XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Tovuzda məmur özbaşınalığı bir sahəni necə batırır? - İTTİHAM VAR

Tovuzda məmur özbaşınalığı bir sahəni necə batırır? - İTTİHAM VAR

Tovuzda məmur özbaşınalığı bir sahəni necə batırır? - İTTİHAM VAR
15-02-2017, 09:33

Elektron poçtumuza Tovuz rayon sakinləri adından müraciət daxil olub. Həmin müraciətdə Tovuzun təhsil sistemində yaşanan neqativ hallara xüsusi yer verilir, baş alıb gedən qanunsuzluqlardan əməlli-başlıca bəhs olunur. Müraciət müəllifləri vurğulayırlar ki, 2012-ci ildən Tovuz təhsilinə rəhbərlik edən Validə Hüseynovanın fəaliyyəti, hal-hazırda rayon ictimaiyyəti tərəfindən məqbul qiymətləndirilmir. Sakinlərin iddialarına görə, o, qeyd olunan ildən yarıtmaz fəaliyyəti ilə bu sahənin həm məhvinə, daha çox isə geriləməsinə səbəb olmuşdur. Bir müddət bundan əvvəl, adı çəkilən rayonun təhsilində yaşananlar haqda tənqidi açıqlama dərc edərkən onu da vurğulamışdıq ki, Validə Hüseynova 2010- cu il parlament seçkilərində deputatlığa namizəd oldu və amma MM-də əyləşə bilmədi. Buna baxmayaraq o, çox keçmədi ki, hansısa himayədarının “dobro” deməsindən sonra, Tovuz təhsilinə rəhbərlik etmək ixtiyarını da qazana bildi. Əldə etdiyimiz məlumatlara görə onun əsas istəyi rayonun təhsilinə rəhbərlik etmək yox, daha çox deputat olmaq imiş. Odur ki, həmin vaxtdan bir neçə il keçsə də, Validə xanım hələ də həmin günlərin uğursuz ab-havasını unuda bilmir. Onu da vurğulayaq ki, Validə xanım Tovuz təhsilinə rəhbərlik etdikdən sonra məktəblərdə şagirdlərin dərslərə davamiyyətləri xeyli aşağı düşür. Hal-hazırda müəllimlərin tam əksəriyyəti repetitorluq fəaliyyəti ilə məşğul olduqlarından, onlar şagirdləri öyrətmək istəmirlər, yuxarı sinif şagirdlərinin əksəriyyəti isə dərsələrə getmirlər. Məktəb direktorları müəllimlərdən “xərac” yığırlar və şagirdlərin dərslərdən yayınmalarına göz də yumurlar. Təbii ki, yaxın vaxtlara qədər Tovuz təhsilinə müdirlik edən Validə xanım bütün bunlardan xəbərdar olub və onun belə bir məsələlərdə marağı olduğu üçün o, bir kimsəni heç vaxt cəzalandırmağa cəhd belə göstərməyib. Rayonun Mülkülü, Xatınlı, Qaraxanlı, Bozalqanlı, Azaflı, Əsrik Cırdaxan kənd tam orta məktəblərində və digər təhsil ocaqlarında yaşanan ab-hava, artıq dözülməz həddə çatıb. Əksər məktəblərdə istiliklə bağlı ciddi problemlər yaşansa da, problemin varlığı əksər hallarda Validə xanımı heç də narahat etməyib Validə Hüseynovanın qol qoyduğu qanunsuzluqlardan biri də, rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış büdcə vəsaitlərini təyinatı üzrə xərcləməməsi və minbir yollarla ələ keçirməsi də olub. Belə bir səbəblər üzündəndir ki, bu gün rayonun mərkəzi ərazilərində, kənd və qəsəbələrində, iri yaşayış məntəqələrində fəaliyyət göstərən təhsil müəssisələrindən bəziləri bərbad haldadır. Hər il avadanlıqlar almaq məqsədilə büdcədən ayrılan vəsaitlərə, heç də yeni avadanlıqlar alınmır. Məhz, ötən illərdə alınmışlar təmir olunaraq qaydaya salınır və rəsmi sənədlərdə yeniləri alınıb deyə sənədləşdirilir. Təhsilə ayrılan yanacağın “qeybə çəkilməsi” də, başqa bir söhbətin mövzusudur. Digər bir məqama da diqqət yetirək. Validə xanım adı çəkilən təhsil şöbəsinə müdir təyin olunduqdan sonra, təhsil şöbəsinin bütün strukturlarında nəzarəti tam ələ keçirir. Bu da ona digər vəzifə sahiblərinin hansısa maxinasiyalara qol qoymalarına, nəsə əldə etmələrinə imkan vermir. Onun belə bir addımlarının nəticəsi o olur ki, əldə olunan gəlirlər bir əldə cəmləşir və onun özünə çatdırılır. Məsələn, əgər bir kimsə yaxınını təhsil şöbəsinə hansısa işə düzəltmək istəyərsə, o zaman o, "get “haqq-hesab”ı düzəlt gətir, mən özüm həll edəcəyəm” deməkdən də çəkinmir.
Bir sözlə onun rəhbərliyə təyinatından sonra Tovuz təhsilində həyacan təbili çalındı, əksər direktorlar daşıdıqları vəzifələrinə “əlvida” dedilər, peşəkar müəllimlərin çoxu olmazın oyunlara da salındılar. Baş verən və daha çox narazılıq hissinin əmələ gəlməsinə səbəb olan amillərdən biri də, dərs saatlarının bölgüsü zamanı ədalətsizliyə yol verilməsi hallarının varlığıdır. Onun müdir təyinatından sonra, təhsil şöbəsinin giriş qapısına "zabor” çəkilməsi, mühafizəçi yerləşdirilməsi və mühafizəçilərə xüsusi tapşırıqlar verilməsi və s-də, əslində ciddi müzakirəyə səbəb olan problemlərdən birinə çevrildi. Məhz, ona görə ki, Tovuz rayon Təhsil Şöbəsi qapalı müəssisələrdən biri deyil ki, ora daxil olmaq üçün hansısa rəhbər şəxsdən, yaxud da mühafizəçidən xüsusi icazə almağa ehtiyac duyulsun. Çünki qanunvericiliyin tələbinə görə, təhsil şöbələri açıq müəssisələrdən biri hesab olunur və belə bir səbəblər üzündən də, ora daxil olmaq, yaxud da oradan çıxmaq üçün, bir kimsədən icazə almaq tələb olunmamalıdır Əvvəla onu qeyd etmək yerinə düşər ki, Validə xanımın bu cür idarəçiliyi tətbiq etməkdə məqsədi, heç də onun Tovuz təhsilinin qayğısına qalmaq deyil, sadəcə olaraq qol qoyduğu çoxsaylı qanunsuzluqların daha çox mediaya sızmasının qarşısını almağa hesablanmış addımlarıdır. Çünki, əldə etdiyimiz məlumatlara görə, o, təhsil şöbəsində əməlli-başlıca "bazar” açıb. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Araşdırmalarımız davam edəcək. Odur ki, bizi izləməyi unutmayın.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.