SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Son illərdə ölkədə siyasi dialoqla bağlı çox mühüm işlər görülüb

Son illərdə ölkədə siyasi dialoqla bağlı çox mühüm işlər görülüb

Tarix:

27-03-2023, 17:14

/ 172 dəfə oxundu.
Son illərdə ölkədə siyasi dialoqla bağlı çox mühüm işlər görülüb

 
 Məlumdur ki, ölkəmizdə çoxşaxəli islahatlar aparılır və bu, islahatlar təbii olaraq siyasi sistemi də əhatə edir. Azərbaycanda parlament seçkilərindən sonra  Prezident İlham Əliyev parlamentin ilk iclasında çıxışı zamanı məhz siyasi sistemin inkişafı ilə və çoxpartiyalı sistemə keçidlə bağlı fikirlərini ifadə etdi. Müvafiq dövlət qurumları da bu prosesi həyata keçirməkdədir. Qeyd edilməlidir ki, son iki il ərzində siyasi dialoqa bağlı çox mühüm işlər görülüb, bu istiqamətdə zəruri addımlar atılıb.
İqtidar tərəfindən siyasi dialoqa dəvət olunan bütün siyasi partiyalar ölkədə öz problemlərini, vəziyyəti və əməkdaşlığın hansı istiqamətlərdə ola bilməsi zərurətini iqtidar nümayəndəsinə çatdırıb və bu proses artıq inkişaf edir. Sözügedən dialoq başladıqdan sonra bəzi siyasi partiyalar qeydiyyata alınıb, bəziləri öz fəaliyyətini həyata keçirmək üçün müvafiq qərargahlarla təmin ediliblər.    
Bu proses davam edir  və daha da dərinləşir. Dövlət başçısı Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı dialoq prosesinin müsbət dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Prezident qeyd edib ki, “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”
Siyasi dialoq artıq narahatçılıq doğuran məsələlərin bilavasitə iqtidarın nümayəndələrinə çatdırmaq, siyasi partiyalar üçün yeni bir şəraitin təmini ölkədə yeni konfiqurasiyanın yaradılmasına imkan verdi. Ölkə başçısının da qeyd etdiyi kimi “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var”.
Qeyd edilməlidir ki, Vətən müharibəsi dövründə Azərbaycan unikal bir milli həmrəylik və birlik sisteminin formalaşmasına nail oldu. Hətta bu, bir sıra ölkələrin diqqətini cəlb etdi və bizə oxşar vəziyyətdə olan ölkələrdə Azərbaycanı çox yaxşı bir nümunə kimi təqdim edib, öz problemlərinin həllində milli birlik, vahid bir düşüncəni, gücü ortaya qoymaq barədə fikirlər səsləndirdilər. Azərbaycan üçün əslində müharibədən sonra çox mühüm bir yeni dövr başladı. Burada ilk növbədə Qarabağın bərpası və Böyük Qayıdış proqramları qeyd edilməlidir. Bununla yanaşı, ölkəmizin çox çətin pandemiya dövründə inkişafı üçün iqtisadiyyatın şaxələndirilməsi də prioritet təşkil edir. Bu mənada milli, dövlət maraqları istiqamətində həmrəyliyə böyük ehtiyac var və bu istiqamətdə də həmrəylik qorunub saxlanılmalı, inkişaf etdirilməlidir.
 Ölkəmizdə aparılan siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna, iştirakçılığının artmasına da təsir göstərib.     Ölkədə həyata keçirilən siyasi islahatlar digər islahatlarla yanaşı davam edəcəkdir. Azərbaycanı güclü bir dövlətə çevirmək üçün bunlar zəruri sayılan amillərdir. Məqsəd isə güclü Azərbaycan, Azərbaycan xalqının rifahı, ən əsası Azərbaycanı güclü sözə, imkanlarına malik olan bir dövlətə çevirməkdir.
 
Elşən Manafov   -  siyasi sərhçi, politoloq
 

Şərhlər

XƏBƏR LENTİ