SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şamaxı Dövlət Regional Kollecində “bazar qanunları”

Şamaxı Dövlət Regional Kollecində “bazar qanunları”

Tarix:

22-01-2018, 10:18

/ 7 712 dəfə oxundu.
Şamaxı Dövlət Regional Kollecində “bazar qanunları”

Ölkənin təhsil sistemində gedən proseslər, bu sahədə bir tərəfdə mütərəqqi islahatları, qarşı tərəfdə isə, mühafizəkar prinsipləri müdafiə edən qüvvələr arasında barışmaz mübarizənin getdiyi hamıya məlumdur. Təbii ki, bu mübarizəni yenilik və müasirliklə köhnəliyin qarşıdurması kimi qələmə vermək olmaz. Məsələ bundadır ki, mühafizəkarlığı dəstəkləyən qüvvələrin əsas məqsədləri, ilk növbədə ölkənin bütün təhsil müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının olduğu şəkildə qorunub saxlanmasından ibarətdir.

Çox təəsüüf ki, ikinci qrupu təmsil edənlərin çoxu hələ də rəhbər mövqelərdə təmsil olunurlar. Təbii ki, əsas iş prinsipi kimi rüşvət və korrupsiyanı seçən belələrinin fəaliyyəti təhsilimizə sağalmaz yaralar vurur.
Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan gözlənilən mütərəqqi nəticələr, rəhbərliyində səriştəsiz və məsuliyyətsiz kadrların durduğu bəzi tədris müəssisələri üçün hələ də əlçatmaz olaraq qalır. Belə təhsil müəssisələrindən biri də Şamaxı Dövlət Regional Kollecidir.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şamaxı Dövlət Sənaye - İqtisad Kolleci, Şamaxı Humanitar Kolleci ilə birləşdirildikdən sonra, hər iki təhsil müəssisəsinin bazasında Şamaxı Dövlət Regional Kolleci yaradıldı. Bununla da eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığı həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb.
Birləşdirilmədən öncə hər iki kollecdə rüşvətxorluq və korrupsiyanın ən yüksək həddə olması haqqında informasiyalar verilirdi. Məhz vəziyyətin dəhşətli hal alması kolleclərin birləşdirilməsi ilə nəticələndi. Ümid edilirdi ki, mərkəzləşdirilmiş idarəçilik sistemi təhsil müəssisəsində rüşvətin azalmasına, tədrisin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.
Kollec sistemi təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsidir. Məhz elə bu səbəbdən də bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Bununla belə hələ də bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur. Bu səbəbdəndir ki, təhsil kimi ümummilli əhəmiyyət kəsb edən bir sahəni özəl müəssisəsinə çevirən, şəxsi maraqları naminə bazar qanunları tətbiq edən kadrların “əməyi” nəticəsində bir çox təhsil müəssisələri rüşvət və korrupsiya yuvasına çevrilib. Bu siyahıda Şamaxı Dövlət Regional Kolleci ön sıralarda gəlir desək yanılmarıq.
Verilən məlumatlara əsasən Kollecdə hökm sürən ab-hava tədrisin demək olar ki, məhvinə səbəb olub. Tələbələr Kollecə daxil olan gündən rüşvətxorluqla üz-üzə qalırlar. Bu “möhtəşəm qarşılaşma” qeydiyyat prosesindən başlanır və sonrakı pillələrdə artan xətt üzrə davam edir. Kollecdə tələbələrdən oxuduqları üçün yox, oxumadıqları üçün pul alırlar. Semestr imtahanlarında isə əsl həngamə başlanır. Bildirirlir ki, imtahanlar zamanı Kollecdə əsl bazar açılır. Müəllimlər isə qiymətlərin baha olduğuna etiraz edən tələbələrə “ direktorun faizi çoxdur, bizə bir şey qalmır” deyərək cavab verirlər.
Aldığımız məlumatlara görə kollecin direktoru İlham müəllim idarəetmə prinsipində pul əsas meyardır. Hətta vəziyyət elə acınacaqlı hal alıb ki, nəinki tələbələr, hətta müəllimlər də narazılıq edirlər. Adlarının çəkilməsini istəməyən müəllimlər bildirir ki, artıq pedaqoji kollektiv İlham müəllimin rüşvət mexanizminin bir hissəsi olmaq istəmirlər. Kollecdə baş verənlər müəllim adına heç də baş ucalığı gətirmir.
Verilən məlumatlarda bildirilir ki, son imtahan sesiyasında Kollecdə daha dəhşətli vəziyyət hökm sürüb. Az qala sesiya müddətində tələbələrdən aldığı nəfəsə görə də rüşvət umublar.
Məlumatlara görə, bu kollecdə imtahanların qiyməti fənlərə və müəllimlərə görə dəyişir. Belə ki, hər bir fənnin və həmin fənn üzrə dərs deyən müəllimin “özünün” qiyməti var ki, tələbələr də artıq bunları çox gözəl bilirlər. Bundan başqa isə, kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda qeyd olunur ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100 manatdan başlanır. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr dərsə davamiyyətə məhəl qoymurlar.
Daxil olan məlumatlardan belə məlum olur ki, kollecdə təhsildən başqa hər şey inkişaf edir. Bu isə təhsilimizə vurulan ağır zərbədir. Təhsil Nazirliyi və digər aidiyyatlı qurumlar isə nədənsə hələ də bu acınacaqlı duruma seyrçi mövqedə dururlar.
PS. Mənbədən aldığımız məlumatlarda bildirilir ki, imtahan prosesi vaxtlarında və yaxud istənilən şikayətçinin problemləri zamanı Təhsil Nazirliyindən, yəni Yaqub müəllimin rəhbərlik etdiyi şöbədən gələn yoxlamalar direktor tərəfindən Şamaxıda yerləşən "Dostluq" restoranında "dostcasına" yola salınır.

Rubrika.Az

Şərhlər

XƏBƏR LENTİ