SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şamaxıda Prezident seçkiqabağı təxribat - Asif Ağayev xalqın Prezidentə olan inamına qarşı

Şamaxıda Prezident seçkiqabağı təxribat - Asif Ağayev xalqın Prezidentə olan inamına qarşı

Tarix:

12-03-2018, 09:11

/ 1 833 dəfə oxundu.
Şamaxıda Prezident seçkiqabağı təxribat - Asif Ağayev xalqın Prezidentə olan inamına qarşı

Məlum olduğu kimi 11 aprel tarixində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcəkdir. Respublikanın həyatında mühüm siyasi hadisə olan prezident seçkiləri təkcə yerli siyasi qüvvələr deyil , həmçinin beynəlxalq təşkilatlar tərəfindən yaxından izlənilir. Ölkənin beynəlxalq imici üçün mühüm hadisə olan seçki öncəsi müxtəlif siyasi maraqlara xidmət edən təxribatların olması da gözləniləndir. Belə həssas məqamda iqtidar düşərgəsində təmsil olunan bir məmurun öz fəaliyyəti ilə seçkilərdə namizədliyi irəli sürülmüş prezidentin göstərişlərinə göz yumması, rəhbərlik etdiyi ərazidə narazılıq formalaşdırılması açıq-aşkar təxribatdan başqa bir şey deyildir. Şamaxı rayonu İcra hakimiyyətinin başçısı Asif Ağayevin rayonda fəaliyyət göstərən sahibkarlara, iş adamlarına divan tutmasına, onları müflis olma həddinə çatdırmasına, əli qabarlı yüzlərlə fəhlənin pulunu verməməsinə indiki şəraitdə bundan yumşaq ad vermək olmaz. Seçki prosesində özü üçün tikdirdiyi sarayında tər tökən fəhlənin pulunu verməyən, haqqını istəyən iş adamını təhdid edən icra başçısı görəsən kimin maraqlarına xidmət edir?
Görəsən prezidentin şəxsən nəzarətində olan, özünün və birinci vitse-prezidentin yerindəcə görülən işlərlə tanış olduğu Dəmirçi kəndində aparılan abadlıq-quruculuq işlərində çalışan fəhlələrin aylardır pulunu verməyən Asif Ağayev bununla nə demək istəyir? Məramı insanları prezidentə qarşı qaldırmaqmıdır, ya başqa hər nədirsə biz bilmirik !
Şamaxıda yaşayan iş adamı Sərxan redaksiyamıza müraciət edərək rayonun icra başçısı Asif Ağayev tərəfindən incidildiyini, uzun müddətdir ki, əsassız olaraq pulunun verilmədiyini bildirir. KİV-lərdə bu barədə yetərincə materiallar dərc olunmasına, müxtəlif instansiyalara müraciət edilməsinə baxmayaraq problem indiyə qədər həll olunmayıb, İş adamının, eləcə də tikinti işlərində işləyən onlarla usta və fəhlənin halal pulları verilməyib.
Dəfələrlə müraciət etmələrinə baxmayaraq onların tələblərinə məhəl qoyulmadığını bildirən iş adamı Asif Ağayevin prezidentin göstərişi ilə görülən işlərə kölgə salan əməllərini açıqlayıb.
İcra başçısı Asif Ağayev tərəfindən aldadılıdığını bildirən iş adamı Sərxan uzun müddətdir ki, ona çatan pulun verilmədiyini bildirir. Sərxan icra başçısı üçün inşa edilən Avaxıl kəndində şəxsi evin tikintisinə və dövlət əhəmiyyətli Dəmirçi kəndində görülən işlərə rəhbərlik edib. İşlərin artıq çoxdandır yekunlaşmasına baxmayaraq materialların pullarının və fəhlələrin əmək haqlarının verilmədiyini bildirən Sərxan çətin vəziyyətə düşdüyünü, icra başçısının isə onun qanuni tələblərinə məhəl qoymadığını açıqlayır.
Sərxan bildirir ki, Asif Ağayev üçün inşa edilən evin bütün tikinti işlərini görüblər. Hətta evin elektrikə aid olan sənədləri əvvəllər Sərxanın adına olsa da, özünün xəbəri olmadan həmin sənədlər başçının ailəsinin adına keçmişdir. Sonradan isə ev icra başçısının həyat yoldaşının adına sənədləşdirilib. Evin tikintisinə ümumilikdə 205 min manat vəsait xərclənib. A.Ağayev tərəfindən pulun müəyyən hissəsi ödənilsə də 90 min manatlıq borc ödənilməyib. Bir müddət öncə həmin vəsaitin 30 min manatı və daha sonra 10 500 manatı Sərxana ödənilsə də pulun qalan hissəsi ödənilməyib.
Həmçinin Dəmirçi kəndində görülən işlər zamanı yaranan 70 min manatlıq borc da icra başçısı tərəfindən ödənilmir. Ümumilikdə icra başçısı Sərxana çatacaq 130 min manat vəsaiti ödəməkdən imtina edir. İş adamı bildirir ki, həmin pulun çox hissəsi tikinti işlərində çalışan ustaların, fəhlələrin, eləcə də alınmış materialların puludur.
Asif Ağayev prezidentin səfərindən sonra bütün borcun ödəniləcəyini bildirsə də, indi müxtəlif bəhanələrlə iş adamını get-gələ salıb. Tikintidə işləyən onlarla ustanın, fəhlənin halal çörək pulu aylardır ki, ödənilmir. Eləcə də tikintini materialla təmin edən şirkətlər də öz pullarını tələb edirlər. Çox çətin vəziyyətə düşən iş adamı Sərxan yaranmış vəziyyətdə kömək üçün redaksiyamız vasitəsilə prezidentə müraciət edir:
“Cənab prezident!
Sizin diqqət və qayğınız nəticəsində Şamaxıda, Dəmirçi kəndində abadlıq-quruculuq işləri görülüb. Şəxsən özünüz bu işlərin yekunu ilə tanış olaraq görülən işləri bəyənmisiniz. Ancaq, icra başçısı Asif Ağayev sizin etimadınızdan sui-istifadə edərək görülən işlərdə alın təri ilə zəhmət çəkən ustaların, fəhlələrin pulunu verməkdən imtina edir. Artıq hər yerdən ümidim üzülüb, çörək pulunu tələb edən işçilərə deməyə sözüm yoxdur. Fəhlələrin pulunun müəyyən hissəsini öz obyektimi satmaqla ödəsəm də artıq heç bir imkanım qalmayıb. Asif Ağayev isə nəinki Dəmirçi kəndində, hətta öz şəxsi evində görülən işlərin pulunu ödəmək istəmir. İnsan öz evində işləyən fəhlələrin pulunu necə kəsə bilər? Böyük zəhmətlə balalarına çörək pulu qazanan fəhlənin əmək haqqını verməmək hansı məntiqə sığır?
Cənab prezident! Bütün şamaxılılar kimi hər zaman sizin daxili və xarici siyasətinizi dəstəkləmişəm. Sizin ölkəmizə rəhbərlik etdiyiniz illərdə Azərbaycan bir əsrlik inkişaf yolu keçib. Hər yerdə abadlıq, quruculuq işləri aparılır, yüz minlərlə yeni iş yerləri açılır. Hər bir vətəndaş sizin müdrik siyasətinizin nəticələrini öz həyat səviyyəsində, rifahında hiss edir.
Siz bütün məmurlara dəfələrlə göstəriş vermisiniz ki, xalqa vicdanla xidmət etsinlər, vətəndaşların problemlərinin həllinə yardımçı olsunlar. Amma, şamaxı rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev bizə nəinki köməklik göstərir, əksinə onlarla əli qabarlı fəhlə üçün əlavə problemlər yaradır. Rayonumuza səfəriniz zamanı sizə təqdim olunan və yüksək qiymətləndirdiyiniz abadlıq işlərində zəhmət çəkən onlarla usta və fəhlənin halal çörək pulu aylardır ki, Asif Ağayev tərəfindən ödənilmir. Rayonun icra başçısı sizə təqdim etdiyi tikinti işlərində tər tökən fəhlənin pulunu vermirsə bu ilk növbədə sizə yalan satmaq deyilmi, cənab prezident? Bu qarşıdan gələn prezident seçkiləri öncəsi rəhbərlik etdiyi rayonda süni narazılıq yaratmaq deyilmi?
Bu barədə dəfələrlə Asif ağayevə desək də,4 prezidentə şikayət edəcəyimizi xatırlatsaq da bizim tələblərimizə məhəl qoyulmayıb.
Möhtərəm prezident! Bizim son ümidimiz sizsiniz. Artıq Şamaxı rayon rəhbərliyi, şəxsən icra başçısı Asif Ağayev bizə məhəl qoymur, eşitmək belə istəmir. Aylardır evinə çörək pulu apara bilməyən fəhlələr, onların ailə üzvləri, körpə balaları sizdən kömək istəyir. Özünə mülk tikdirən, imarət yapan icra başçısı əli qabarlı fəhlələrin pulunu vermir. İnanırıq ki, bizim haqq səsimizi eşidəcək, vəzifə kürsüsündən istifadə edərək məzlumun haqqını yeyən Asif Ağayev haqqında lazımi tədbir görəcəksiniz. Öncədən sizə minnətdarlığımızı bildiririk.”

N.Mehdiyev

Şərhlər

XƏBƏR LENTİ