SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lerikdə TORPAQ DAVASI - Kim haqlıdır?

Lerikdə TORPAQ DAVASI - Kim haqlıdır?

Tarix:

15-08-2017, 14:58

/ 60 499 dəfə oxundu.
Lerikdə TORPAQ DAVASI - Kim haqlıdır?

Lerik rayonunun Monidigah kənd sakini Faiq İbadova məxsus torpaq sahəsi həmkəndlisi Fuad Bayramov tərəfindən zəbt olunub. Bu şikayətlə virtualaz.org-un redaksiyasına F.İbadov müraciət edib. Şikayətçi deyir ki, ona məxsus 4 sot torpaq sahəsini zəbt edən şəxsə kəndin icra nümayəndəsi Sulduz Abdullayev də kömək edib.

Kənddəki evinin uçmaq təhlükəsi ilə üzləşdiyini deyən şikayətçi bildirir ki, bu səbəbdən 2003-cü ildən qohumlarının dəstəyi ilə Sumqayıtda məskunlaşıb.

“Atam İbadulla İbadov artıq ağır fəhlə işi görə bilmir və kəndə qayıtmaq istəyir ki, təsərrüfatla məşğul olsun. Amma gəlib gördük ki, onun adına olan 58 sot torpaq sahəsinin 4 sotu qonşumuz F.Bayramov tərəfindən zəbt edilib. O, hərbi hissədən silah oğurlayıb satdığına və qaynanasını bıçaqladığına görə iki dəfə həbsdə yatıb. İndi bizi və atamı həbsxana yoldaşları ilə hədələyir, deyir ki, övladlarını Sumqayıtın küçələrində axtaracaqsan”, - deyə F.İbadov bildirir.

Şikayətçi bildirir ki, İbadulla İbadovun adına olan torpağın 30 sotu həyət kimi, digər 28 sotu isə pay və bələdiyyə torpağı kimi rəsmiləşdirilib: “Bizə sonradan məlum oldu ki, F.Bayramov və qardaşı Arzuman Bayramov həmin torpaqda ferma tikmək istəyirlər. Bu işdə kəndimizin icra numayəndəsi Sulduz Abdullayev onlarla əlbirdir. Dövlətin bizə verdiyi torpağın şəhadətnaməsinin sxeminin bir hissəsini S.Abdullayev cıraraq götürüb ki, rahatlıqla F.Bayramova versin”.

Şikayətçinin bildirdiyinə görə, avqust ayının 3 və 4-də Lerik RİH başçısının birinci müavini Cəlil Baxşıyevin qəbulunda olublar. İcra rəsmisi bələdiyyə nümayəndəsi Cəsarət Abdullayev və icra nümayəndəsi Sulduz Abdullayevə bu şikayəti həll etmək üçün tapşırıq versə də, məsələ hələ də öz həllini tapmayıb.

Problemlə bağlı araşdırma aparmaq üçün qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik. Şikayətdə adı çəkilən icra nümayəndəsi Sulduz Abdullayev isə problemin ona aidiyyatının olmadığını bildirdi: “Bu problemin mənə aidiyyatı yoxdur. Məhkəməyə müraciət eləsinlər, məhkəmə məsələni aydınlaşdırsın”, - deyə icra nümayəndəsi qeyd edib.

Rayonun bələdiyyə üzvü C.Abdullayev isə həmin torpaq sahəsinin qanunsuz olaraq zəbt olunduğunu dedi: “Əslində İ.İbadova məxsus 58 sot torpaq sahəsinin yalnız 30 sotu qanunidir. F.İbadovun iddia etdiyi həmin torpaq sahəsi əslində bələdiyyə torpağıdır və həm o, həm də digər şəxs F.Bayramov həmin ərazini qanunsuz zəbt edib. Onlara bələdiyyə tərəfindən avqust ayının 17-nə kimi vaxt verilib ki, hasarladıqları ərazini söksünlər. Əks halda, hasar bələdiyyə tərəfindən söküləcək”, - deyə C.Abdullayev bildirib.

Lerik RİH başçısının birinci müavini Cəlil Baxşıyev də virtualaz.org-a bələdiyyə nümayəndəsinin dediklərini təsdiqlədi. Şikayətçini qəbul etdiyini deyən C.Baxşıyev bildirdi ki, həmin ərazi məhkəmə qərarı ilə F.Bayramovdan alınacaq. Amma şikayətçi F.İbadova da verilməyəcək: “Kənddə İbadovlar ailəsinə məxsus 30 sot torpaq sahəsi var, qalan ərazi qanunsuz zəbt olunan bələdiyyə torpağıdır. F.Bayramov da ərazini qanunsuz hasarlayıb, ona görə də, həmin hasar söküləcək. Amma o torpaq F.İbadova da verilməyəcək. Doğrudur, kənd sakinləri bələdiyyə torpaqlarını icarə müqaviləsi ilə istifadə edə bilərlər. Amma şikayətçi F.İbadov, demək olar ki, 30 ildir kənddə yaşamır. Biz ona bu faktı demişik, amma qəbul eləmək istəmir”, - deyə C.Baxşıyev qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ