Bir neçə gün bundan qabaq report.az saytında Cəlilabad rayonunda 2 yaşlı körpənin dondurma yeməsi nəticəsində öldüyü barəsində xəbər getmişdi. Həmin uşağın yaxınları redaksiyamıza müraciət edərək bildiriblər ki, körpə həkim savadsızlığının qurbanı olub.
Uşağın dayısı Fazil Gözəlov BiG.AZ-a açıqlamasında həmin xəbərin yalan olduğunu bildirib: “Bacım oğlu ölümündən 2 gün əvvəl Cəlilabad Diaqnostika Mərkəzində həkim yoxlanışında olub. Xəstəxanada bütün həkimlər yoxladıqda sonra rentgen üçün Müslüm Abiyev həkimin yanına gətiriblər. Əvvəlcə həkim uşağı rentgen eləmək istəməyib. Valideynlərinin təkidindən sonra uşaq rentgen olub. Rentgen müayinəsində heç bir ciddi problem çıxmayıb. Amma buna baxmayaraq Mürsəl həkim uşağa 12 antibiotik yazıb. Etirazımızdan sonra antibiotiklərin sayı 6-ya enib. Həkim əmin edib ki, 6 antibiotikdən sonra uşaq tam sağalacaq. Xəstəxanadan evə qayıdanda uşaqda qıcolmalar başlayıb. Qonşular həkimin məsləhəti ilə bir neçə dərmanı birləşdirib vurandan sonra bacım oğlu özünə gəlib. Günün sonuna kimi uşağın qızdırması qalxıb, düşüb. Axşam uşaqda güclü qıcolma başlayıb. Yenidən gecə 2-3 arası həmin həkimin yanına aparıblar. Yenidən uşağa iynə vurulub. Uşaq anasının qucağında dünyasını dəyişib. Hətta ana deyir ki, uşağın vəziyyəti pisdi deyirlər yox yaxşıdı. Bütün bunlar Müslüm həkimin səhvi ucbatından olub. Acnacaqlı tərəfi odur ki, xəbərlərə də yaydılar ki, guya uşaq dondurmadan ölüb. Bu xəbəri də yəqin həkim gunahını örtmək üçün çıxarıb. Hazırda bütün sənədlər, reseptlər istintaqdadır".
Çıxan xəbərlərin yalan olduğunu söyləyən Fazil Gözəlov hansısa saytın ağzına gələni yazdığını da vurğulayıb: “Həmin həkim polis bölməsinə gəlib deyir ki, uşağı gətirəndə pnevmaniya idi. Bu həkimin savadsızlığına bax ki, pnevmaniya olmuş 2 yaşlı uşağa 6 antibiotik yazıb evə yola salır. Hətta müstəntiq bildirdi ki, sən hansı əsasla pnevmaniya xəstəsi olan 2 yaşlı uşağı evə göndərmisən. Hələ bu azmış kimi 12 antibiotik yazıb sonradan 6-ya endirmisən. Bir sözlə uşağın ölümünə səbəb həkim savadsızlığıdır. Valideynlərinin səs-küyündən sonra ona suni nəfəs verilib. Ümumiyətlə mən həkim olmaya-olmaya bilirəm ki, antibiotik zərərlidir. Onu prob qoyulmadan vurmaq olmaz. Gün ərzində normal insana 12 saatdan bir antiotik vurula bilər. Rentgenin cavabı təmiz olduğu halda hansı əsasla uşağa 12 antibiotik yazılıb bilmirik. Heç bir il olmaz mən onu şəxsən “Bakı Medical Plaza”da müayinədən keçirmişəm. Səhhətində heç bir problem yox idi. Əlimzdə də sübut da var. Uşaq pnevmaniya idisə uşaq niyə evə buraxılırdı? Hər kəs yaxşı bilir ki, uşaq həkim savadsızlığın qurbanı olub. Harda görünüb ki, uşaq dondurmadan ölsün. Ekspertiza olundu və bu xəbər öz təsdiqini tapmadı. Necə belə yalan xəbər yaza bilirlər. Bu tamamilə əsası olmayan xəbərdir”.
Həkim Müslüm Abiyev Big.az-a açıqlamasında bu barədən danışmaq istəmədiyini və məsələ ilə bağlı istintaq getdiyini söyləyib: “ Reseptdə 12 antibiotikin yazılması o demək deyil ki, onların hamısı bir gündə vurulmalıdır. Hazırda bununla bağlı hüquq mühafizə orqanlarında araşdırmalar aparılır”.
Məsələ ilə bağlı Cəlilabad Diaqnostika Mərkəzi ilə əlaqə saxlasaq da zənglərimizə cavab verilməyib. Mövqelərin dərc etməyə hazırıq.