətt çəkib. Onu ölənlərimizin yasına da buraxmırıq. O, vəzifədən çıxandan sonra vəziyyəti daha ağlamalı olacaq».

Məlumata görə, Vilyam Hacıyevin bu rayona gəlişindən sonra imişlililərin məmurlara münasibəti bir qədər də pisləşib, narazılıqlar artıb: «O, İmişlidə işə başlayan kimi yerli sahibkarlara qanunsuz haqq qoyub, hər ay filan qədər ödəmək tələb olunub. İmişlidə özünə topdağıtmaz imarət tikdirən başçının Türkiyədən bu məqsədlə iki memar gətirtdiyi söylənilir. Onun İmişlidə yerli Asfalt Zavodunun müdiri ilə konfliktdə olduğuna dair məlumatlar gəzir. Bildirilir ki, Vilyam Hacıyev Asfalt Zavodunun müdiri qarşısında “rayonun bütün yollarını öz hesabına asfaltlamalısan” şəklində tələb qoyub. Vilyam Hacıyevin İmişlidəki ağaclara da qənim kəsildiyi iddia olunur. O, İmişli şəhərinin 20 Yanvar küçəsinin kənarında, Heydər Əliyev adına şəhər istirahət parkına bitişik ərazidə ağacların kütləvi şəkildə kəsilməsinə göstəriş verməkdə suçlanır. Sakinlərin mediaya verdiyi məlumata görə, göstərilən ərazilərdə çoxillik küknar ağaclarının bir qismi kökündən çıxarılıb.

Daha sonra onları elektrik mişarları ilə doğrayaraq yük maşınları ilə 28 May küçəsində yerləşən taxta-şalban emalatxanasına daşıyıblar. Ağacların kəsilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılmadığından icra başçısının göstərişi ilə bu işi gerçəkləşdirən İmişli Kommunal Təsərrüfatları İstehsalat Birliyi ETSN tərəfindən cərimələnib. Məlumatlara görə, bir müddət əvvəl rayonda salınan Bayraq Meydanına gedən yol üzərində yerləşən meşə zolağı da məhv edilib. Vilyam Hacıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işə qarışdığını gördükdə isə bütün günahlar rayon bələdiyyəsinin üstünə atılıb. Nəticədə bələdiyyə nə az, nə çox, düz 40 min manat cərimələnib. Bunlar hələ Vilyam müəllimin həyata keçirdiyi qanundan kənar işlərin az qismidir.

Yaxın günlərdə icra başçısının Teymur Əliyev küçəsindəki villasının təmir işlərini İmişlidən olan bir qrup sahibkara gördürməsi, Nərimanov Rayon Prokurorluğunda işləyən oğlu Məhəmməd Hacıyevin gecə klublarında gənc qızlarla keçirdiyi əyləncə məclisləri, ötən 4 ildə İmişli rayonunun sosial-iqtisadi inkişafı məqsədilə ayrılan milyonların hara xərclənməsi və digər maraqlı məsələlər barədə ətraflı məlumat verəcəyik.

cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ