SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qusar sakini Eldar Əzizovdan kömək istədi: - icra başçısı evini sökdürüb

Qusar sakini Eldar Əzizovdan kömək istədi: - icra başçısı evini sökdürüb

Tarix:

1-08-2018, 09:45

/ 3 018 dəfə oxundu.
Qusar sakini Eldar Əzizovdan kömək istədi: - icra başçısı evini sökdürüb

Qusar rayon icra başçısı Şair Alxasov heç bir məhkəmə qərarı olmadan 2-ci qrup əlilin evini söküb. Bu barədə zərərçəkmiş Qusar sakini Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu məlumat verib. O, icra başçısının qanunsuz əməllərinə görə həmyerlisi, Bakı şəhər icra başçısının müavini Eldar Əzizova müraciət ünvanlayıb.
Sözügedən müraciəti təqdim edirik:

“Hörmətli Eldar müəllim. Həmyerlimiz olduğuna görə mənim Sizdən bircə xahişim var.

Qusar RİHB-sı Şair Alxasov 1992-1993-cü illərdə Qusar rayonun Samur qəsəbəsi ərazisində, əzab əziyyətlə, külli miqdarda vəsait xərcləmələ tikdiyim 5 otaqlı yaşayış evimi, 2 otaqlı hamam binasını, 2 otaqlı yardımçı binanı məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, heç bir əsas-səbəb göstərmədən sökdürüb.

Mülkiyyətimdəki 0,46 ha torpaq sahəmi zorla əlimdən almaq niyyətilə özümün iştirakım olmadan aparılan söküntü zamanı hətta evimdəki 30000 manat və 8000 ABŞ dollar pulum da oğurlanıb.

Qusar RİHB-sı Şair Alxasovdan kompensasiya tələb etdikdə isə o, öz nüfuzundan sui-istifadə edərək, Qusar rayonun sabiq prokuroru Zahid Vəliyevə qanunsuz tapşırıq verməklə, mənə qarşı əsasız olaraq Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə cinayət işi başladaraq, materialları Qusar rayon məhkəməsinə göndərib.

3 il ərzində yüzlərlə lüzumsuz məhkəmə prosesindən sonra, Qusar rayon məhkəməsinin 11 iyul 2013-cü il tarixli qərarı ilə mənə bəraət verilmiş, həmin hökm yuxarı instansiya məhkəmələrinin müvafiq qərarları ilə öz qüvvəsində saxlanılmaqla, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətlərinə görə mövcud qanunvericiliyinə əsasən, Azərbaycan Dövlət bücəsi hesabından Maliyyə Nazirliyi vasitəsilə mənə vurulmuş maddi və mənəvi zərərə görə 1700 manat məbləğində pul vəsaiti təzminat şəklində ödənilib.

8 ildən çox vaxt keçməsinə, dəfələrlə etdiyim müraciətlərə və xahişlərə baxmayaraq Qusar RİH-i mənə vurulmuş zərərə görə kompensasiya ödəməyib. Belə qanunsuz hərəkət ailə büdcəmə külli miqdarda zərər vurub.

Hörmətli Eldar müəllim, böyük nüfuz sahibi olmağınızı nəzərə alaraq, Qusar RİHB-sı Şair Alxasovun qanunsuz, şifahi tapşırığı əsasında mənə vurulmuş zərərə görə kompensasiya ödətdirilməsinə köməklik etməyinizi Sizdən dönə-dönə xahiş edirəm. Ümüdvaram ki, köməyinizi əsirgəməyəcəksiniz.

Hörmətlə, Qusar şəhər sakini, 2-ci grup əlil, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, Qusar İcra Hakimiyyətinin rəsmi saytında qurumun işçilərindən heç kimin əlaqə nömrəsini tapa bilmədik. Qeyd olunan nömrəyə isə dəfələrlə zəng vursaq da, zəngimizi götürən olmadı.

Qaynarinfo.az

Şərhlər

XƏBƏR LENTİ