XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » GORANBOYUN İCRA BAŞÇISININ MENYUSUNA: TODAN KƏNDİ İŞĞAL ALTINDADIRMI???

GORANBOYUN İCRA BAŞÇISININ MENYUSUNA: TODAN KƏNDİ İŞĞAL ALTINDADIRMI???

GORANBOYUN İCRA BAŞÇISININ MENYUSUNA: TODAN KƏNDİ İŞĞAL ALTINDADIRMI???
9-04-2018, 01:40

Kənd sakini Əhəd Səmədoğlu: “Bizdə belə qənaət yaranıb ki, İcra başçısı Nizaməddin Quliyev elə bilir ki, 1992-ci ildə ermənilərlə üz-üzə döyüşdə 15 şəhid vermiş Todan kəndi işğal altındadır...”
Dünən “Təzadlar”a Göranboyun Todan kəndindən 10-dan çox şikayətçi gəlmişdi... Onların dərdini, sözün əsil mənasında yekə bir qara yaylıq tapıb ağlamaq lazımdır. Təsəvvür edirsinizmi, dünyanın ən ucqar ölkələrinə qaz satan Azərbaycanın müharibə illərində əsil qəhrəmanlıq göstərmiş və hazırda 1500-ə yaxın əhalisi olan bu kəndində qaz yoxdur. İşıq dirəkləri ötən əsrin 60-70-ci illərindən qalmadır. Yoldan isə danışmağa dəyməz... Məktəb mal-qoyun tövləsi səviyyəsində, xəstəxana yox dərəcəsində...
***
Bəs Qarabağ müharibəsində 15 şəhid vermiş, düşmənə sinə gərərək bir qarış torpağını belə itirməyən kənd indi niyə bu gündədir? Bu insanların günahı nədir ki, ermənidən görmədikləri zülmü indi çəkirlər? Yaxud, onlara bu zülmü çəkdirən kimdir?

“Yəqin İcra başçısı Nizaməddin Quliyev elə bilir ki,1992-ci ildə ermənilərlə üz-üzə döyüşdə 15 şəhid vermiş Todan kəndi işğal altındadır...”
Kənd sakinləri-Əhəd Səmədoğlu, İdris Həsənov, Huduş Nəbiyev, Zaman Nəsibov, Ələsgər Usubov, Bakir Rəhimov, Səməd Həsənov, Alik Hümbətov, Aslan Əliyev, Cabbar Kazımov və başqalarını “Təzadlar”a şikayətə gəlməyə məcbur edən isə Göranboyun İcra başçısı Nizaməddin Quliyevin bu kənddən xəbərsizliyidir... Dərd əlindən Bakıya üz tutan bu insanları dinlədikcə iş görməli məmurların yerinə gerçəkdən xəcalət çəkməli olurduq. “...Dəfələrlə Göranboyun İcra başçısı Nizaməddin Quliyevə şikayətimizi-dərdimizi demişik... Heç bir tədbir görülməyib... Qaz yoxdur, işıqlarımız amanabənddir, dirəklər Sovetin 60-70-ci illərindən qalıb, külək əsən kimi yıxılır, zülmətə qərq oluruq. Kəndin yolundan danışmağa dəyməz. Yarım saatlıq yolu 2 saata getməlisən. Məktəbimizi isə bir qara yaylıq lazımdır oturub ağlayasan... Kəndə avtobus işləmir, xəstəxana yox... Buzdə elə təsəvvür yaranıb ki, icra başçımız elə bilir ki, Todan kəndi 1992-ci ildə ermənilərlə üz-üzə döyüşdə 15 şəhid vermiş olsa da, o vaxtdan işğal altındadır...”, -deyir kənd sakinləri.
Söhbətlərindən bəlli oldu ki, kənd sakinlərinin seçdikləri bu nümayəndə heyəti iki gün əvvəl Prezident Adminstrasiyasında, Nazirlər Kabinetində olublar və dərdlərini danışanda onları qəbul edən rəsmilər inanılmaz hala düşüblər: “Dedilər, ilin-günün bu vaxtında, cənab Prezident İlham Əliyevin sosial layihələrə bu qədər pul ayırdığı bir vaxtda, Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş bu kənd niyə belə gündədir? İcra başçısı bunları bilmir?”, -deyir şikayətçilər...
Nümayəndə heyətinin təklifi ilə “Təzadlar”ın çəkiliş qrupu və fotomüxbiri yaxın günlərdə kənddə olacaq, geniş reportaj hazırlayacaqlar... Bizi izləyin.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.