XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Seçkiqabağı: prezident Biləsuvara gedir, başçı müəllimlərdən pul yığır - Gərginlik

Seçkiqabağı: prezident Biləsuvara gedir, başçı müəllimlərdən pul yığır - Gərginlik

Seçkiqabağı: prezident Biləsuvara gedir, başçı müəllimlərdən pul yığır - Gərginlik
1-03-2018, 09:38

Biləsuvarda abadlıq işləri üçün müəllimlərdən pul yığmağa başlayıblar

FİA.Az-ın verdiyi xəbərə görə, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Müəllimlər yazıblar ki, hazırda rayonda quruculuq işləri aparılır və Bəydilli istiqamətində yollar, küçələr təmir olunur, yol kənarındakı evlərin üstü dəyişdirilir.

Bu işlərə rayonun məmurları, təhsil və səhiyyə və digər qurumların işçiləri də cəlb edilib. Hətta məktəb direktorları bu işdə briqadir kimi fəhlələrin üzərində saxlanıldığı iddia edilir.

Müəllimlərin müraciətində qeyd olunur ki, abadlaşdırılan sahələr rayondakı qurumlar – təhsil, səhiyyə, mədəniyyət və digər orqanlar arasında bölüşdürülüb:

“Hər kəs, hər qurum ona ayrılan sahənin təmir olunmasına nəzarət edir və cavabdehdir”.

Müəllimlər bu tapşırığın şəxsən icra başçısı Mahir Quliyev tərəfindən verildiyini deyirlər.

Onların sözlərinə görə, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazimov da ona qoyulan tələbi yerinə yetirməyə çalışır.

Belə ki, məktəb direktorlarını yanına çağıran B. Kazımov müəllimlərdən pul yığmağı tələb edib.

Müraciət edən müəllimlər qeyd ediblər ki, hər məktəbin üzərinə müəllim və işçi kontingentinin sayına uyğun – 1000-1500 manat ödəmək öhdəliyi qoyulub.

Bu da rayonda ciddi narazılıq yaradıb: Elə məktəb var ki, orada müəllim 50 manat pul verməlidir.

Müəllimlər bildiriblər ki, onlar bununla bağlı ölkə başçısına da müraciət edəcəklər və yaxın günlərdə prezidentin sözügedən rayon səfər edəcəyi gözlənilir. Əslində, abadlıq işlərinin sürətləndirilməsi də məhz ölkə başçısının səfəri ilə bağlıdır.

FİA.Az xəbər verir ki, Biləsuvarın icra hakimindən ciddi narazılıq var. Onun fəaliyyəti rayonda sahibkarlar, fermerlər, sakinlər arasında etirazlara səbəb olub.

İcra başçısı Biləsuvarda satmadığı yer qoymayıb, peşkəş eləmədiyi torpaq qalmayıb. Mahir Quliyev 25 min hektara yaxın əkin və otlaq sahələrini biləsuvarlıların əlindən alıb. Prezidentin verdiyi göstərişə əsasən növbəti əkin ili üçün 12000 hektar pambıq, 3000 hektar çuğundur əkilməsi məqsədi ilə boş olan sahələr ayrılıb.

Buna baxmayaraq, biləsuvarlıların əkin və heyvandarlıq məqsədi ilə istifadə etdiyi əkin və otlaq sahələri Mahir Quliyev tərəfindən işğal olunub.

Bu torpaqlardan 800 hektar sahədə Mahir Quliyev artıq özü üçün taxıl əkdirib. Baş verənlərlə bağlı sakinlərin nəzəri müraciəti mətbuatda tirajlanıb.

Əlbəttə ki, “Sahil” restoranında ofisianta bir rayonu etibar etməyin sonu belə də olmalıydı.

Onun səriştəli xidmətçi olması və fərasətli biznes adamı kimi gözə girməsi o demək deyildi ki, hansısa rayona rəhbərlik edə bilər. Kimə desən gülər – istər Avropada, istər müasir idarəetmə mexanizmində…

Bir rayonun camaatının taleyi ofisianta həvalə olunub. Yuxarı dairələr və Prezident Administrasiyası kadr seçimində bəlkə də ilk dəfə belə bərbad addım atıb.

Yerli camaatın saysız-hesabsız müraciətləri və PA-ya göndərdikləri məktublar artıq nəzarətdədir və müəyyən nəticələr çıxarılmaqdadır.

Onun vəzifəsindən gedişi də gözləniləndir və yerinə təyinat olacağı istisna deyil.

RİH-nin mövqeyini dərc etməyə hazırıq.

Fia.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.